Esmira Günəşin "Günəşin Nuru"yla oxucularına daha bir yenilik sevinci

WhatsApp Image 2019-01-28 at 02.44.27.jpgÖtən həftə Xətai rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gənc şairə Esmira Günəşin böyük layihə çərçivəsində yenicə işıq üzü görən "Günəşin Nuru" nəşrinin möhtəşəm təqdimat mərasimi keçirilib. Mərasimdə öncə xüsusi vurğulanıb ki, gənc şairə özünün "Azərbaycan qızıyam", "Sevgi sarayı" və "Sarı köynək" kitablarından sonra, bu böyük layihəni düşünüb, həyata keçirməklə, oxucuları və özü qarışıq, istedadlı gənc şair həmkarlarını da daha bir yeniliklə sevindirib: Layihə rəhbəri nəfis tərtibatda dərc olunan bu şeirlər antologiyasını həm özünün, həm də istedadlı gənc şairlərin şeirləri əsasında çapa hazırlayıb.

Təqdimat çıxışlarında o da qeyd olunub ki, olduqca maraqlı oxucu təsiri bağışlayan "Günəşin Nuru" antologiyasının Gülnarə Sadiqin qələmindən çıxan "Ön söz"ünü oxumaq yetər ki, bu nəşrin dərcinin vacibliyi məsələsinin nədən ortaya çıxdığının səbəbi hamıya məlum olsun. Gənc şairləri bir araya toplayıb, şeirlərini bir kitaba salmaqla bərabər, həm də onların Azərbaycanın hər yerində tanınması üçün, bütün bölgələrdə bu antologiyanın təqdimatlarını keçirməyə qərar verdiklərini deyən layihə rəhbəri isə, olduqca maraqlı və izdihamlı keçən ilk təqdimat mərasimiylə, "uzun və çətin olacaq bu marafona" uğurlu start verdiklərini bildirib. Gənc şairlər Asif Əliyev, Aysel Nəsirzadə, Ceyhun Şirvani, Çiçək, Çingiz Səmədli, Esmira Günəş, Humay Nur, Xalidə Abdullayeva, İmran Aşiq, Mahir Munis, Manya Səxavətqızı, Mirşən Xəyal, Murad Ömər, Nicat Ağayev, Orxan Əkbərov, Orxan Məmmədov, Saleh Mehdizadə, Tural Nəqşicahan, Vüsalə Hikmət... onların şeirlərinin alqışalayiq kitab şəklində dərcinə nail olduğuna görə, bu böyük layihəni düşünüb, həyata keçirən antologiya müəllifinə xüsusi minnətdarlıqlarını çatdırıblar. Esmira Günəş isə, layihə rəhbəri olaraq, öz növbəsində bu vacib və əhəmiyyətli işi şərəflə davam etdirməyi özünə borc bildiyini söyləyib.
Şairlərin şeirlərini dinləmək üçün əvvəlcədən izdihamları yaranan oxucuların, təqdimat mərasiminin yekununa yaxın da, sevimli şairlərinə kitab imzalatmaq üçün uzun növbələri yaranıb. Tədbirin sonunda qonaqlar çay süfrəsinə dəvət olunub. Təqdimat xatirə foto-şəkillərinin və rəsmlərinin cəkilisi ilə sona çatıb. Bütün izləyicilər bu maraqlı tədbirdən xoş təəssüratlarla ayrılıbar.
araz.az saytının kollektivi adından, bu vacib və əhəmiyyətli kitab münasibəti ilə, layihə rəhbəri Esmira Günəşi və şeirləri antologiyada dərc olunan gənc şairləri səmimi qəlbdən təbrik edir, bu gözəl layihədə və yaradıcılıqlarında onlara uğurlar arzulayırıq.

WhatsApp Image 2019-01-28 at 02.46.41.jpg

WhatsApp Image 2019-01-28 at 02.45.55.jpg

Malik MİRZƏ,
araz.az.

Əlaqəli xəbərlər