Alqış Musayev: “Bu seçkilər hamı üçün bir şansdır” – MÜSAHİBƏ

Alqis Hesenoglu2006201801“Növbədənkənar parlament seçkiləri cəmiyyətimizə ciyərdolusu nəfəs alıb, rahatlaşması üçün bir imkan tanıyacaq”

 “Gənc kadrları irəli çəkməklə yanaşı, idarəetmə prinsiplərinin ritmini də gəncləşdirmək lazımdır”
 
 
Milli Məclisin II çağırış deputatı olmuş, “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru, - filologiya üzrə fəlsəfə doktoru Alqış Musayev (Həsənoğlu) “Şərq”in suallarını cavablandırıb. Sabit millət vəkili ilə Azərbaycan parlamentinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi, seçkilərə göstərilən böyük maraq və özünün bu marafona yenidən qatılıb-qatılmayacağı barədə danışdıq. Bundan başqa, həmkarımızla ölkədə aparılan kadr və struktur islahatları, mətbuatın hamilə olduğu dəyişikliklər, klassik və onlayn media arasındakı keyfiyyət fərqi mövzularına da diqqət çəkdik. 
 
Həmçinin onunla Azərbaycanın qonşu ölkələrlə, məxsusi olaraq Rusiya ilə əlaqələrinin inkişafı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskva səfəri və bu səfərin Rusiya-Azərbaycan münasibətlərinin yüksəlməsinə töhfəsi ətrafında maraqlı fikir mübadiləsi apardıq. Bundan əlavə, A.Həsənoğlu ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər, münaqişənin həlli yolları, Türkiyə-Azərbaycan əlaqələrinin möhkəmlənməsi, bununla da hər iki ölkənin beynəlxalq nüfuzunun artması və bu artan imicin Dağlıq Qarabağın həllindəki rolu haqqında maraqlı müzakirə apardıq.
Söhbəti təqdim edirik. 
 
- Yeni Azərbaycan Partiyası (YAP) deputatlarını parlamentdən geri çəkdi. Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət etdilər. Nəhayət ki, parlament buraxıldı. YAP-ın bu təşəbbüsünü necə dəyərləndirirsiniz və bunu zəruri edən nə idi?
 
- Təbii ki, bu addımı birmənalı olaraq dəstəkləyirəm.  Deyim ki, ümumiyyətlə, cəmiyyətin növbədənkənar seçkilərə münasibəti çox müsbətdir. Demək olar ki, artıq seçki dönəmi başlayıb. Proseslərə start verilib. Zənnimcə, hazırda seçkiləri zəruri edən səbəbləri araşdırmağa, müzakirə etməyə enerji və vaxt sərf etməyinə dəyməz. İrəli baxmağa çalışmalıyıq. Bu gün növbədənkənar seçkilərin dövlətimizə, cəmiyyətimizə verə biləcəyi  xeyirdən  danışmaq  daha məqsədəuyğun olardı. Düşünürəm ki, bu seçkilərin bir neçə yöndə  faydası var.
 
- Məsələn?
 
- Nəzərə alaq ki,  sosial-siyasi, iqtisadi proses nəticəsində zaman-zaman, qanunauyğun olaraq  cəmiyyətin müxtəlif  laylarında müəyyən, həm də qarışıq tərkibli  enerji toplanır. Və o enerji yeri gəldikcə, qeyd-şərtsiz cəmiyyətin canından müxtəlif yollarla çıxarılmalıdır. Bu yolların da biri və  ən mükəmməli elə seçkidir. Həmin enerji pozitiv istiqamətə xərclənməyəndə və pozitiv yollarla neytrallaşmayanda çöküntü verir, sosial  xilta və siyasi  gərginliyə çevrilir.
Bu baxımdan növbədənkənar parlament seçkiləri cəmiyyətimizə ciyərdolusu nəfəs alıb, rahatlaşması üçün bir şans tanıyacaq. Digər tərəfdən, biz seçki mədəniyyətindən, seçki vərdişlərindən danışırıq və bir çox hallarda gileylənərək danışırıq. Axı seçki prosesini yaşamadan, onun ən xırda detallarını mənimsəmədən, onun doğurduğu həyəcanı bölüşmədən, təlqin etdiyi məsuliyyəti paylaşmadan seçki mədəniyyətini neçə yüksəltmək olar,  oturuşmuş seçki vərdişlərinə sahiblənmək olar? Ona görə də bu seçkilər  seçki mədəniyyətinin, təcrübəsinin  zənginləşdirilməsi üçün növbəti bir imkan kimi dəyərləndirilməlidir.
Xüsusi ilə vurğulayım ki, bu seçkilər həm də siyasi partiyaların inkişafı üçün müstəsna  bir ortam  yaradır. Razılaşaq ki, hər bir seçki prosesi siyasi partiyalar üçün təlim-məşq platforması  rolunu oynayır. Bu seçkilərdə hər bir partiya öz sıralarına profilaktik baxış keçirə, elektoratını  etibarlılıq testindən keçirə bilər və keçirməlidir. Düzdür, hazırda bəzi partiyalar seçkidən yayınmaq üçün bəhanələr axtarmağa başlayıblar. Amiranə tonda  təkliflər irəli sürürlər: bu olmalı, seçki məcəlləsi dəyişdirilməli, o olmalıdır və sair... Bu cür yanaşmaq yolverilməzdir.
Siyasi partiya - sözsüz ki, özünə güvəni olan partiyalardan söhbət gedir - istənilən məqamda, istənilən şərtlər daxilində seçkilərə hazır olmalıdır və heç bir şərt irəli sürmədən prosesə qoşulmalıdır. Bu şeçkilər hamı üçün  bir şansdır və bu şansdan maksimum dərəcədə bəhrələnmək vacibdir.
 
- Cənab Prezidentin Konstitusiya Məhkəməsinə müraciətindən sonra məsələnin legitimliyi təsdiqləndi və artıq fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu xəbər təsdiqini tapar-tapmaz real və virtual cəmiyyətdə hər kəs seçkilərə qatılacağını elan etdi. Sanki cəmiyyətdə bir yüksək ab-hava, böyük ümid var seçkilərə. Bu enerji dolu yanaşma nədən irəli gəlir?
 
- Tamamilə doğrudur, müşahidələr göstərir ki, bu seçkilərə maraq, özü də aşırı həddə bir maraq var. Qeyd edim ki, tarixi təcrübə və əsrlər boyu sınaqdan çıxan sosial normalar sübut edir ki, xalqların inkişaf  tarixində bəzən elə bir zaman kəsimi olur ki, çəkinmədən, ehtiyat etmədən cəmiyyətin istədiyini nəinki vermək, hətta bir az da artıqlaması ilə vermək lazımdır. Mənim qənaətim budur ki, yaxın 20 ildə insanlara yalnız tez-tez seçki həyəcanı yaşatmaqla sabit inkişaf xəttini qorumaq və inkişaf etdirmək mümkün olacaq. Razılaşmalıyıq ki, dünya emosiyalarla yönləndirilir. İnsanı yalnız onun hissləri vasitəsi ilə idarə etmək olar... Xüsusən də şərqli insanı.  Əlbəttə ki, bu indinin yox, gələcəyin işidir, məsələn, qəbul edilə biləcək yeni konstitusiyada Parlamenti iki palatalı (yuxarı və aşağı) sistemdə formalaşdırmaq olar. Aşağı palataya hər üç ildən bir seçki keçirilməsi bir çox sualları çözə bilər. Məncə, hazırkı dövrdə Azərbaycan dövlətini növbəti mərhələyə sağ-salamat və daha güclü halda da daşımağın bir yolu var: seçki.
 
- Cəmiyyətdə, eləcə də sosial mediada belə bir fikir formalaşıb ki, yaşı çox olan məmurlar, vəzifəlilər istefa verməlidir. Amma bəzən gənclərin təcrübəsizliyinin də şahidi oluruq. Yəni "Bu yaşlıdı getməlidir, istefa verməlidir" yanaşması doğrudurmu?
 
- Yaş məsələsi təkcə siyasi hakimiyyətdə təmsil olunanlar üçün deyil, hər bir kəs üçün   həssas  bir məqamdır. Vaxt dayanmır. Hər gün ömürdən gedir. Getdikcə yaşlaşırıq. Öncə bilməliyik ki, təbiətdə əbədi heç nə yoxdur.  Biz istədik-istəmədik, razılaşmalıyıq ki, yaş özünü göstərir və heç kimə güzəştə getmədən öz işini görür.
Qəbul etməyə məhkum olunduğumuz bir gerçəklikdir ki, illər keçdikcə insanın fiziki və əqli imkanları tükənir. Ona görə də yaşlı kadrların gənclərlə əvəzlənməsinə şüurlu baxmaq  gərəkdir.  Amma yaşlı nəslə layiq olduğu, haqq etdiyi  ehtiramı göstərmək şərtilə. Yəqin izləyirsiniz ki, cənab Prezident çıxışlarında, müsahibələrində  əhali ilə birbaşa təmaslarında  belə incəliklərin dəqiq izahını verir: “Yenilənmənin yaşlı nəslə qarşı bir kampaniyaya çevrilməsinə yol vermək olmaz!”
Unutmayaq ki, təcrübə illərlə gəlir, yaşlı olmaq həm də təcrübəli olmaq deməkdir.
Bir də ki, gəncləşmə təkcə yaş amiliylə özünü təsdiqləyə bilməz.
Gənc kadrları irəli çəkməklə bahəm idarəetmənin prinsiplərini, ictimai-siyasi münasibətlər sisteminin ritmini  gəncləşdirmək gərəkir. Ab-hava gəncləşməlidir. Belə olarsa, gəncliyin enerjisi və yaşlı nəslin təcrübəsi birlikdə islahatlara   böyük töhfələr  verə bilər.
 
- Növbəti dəfə parlament seçkilərinə qatılmaq fikriniz varmı? Varsa, yenidən seçiləcəyinizi ehtimal edirsinizmi?
 
- Bilirsiniz ki, mən YAP-ın üzvüyəm. 2-ci çağırışda millət vəkili seçilmişəm. Hazırda hər şey partiya sədrinin, ölkə prezidentinin mövqeyinə bağlıdır. Siyasi komandanın tərkibini bir qayda olaraq  partiya sədri özü seçir və tərtib edir. Kim hakimiyyətin hansı qolunda, harada  və hansı statusda təmsil olunur, bu məsələ cənab Prezidentin qərarından asılıdır. Belə bir tapşırıq olacaqsa, seçkidə məmnuniyyətlə iştirak edəcəyəm, tapşırıq olmasa, təbii ki, seçkiyə namizəd kimi qoşulmayacağam.
 
- Ölkədə birbaşa Prezidentin iradəsi ilə reallaşan kadr və struktur islahatlarını necə dəyərləndirirsiniz? Bu islahatların töhfəsi nədən ibarət olacaq?
 
- İslahatları həyata keçirmək üçün bir sıra vacib şərtlər təmin olunmalıdır. Ən başlıcası siyasi iradə olmalıdır. Və bu iradə var, Prezidentin qəti və prinsipial mövqeyi ortadadır.  Dövlətin potensial gücü olmalıdır, dövlət sözün həqiqi mənasında dövlətli olmalıdır.  Bu potensial, güc də mövcuddur.  Ölkə  əhalisinin islahatlara böyük  dəstəyi olduğu kimi, böyük də gözləntiləri var. İndi əsas məsələ bu gözləntiləri doğrultmaqdan ibarətdir. Bu baxımdan yeni təyin olunan, idarəçiliyə cəlb olunan  gənc kadrlardan çox şey asılıdır. Prezident  Şamaxıya səfəri çərçivəsində “ASAN” Xidmət Mərkəzinin açılışı zamanı yeni məmur obrazını  cızdı: xoş rəftar, nəzakətli davranış və gülər üz. Prezident haqlıdır.
Bu keyfiyyətlərin daşıyıcısı olmadan yeni ideyaların, yanaşmaların tətbiqi mümkünsüzdür.
 
- İslahatların bütün sferaları əhatə etdiyinin şahidiyik. Sizcə, media sahəsində islahatlara ehtiyac varmı və nə kimi addımlar atılmalıdır?
 
- Şübhəsiz! Axı islahat kompleks tədbirlər planı hesab olunur. Bu prosesin uğurla həyata keçməsi üçün yeniliklər  mütləq şəkildə bütün sferaları əhatə etməlidir. Əlavə edək ki, istənilən addımın informativ dəstəyə ciddi ehtiyacı var.  Ancaq mətbuat spesifik bir sahədir. Bu sahənin incəliklərini nəzərə almadan  fikir yürütmək, qərar qəbul etmək çətindir. Bəzən elə olur ki, hakimiyyətin  informasiya siyasəti bir ilin, bir ayın, bir həftənin yox, bir günün, bir anın içində qərar vermək məsuliyyəti tələb edir. Bu zaman elə çevik, həm də tələsik  davranmaq lazım gəlir ki, peşəkar jurnalistin, redaktorun söykəndiyi   prinsiplərə  riayət olunmaya bilər. Unutmayaq ki, hakimiyyətlə mətbuat arasında dədə-baba dövründən qalma bir ziddiyət var. Mətbuat yaradıcılıq sahəsidir. Mətbuatdan fərqli olaraq, hakimiyyət və onun  idarəçilik metodu direktivlərə əsaslanır.
Mətbuat  yenilikçiliyə meyillidir, daha çox ənənəni inkar edərək özünü təsdiqləyir.
Mətbuatdan fərqli olaraq, hakimiyyət daha çox mühafizəkarlığa  söykənir, olanı qoruyub saxlamaqla dövləti möhkəmləndirir, dövlətçiliyi  inkişaf etdirir.
Mətbuat yaradıcı düşüncəni, hakimiyyət isə normativ düşüncəni təmsil edir.
Peşəkar mətbuat üçün  informasiya yalnız informasiyadırsa, hakimiyyət üçün informasiya xarici və daxili siyasət, seçicinin rəyi, reytinq və sair deməkdir.
Peşəkarlıq bir istiqamətə, siyasi yanaşma isə bir neçə istiqamətə hesablanır.
Ona görə də bəzi xırdalıqları nəzərə almadan bu sahəyə qiymət vermək və yeniliklər etmək mümkün  deyil...
 
- Hazırkı dövrün internet erası olması onlayn medianın meydanını xeyli genişləndirib. Bir sözlə, fikir formalaşıb ki, qəzetlər yerini saytlara verməlidir. Bu yanaşma ilə razısınızmı?
 
- Elədir, hazırda onlayn media, sosial şəbəkələr diktə edən tərəfə çevrilib. Bu reallıqdır, amma  heç də yaxşı göstərici deyil. Fikrimcə, onlayn media, sosial şəbəkələr  ictimai fikir yaratmır, o daha  çox ictimai əyləncə funksiyasını yerinə yetirir. İctimai fikir konkretləşmiş qənaətdir, öz ölçü-biçisi, mizan-tərəzisi olan rəydir. Sosial şəbəkələr isə əksinə, iş görür, konkretliyi, ölçü-biçini, nizam-intizamı dağıdır. Bir qədər obrazlı desək, sosial şəbəkə ya hamını, hər şeyi ucdantutma eyni libasla geyindirir, ya da hamını və hər şeyi ucdantutma soyundurur. Yayğınlıq yaradır. Bu da kifayət qədər təhlükəli məsələdir.
Təsəvvür edin ki, fikri, düşüncəsi yayğın adam sükan arxasında əyləşib. Hər an qəza baş verə bilər. Bu gün bir nömrəli vəzifə ictimai düşüncəni, şüuru sosial şəbəkələrin diktəsindən, islahatların gedişini, ahəngini populist ritorikanın cəngindən azad etməkdir. Bu yerdə yazılı mətbuatın üzərinə böyük yük düşür.
Yazılı mətbuat, çap mediası xalqın rəsmi üslubudur. Çap mediasını qoruyub saxlamaq və inkişaf etdirmək günümüzün prioritet istiqamətlərindən biri olmalıdır.
 
- Sayt rəhbərləri qeyd edirlər ki, qəzetlər sıradan çıxsın. Amma şahidi oluruq ki, saytlarda peşəkarlıq problemi var. Halbuki həmin sayt rəhbərləri elə qəzetlərin şinelindən çıxıblar. Ölkədə jurnalistlərin peşəkarlıq səviyyəsi sizi qane edirmi?
 
- Heç bir halda qəzetlər sıradan çıxmamalıdır. Reallıq budur ki, bu gün ictimai fikrə təsir edə bilən  şəxslərin böyük əksəriyyəti yazılı mətbuatın nümayəndələridir. Peşəkarlığa gəlincə, Azərbaycan mətbuatı hazırda cəmiyyətimizin ən çevik və ən işlək strukturudur. Azərbaycan jurnalistləri cəmiyyətimizin ən vətənpərvər kəsimidir.  Eyni zamanda peşəkarlıqla bağlı bəzi problemlər də var.
Yəqin ki, media sahəsində aparılan islahatlar nəticəsində bu problemlərin həlliylə bağlı müəyyən imkanlar yaranacaq.
 
- Azərbaycanın qonşu ölkələrlə, məxsusi olaraq Rusiya ilə münasibətlərində inkişaf, irəliləyiş aydın şəkildə müşahidə olunur. Hətta ötən günlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Rusiyaya səfər etdi. Bu səfəri necə qiymətləndirirsiniz və bunun ölkəmiz üçün və ya hər iki ölkə üçün əlaqələrin inkişafında rolu nədən ibarətdir?
 
- Rusiya bizim qonşumuzdur. Amma sıravi  deyil, böyük qonşumuzdur. Həmişə yaxın qonşunun  uzaq qohumdan üstün cəhətləri çox olur. Onu da etiraf edək ki, bizim uzaq qohumlarımız kimlərdir, hələ ki dəqiqləşməyib. Bu qonşu dövlətə - Rusiyaya  münasibətdə bir həssas nöqtə var. Fakt budur ki, Rusiya SSRİ-nin varisidir. Rusiya  deyəndə Azərbaycan xalqının milli yaddaşında SSRİ-dən qalma bir sıra ciddi neqativlər oyanır. Həmin neqativləri unutmaq, o travmaları adlamaq o qədər də asan deyil. Bu məsələlərin yoluna qoyulmasında, problemlərin həllində humanitar təfəkkür tərzi müstəsna işlər görə bilər. Məhz bu aspektdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri xüsusi əhəmiyyət daşıyır.
 
- Erməni baş nazir Nikol Paşinyanın Xankəndində "Qarabağ Ermənistandir, nöqtə" bəyanatına Azərbaycan Prezidenti cənab İlham Əliyev "Valday" beynəlxalq klubunda "Qarabağ Azərbaycandır, nida" deyərək cavab verdi. Sizcə, Prezident bu bəyanatı ilə Ermənistana və bu işğalçını himayə edənlərə hansı cavabı verdi?
 
- Xatırladım ki, Azərbaycan siyası leksikonuna “forpost” anlayışını Prezident İlham Əliyev gətirib. Ermənistanı “forpost” adlandırmaq bu problemin kökləri haqqında çox aydın və birmənalı təsəvvür yaradır. Bu o deməkdir ki, Ermənistanın yiyəsi  və ya yiyələri var.  Ermənistan müstəqil dövlət deyil, kölgədir. Kölgənin özü olmur, sahibi olur. Sahibinin davranışından, duruşundan  asılı olaraq kölgənin ölçüləri  müxtəlif formalara düşə bilər, hətta yox ola bilər.  Bu gün Azərbaycan  Ermənistanın sahibi və ya sahibləri ilə münasibətlərinə elə tərəfdən işiq salmaq istəyir ki, onların Ermənistan adlı kölgəsi olmasın. Bu iş isə uzunmüddətli və gərgin əmək, ardıcıl diplomatik fəaliyyət, mübarizə, səbr, təmkin  tələb edir.
 
- Şübhəsiz ki, qeyd etdiyiniz ardıcıl diplomatik fəaliyyət, mübarizə, səbr, təmkin  və başqa bütün işlər Dağlıq Qarabağın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına yönəlib. Dağlıq Qarabağın həlli ilə bağlı ikili yanaşma var. Kimi deyir diplomatik imkanlar tükənməyib, kimi isə diplomatik imkanların çoxdan tükəndiyini iddia edir. Sizcə, münaqişənin həlli hansı yolla mümkündür?
 
- Mənim mövqeyim bundan ibarətdir ki, hər şeydən əvvəl,  Qarabağ məsələsində optimist ruhu qoruyub saxlamaq vacibdir. Xalqın iradəsi həmişə diri, döyüşkən, ayaq üstə olmalıdır. Qarabağ uğrunda həm də bir psixoloji müharibə gedir.
Münaqişənin həlli istiqamətində yürüdülən siyasətimizdə  zərrə qədər də yanlışlıq görmürəm. Azərbaycan Prezidenti iki məqamı həmişə diqqət mərkəzində  saxlayır və inkişaf etdirir.  Birinci, Ermənistan bütün iqtisadi layihələrdən kənarda  saxlanılır və bu, Ermənistanın iqtisadi cəhətdən perspektivsiz bir ölkəyə  çevrilməsinə hesablanan strateji hədəfdir. Digər tərəfdən, Azərbaycan ordusu güclənir, silahlanır, modernləşir.  Bu iki xəttin uzlaşdırılması Qarabağ münaqişəsinin həllinə aparan alternativsiz bir yoldur.
 
- İllərdir, Azərbaycan müxalifəti hakimiyyəti dəyişikliyə səsləyirdi, çağırış edirdi. Bu da dəyişiklik. Bəs real olaraq Azərbaycan müxalifətinin özü niyə dəyişikliyə getmir, özünü yeniləmir?
 
- Sizinlə razıyam, müxalif düşərgənin yenilənməsinə  ehtiyac duyulur. Çünki müxalif siyasi institutlar da bizim  milli təhlükəsizlik,  milli müdafiə sistemimizin bir həlqəsidir. Cəmiyyətin inkişafı, demokratikləşmə prosesinin dərinləşməsi  hakim komandanın qərarlar və dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı həm də müxalif institutların daxilində baş verən hadisələrdən asılıdır.  Çox təəssüf ki, o düşərgədə problemlər həddindən artıq  çoxdur, orada  yenilənmə prosesi ya ləng gedir, ya da ümumiyyətlə, getmir.  Eyni zamanda qeyd edim ki, müxalifət düşərgəsində yenilənmə prosesi bəzi məqamlarda hakimiyyətin elan etdiyi və gerçəkləşdirdiyi islahatlardan asılıdır. Çünki müxalifət həm də bir iqtidar hadisəsidir. Əminəm ki, islahatlar nəticəsində yaranacaq yeni sosial şərtlər müxalifət daxilində yenilənmə prosesinə təkan verəcək. Yeni müxalifətin yaranmasının şahidi olacağıq.
 
- Bu günlərdə İstanbulda  TANAP-ın Avropaya birləşən hissəsinin açılış mərasimi baş tutdu. Bu mərasimdə Türkiyə və Azərbaycan liderlərinin bir-birinə qarşılıqlı hörmətinin şahidi olduq. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı qardaş ölkəni və bizi istəməyən qüvvələri  narahat edir. Azərbaycan-Türkiyə dostluğunun möhkəmlənməsi bu ölkələrin beynəlxalq nüfuzunun artması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli nə dərəcədə real görünür?
 
- Türkiyə-Azərbaycan münasibətləri heç vaxt indiki səviyyədə olmayıb,- desək səhv etmərik. “Bir millət, iki dövlət” formulu  sadəcə bəlağətli ifadə deyil, real tarixi-siyasi və iqtisadi əsasları olan bir platformadır. Bu, olduqca geniş bir söhbətin mövzusudur. Qısaca onu deyə bilərəm ki, Qarabağ münaqişəsi Azərbaycanla bərabər Türkiyəyə qarşı yönəlmiş bir təhdiddir. Cənab Prezidentin türkdilli dövlətlərin Naxçıvan sammitində səsləndirdiyi bir fikrə diqqət yetirmək istərdim. Cənab prezident çıxışında vurğuladı ki, Zəngəzurun ermənilərə  verilməsi  türk dünyası ilə əlaqələrin kəsilməsinə xidmət edib.  Prezidentin nə demək istədiyini başa düşmək üçün Zəngəzurun hansı aralıqda yerləşməsinə diqqət yetirmək kifayətdir. Biz bilməliyik ki, düşmən biz tanıdığımızdan qat-qat amansız, hiyləgərdir. Ona görə də Türkiyə-Azərbaycan əlaqələri bir yaşam, mücadilə, mövcudluq və müqavimət modeli kimi dərk olunmalıdır.

Əlaqəli xəbərlər