Azərbaycanda internet niyə zəifdir? – Ekspert açıqladı

546961.jpg


Son dövrlər ölkə ərazisində internetin keyfiyyəti ilə bağlı ciddi problemlər yaşanır. Hətta bəzi provayderlərin internet təminatında qısa fasilələr də müşahidə olunur. Bir sıra özəl provayderlər isə bu problemin onlardan qaynaqlanmadığını bildirirlər.


Məsələ ilə bağlı Araz.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, internetin aşağı səviyyədə xidmət göstərməsinin əsas səbəblərindən biri dövlət və özəl provayderlər arasındakı rəqabət şəraitinin bərabər olmamasıdır:

“Azərbaycanda internetin keyfiyyət problemi var. Bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin keçmiş müavini Elmir Vəlizadə açıqlamasında ölkəmizdə internetin keyfiyyətsizliyinin, sürətinin aşağı olmasının və internetdə virusların yayılmasının modemlərin düzgün işləməməsi ilə əlaqəli olduğunu deyib. Hesab edirəm ki, bu, səbəb ola bilməz.

İnternetin sürətinin yüksək olması üçün lazım olan yeraltı kabel kanalizasiya sistemindən istifadədə bəzi problemlər yaşanır. Dövlətə məxsus olan yeraltı kabel kanalizasiya sistemindən özəl və dövlət provayderlərinin bərabər əsaslarla istifadəsi üçün şərait yoxdur. Bu şəraiti də “Baktelekom” yaratmalıdır. Dövlət provayderlərinin o qədər imkanı yoxdur ki, bütün əhalini, eləcə də qurumları internetlə təmin etsin”.

Ekspertin sözlərinə görə, bu sahədəki problemlərin digər bir səbəbi yüksək sürətli internet üçün lazım olan resursların daha çox dövlətə məxsus olmasıdır:

“Dövlətə məxsus resursların tarifləri qanunsuzdur. Çünki bunu Tarif Şurası yox, “Baktelekom” təsdiqləyib. İnternet resursları “Baktelekom”un özünə məxsusdur və tarifləri də özü müəyyənləşdirir. 1 kvadratmetrlik əraziyə internet avadanlığını yerləşdirmək üçün özəl provayderlər ayda 250 manat pul ödəməlidir. Bu sahədə normal rəqabətin təmin olunması üçün dövlət provayderlərinin üstün mövqeyini tarazlamaq lazımdır. Ona görə hesab edirəm ki, nazirlik dövlət və özəl provayderlər üçün bərabər şərait yaratmalıdır. Çünki bu prosesi hələlik nazirlik tənzimləyir”.

O.Gündüz “Baktelekom”un həm provayder kimi xidmət göstərməsinin, həm də tarif müəyyənləşdirməsinin düzgün olmadığını xatırladıb:

“Əslində, “Baktelekom” yalnız tənzimləmə ilə məşğul olmalıdır. Strateji yol xəritəsində qeyd olunub ki, 2020-ci ildə internetin tənzimlənməsi məsələsi nazirliyin əlindən alınacaq və müstəqil tənzimləyici qurum yaradılacaq. 2020-ci ilə qədər isə bu sahədəki problemlərin həlli üçün nazirlik qayda-qanun yaratmalıdır.

Bu sahədə yaşanan problemlərin bir qismi də özəl provayderlərdən qaynaqlanır. Belə ki, özəl provayderlər insanları “çəkidə aldatmaqla” məşğuldur. Yəni bu provayderlər öz müştərilərinin sayına uyğun olan sürət vermirlər – az sürəti çox adama satırlar. Təəssüf ki, bu məsələlərə nəzarət yetərli səviyyədə deyil.

Azərbaycana interneti “Deltatelekom” və “Azərtelekom” gətirir. Bu iki şirkət ölkədə interneti sata bilmədiyinə görə məcbur olur ki, interneti Gürcüstana, İrana, yaxud da başqa ölkələrə satsın”. Axar.az

Əlaqəli xəbərlər