Bu gün Fərman Kərimzadənin doğum günüdür

 ferman-kerimzade.jpgÖz istedadı ilə tariximizi nəsrləşdirmiş, kinolaşdırmış, rəsmləşdirmiş, xarakterik keyfiyyətlərilə ədəbi-ictimai mədəniyyətimizə parlaq rənglər qatmış Azərbaycanın böyük yazıçısı Fərman Kərimzadənin bu gün doğum günüdür.Türk dünyasının gorkəmli ədibi,qüdrətli söz ustası, Doğum Günün Mübarək !
Şaftalı çiçəkləri və bir də “Axırıncı aşırım”

O, ömrün aşırımlarını aşa bilməsə də, tarixin aşırımlarını aşacaq və ədəbiyyatımızda əbədi qalacaq

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İndi nə Vedi var, nə Böyük Vedi, nə də Fərman Kərimzadə… Bizə qalan vedililərin xatirələri, dərdləri, yaşantıları və bir də Fərman Kərimzadənin yazdıqlarıdır…

“Mən belə hökumət tanımıram!”. Bu sözləri də F.Kərimzadənin qəhrəmanı Kərbəlayi İsmayıl deyir. Ədib 1967-ci ildə bu sözləri yazanda sovet hökumətinin qılıncının tiyəsinin də, qəbzəsinin də kəsdiyi vaxtlar idi. Qırmızı ilğımın puç və əfsanə olduğunu yazıçı fəhmi ilə çoxlarından əvvəl o duymuşdu. “Qarlı aşırım” romanı ilə aldanmış insan selini dayandırıb bəylikdən köləliyə sürüklənən bir xalqa aşırımın o üzündəki həqiqətləri göstərmək istəyirdi…
İllər keçdi, ilğım dağıldı, ədəbiyyatımızda və kinomuzda “Qarlı aşırım” (“Axırıncı aşırım”) qaldı…

Tarix içində tarix

İllər öncə isə F.Kərimzadəni böyük ədəbiyyata gətirən iki səhifəlik “41 nömrəli ayaqqabı” hekayəsi olmuşdu. “Son eksponat”, “Toy toğlusu”, “Mis qazan”, “Talada”, “Ümid”, “Xınalı” hekayələri, “Xallı maral”, “Toy dəvətnaməsi” povestləri böyük uğur qazansa da, yazıçı daha çox “Qanlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü” kimi tarixi romanların, “Təbriz namusu”, “Qoca qartalın ölümü” əsərlərinin müəllifi kimi tanındı və sevildi.
Onun həyatı ədəbiyyata gətirdiyindən, yaradıcılığında obrazlar qalereyası da olduqca real və zəngindir. Ziddiyyətli, koloritli obrazlar, min illərin o üzündəki tarixi məqamlar və yaşantılar, xalqın milli və mənəvi yüksəlişi, uğurlar və məğlubiyyətlər, şərlə xeyrin amansız mübarizəsi və bütün bunların fonunda yazıçı şəxsiyyəti. O, sənətkar kimi də, şəxsiyyət kimi də vaxtdan ucada dayanmağı bacardı. Çünki həmkarları dövrün ədəbi əsərlərini yazanda, o, yaddaşımızın üstünə çökmüş hisi, pası, unutqanlıq qalıqlarını bir kənara atıb əsl ədəbiyyat nümunələri yaratdı.
Doğrudan da, yazıçının ədəbi taleyi ilə şəxsi taleyi arasında qəribə bir oxşarlıq vardı. Əsrlər boyu xalqının başına gələn dərdlər, faciələr, bəlalar onun da taleyindən yan keçmədi. 1948-ci ildə başlanan deportasiyada onun da nəsli, el-obası yurd-yuvasından didərgin düşdü. F.Kərimzadə də bu taleyi yaşadı. Ancaq illər keçsə də, Vedini unuda bilmədi. Ağrı dağının ağrılarını ürəyində daşıdı. 1988-1989-cu illərdə Vedinin qara günləri yenidən başladı. Bu dəfə dərd batmanla gəldi. Bu dəfə Vedidə bir nəfər də azərbaycanlı qalmadı.

O, Ağrı dağının özü idi

Fərman Kərimzadə Vətənini çox sevirdi. Bu, özgə bir sevgi idi. Bəlkə ona görə də xalqının başına gələn fəlakətlərin kökünü keçmişdə axtarırdı. O, Vedibasarın sözə qarışıb qələmlə döyüşən sərkərdəsi, başındakı tüstü-dumanı ilə elə bil Ağrı dağının özü idi. Vedinin adı çəkilən kimi gözündə yaş gilələnir, dilindənsə ürəkləri titrədən bayatı qopurdu:
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar,
Burda bir el var idi,
Siz deyin, hanı dağlar?!
Çox az adam bilir ki, bu bayatının müəllifi F.Kərimzadədir.
O, yazıçı olmamışdan əvvəl rəssam idi. Şair Musa Yaqubun sözləri ilə desək, “Fərman rəssam təfəkkürü, şair zərifliyi ilə nəsrimizə bir şirinlik gətirdi”.
Deyirlər, F.Kərimzadə bahar çağı çiçəkləyən şaftalı ağacını çox sevərdi. Bəlkə ona görə ki, çiçəkləyən şaftalı ağacı insanın çəhrayı arzularına bənzəyir. O, ömrü boyu ağlı-qaralı dünyadan çəhrayı rəngə doğru can atdı. Arzuları, əməlləri, istəkləri şaftalı ağacının çiçəkləri kimi işıq saçdı. Baharda dünyaya gələn sənətkar elə baharda da – 1989-cu il mayın 17-də dünyasını dəyişdi.
Bizə qalan isə əsərləri və “Qarlı aşırım” romanı əsasında rejissor Kamil Rüstəmbəyovun 1971-ci ildə ekranlaşdırdığı “Axırıncı aşırım” filmi oldu. O film ki, Azərbaycan kinosunun şah əsərlərindən biridir.
Nə vaxtsa qarşınıza qarlı bir aşırım və ya çiçək açmış şaftalı ağacı çıxsa, Fərman Kərimzadəni xatırlayın…

T.Vahid

Əlaqəli xəbərlər