İlham Əliyev: "Ev almayan şəhid ailəsi qalmayacaq"

6074c49e9c22ed564f00a5f15bc71260.jpg

"Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir".

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə söyləyib.

Dövlət başçısı müharibədən əziyyət çəkən vətəndaşlara daim diqqət və qayğı göstərildiyini bildirib:

"Məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilmişdir. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilmişdir. Bu proses bu il də davam etdiriləcək. Şəhid ailələrinə dövlət tərəfindən dəstək göstərilir. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni, bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Mən bilmirəm, hansı başqa ölkədə öz vətəndaşlarına, ağır vəziyyətdə yaşayan vətəndaşlara, yaxınlarını itirmiş vətəndaşlara bu qədər diqqət, bu qədər qayğı göstərilsin.

Mənim fəaliyyətimdə bu məsələ daim prioritet təşkil edir. Son illər ərzində şəhid ailələri ilə çoxsaylı görüşlərim bunu bir daha sübut edir. Biz sizinlə birlikdə bir çox evlərin açılışlarında iştirak etmişik. Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm. Bu, mənim borcumdur, xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir ki, sizə bu istiqamətdə xidmətimi göstərim".

Prezident Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmədiyini, ancaq Azərbaycanın bu sahədə bir çox ölkələrə nümunə olduğunu qeyd edib:

"Şəhid ailələrinə diqqət, eyni zamanda, keçən il özünü bir daha göstərdi. Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci Fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci Fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu Fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Yenə də deyirəm, mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir.

Dövlət başçısının sözlərinə görə, artıq 3 mindən çox şəhid ailəsi 11 min manatı alıb:

"Artıq ödəmə prosesi başlamışdır. Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni, o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni Fərman imzaladım. Bu Fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur.

Təbii ki, bu, böyük vəsait tələb edir. Bu proqramın icrası üçün dövlət büdcəsindən ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə çox qənaətlə yanaşaq. Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi, ilk növbədə, ədalətlidir və digər tərəfdən, Prezidentin Fərmanından sonra bu, artıq rəsmi sənəd olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik".

Azərbaycan Prezidenti bildirib ki, dövlətdən ev və ya mənzil almayan bir dənə də şəhid ailəsi qalmayacaq:

"Mən bir daha demək istəyirəm ki, bundan sonra da vətəndaşların sosial məsələləri daim diqqət mərkəzində olacaq. Şəhid ailələri üçün bundan sonra da evlər tikilib istifadəyə veriləcək. Təkcə keçən il 626 şəhid ailəsinə yeni mənzillər, yeni evlər verilmişdir. Bu il əlavə 800 şəhid ailəsinə yeni mənzillər, evlər veriləcəkdir. Növbəti bir neçə il ərzində bütün şəhid ailələri evlərlə, mənzillərlə təmin ediləcəkdir. Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin.

Bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik. Bu gün sizi buraya, Prezident Sarayına dəvət edərək istədim ki, bu sözlərimi, bu fikirlərimi sizə özüm çatdırım. İstədim ki, bir daha sizinlə görüşüm, bir daha sizə öz təşəkkürümü, dərin hörmət və ehtiramımı bildirim. Sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, siz bundan sonra həyatda heç vaxt belə dəhşətli faciələrlə üz-üzə qalmayasınız".

Əlaqəli xəbərlər