Nazirlər Kabinetinin anlaşılmaz qərarı – Həftəsonu bu taksilər işləyəcək?

taxiYol polisinə elə bir səlahiyyət də verilməyib ki, bütün avtomobilləri bir-bir saxlayıb yoxlasın. Yol polisi hərəkətdə olan, qanunun heç bir tələbini pozmayan sürücünü hansı əsasla saxlayıb yoxlayacaq? Bu, heç praktiki cəhətdən mümkün deyil”

Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonu taksilərin işləməməsi ilə bağlı yekun qərar verib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Operativ Qərargahın müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələrin siyahısında adı olmadığı üçün taksi xidməti işləməyəcək.

Qeyd edək ki, həftəsonu ictimai nəqliyyatın hərəkətinə qoyulmuş qadağadan sonra taksi xidmətinin də həftəsonu işləməsinə qoyulan məhdudiyyət ictimaiyyətin geniş narazılığına səbəb olub. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarda böyük ziddiyyət var. Belə ki, NK-nın təsdiqlədiyi qərarla həftəsonu bəzi sahələrin fəaliyyətinə icazə verilir. Buraya aptek və ərzaq mağazaları da daxildir. Sual olunur ki, fəaliyyətinə icazə verilən sahələrdə, eləcə də həftəsonu işləyəcək aptek və ərzaq mağazalarında çalışanlar işə hansı vasitə ilə gəlib getməlidirlər?

araz.az  bildirir ki, Sputnik Azərbaycan əhalinin haqlı narazılığına səbəb olan bu problemə aydınlıq gətirməyə çalışıb.

Taksi şirkətlərindən Sputnik Azərbaycan-a bildiriblər ki, taksilərin fəaliyyəti ilə ilə bağlı qəti qərar açıqlandığından, onlar həftəsonu işləməyəcək. “Ulduz Taksi” xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, onlar artıq bununla bağlı taksi sürücülərinə məlumat veriblər: “Biz taksi sifarişini müştərilərdən zəng əsasında qəbul edirik. Taksi fəaliyyətinə həftəsonu qadağa qoyulduğundan, bizim şirkət həftəsonu müştərilərdən daxil olan zəngləri qəbul etməyəcək”.

Əlaqə saxladığımız digər taksi şirkətlərindən də fəaliyyət göstərməyəcəklərini bildirdilər.

Bu məqamda yaranan əsas suallardan biri də odur ki, fərdi avtomobili ilə taksi xidməti göstərənlərin fəaliyyəti necə yoxlanılacaq? Həftəsonu hərəkət edən bütün avtomobillər yoxlanılacaqmı?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi fəaliyyətinin həftəsonu məhdudlaşdırılması mümkün olmayacaq. Çünki, bütün avtomobillər taksi nişanı ilə fəaliyyət göstərmir: “Bu gün “Bolt” kimi bəzi taksi şirkətləri var ki, həmin şirkətlərin emblemini sürücülər öz avtomobillərinin üzərinə vurublar. Belə çıxır ki, həmin şəxslər öz avtomobillərini həftəsonu şəxsi məqsədləri üçün istifadə etməyəcəklər? Bu çox absurd qərardır. Yaxud da emblemi olmayanlar, taksi şahmatını götürərək rahatlıqla zənglə öz daimi müştərilərinə xidmət göstərəcəklər. Yəni, praktiki cəhətdən taksi fəaliyyətini məhdudlaşdırmaq olmayacaq. Nazirlər Kabineti bir sıra sahələrdə hərtəsonu fəaliyyətə icazə verir. Bəs sual olunur ki, o sahələrdə çalışanlar həftəsonu işə necə gedib-gələcəklər? Məgər bütün polis işçilərinin avtomobili var? Yaxud da tibb işçilərinin, jurnalistlərin, kommunal sahədə çalışanların… Yol polisinə elə bir səlahiyyət də verilməyib ki, bütün avtomobilləri bir-bir saxlayıb yoxlasın. Yol polisi hərəkətdə olan, qanunun heç bir tələbini pozmayan sürücünü hansı əsasla saxlayıb yoxlayacaq? Bu heç praktiki cəhətdən mümkün deyil”.

E.Muradlı deyir ki, taksilərin həftəsonu fəaliyyətinin məhdudlaşdırılmasının koronavirusun yayılmasına da bir təsiri yoxdur: “Taksilərdə avtobusdakı kimi basabas olmur. Taksilərin çoxu şəffaf arakəsmə qoyulub. Bunun koronavirusa bir təsiri yoxdur. Sadəcə fəaliyyətinə icazə verilən sahələrdə çalışanlar bu anlaşılmaz qərardan əziyyət çəkəcəklər”.

Qeyd edək ki, Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb. 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır. Amma Azərbaycanda şənbə-bazar günləri bəzi sahələrin fəaliyyətinə icazə verilib. Nazirlər Kabinetinin qərarında bildirilir ki,

1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;

2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti;

3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri;

4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti;

5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti;

6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;

7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;

8. mühafizə xidmətləri həftəsonu fəaliyyət göstərə bilər.

Nazirlər Kabinetinin qərarında eyni zamanda göstərilir ki, həftəsonu ictimai nəqliyyatın, hətta taksilərin belə fəaliyyətinə icazə verilmir. Sual olunur ki, bəs fəaliyyətinə icazə verilən sahələrdə çalışan, amma şəxsi avtomobili olmayanlar işə hansı vasitə ilə gəlib getsinlər?

Həftəsonu yalnız lisenziyası olan taksilərin fəaliyyətinə icazə veriləcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həftənin şənbə və bazar günləri taksi fəaliyyəti ilə məşğul olmağa müvafiq icazəsi olan taksilərin fəaliyyətinə icazə veriləcək:

“Bura taksi xidməti göstərən şirkətlər və taksi xidməti ilə məşğul olmaq üçün müvafiq lisenziyası olan şəxslər də daxildir. Digərlərinin taksi kimi xidmət göstərməsi yolverilməzdir”.

araz.az

Əlaqəli xəbərlər