Azərbaycanda "futbol mafiyası"na qarşı əməliyyat başlayır?

natiq muxtarlii

Gəlin düz oturub, düz də danışaq.

Tutaq ki, yaşadığınız kənddə 10 manat məvacibə işləyirsiniz.

Qonşu kənddən təklif gəlir ki, 8 manat məvacib veririk, gəlin burda işləyin. Gedərsiniz? Təbii ki, yox. “Başıma at təpməyib ki” deyib o təklifi göndərənə də çəpəki nəzər salarsınız.

Bax, azərbaycanlı futbolçular da eynən sizin kimi davranırlar. Kim deyir ki, azərbaycanlı futbolçuların xaricdə oynamaq potensialı yoxdur.

Var. Məsələn, elə götürək Emil Balayevi. Qazaxıstanda oynayanda kim idi? Bütün Azərbaycanın ondan danışdığı, qürur duyduğu qapıçı. İndi kimdir? Heç kim. Qınağa tuş gələn “Qarabağ”ın ehtiyat qapıçısı.

Bəs Emili o statusdan bu statusa kim və nə saldı? Pul, pul, pul. Və o pulu idarə edən futboldakı mafiya. Azərbaycanlı futbolçuların xaricə yolunu bağlayan puldur.

Əgər sənə evinin içində ayda 15 min dollar məvacib verirlərsə, təbii ki, xaricdən gələn 10 min dollarlıq təklifi “başıma at təpməyib ki” deyib qəbul etməyəcəksən.

Azərbaycanda futbolçulara verilən məvacib, Şərqi Avropa ölkələrini demirəm, heç Portuqaliyada, Hollandiyada da verilmir.

Portuqal, holland futbolçular yaxşı qazanmaq üçün daha varlı çempionatlara – İngiltərəyə, İspaniyaya, İtaliyaya, Almaniyaya, Fransaya üz tuturlar.

Azərbaycanlı futbolçu evinin içində çox qazanırsa, Portuqaliya, Hollandiya demirəm, Rusiya, Ukrayna, Slovakiya, Çexiyada nə azar axtarar?

Azərbaycanda futbolçular heç bir uğur qazanmasalar da, ölkədə hamıdan çox qazanırlar. Bəs bu durumu kimlər yaradıblar? Azərbaycan futbolunda mafiya şəbəkəsi formalaşıb.

Bu şəbəkəyə AFFA, klub rəhbərləri, agentlər və futbolçular daxildir. Təxminən 40-50 futbolçu var ki, onlar çox asanlıqla özlərinə klub tapırlar.

Bəzilərinin yaşı 40-a yaxınlaşıb. Amma buna baxmayaraq, bu klubdan ona, o klubdan buna keçirlər.

Karusel əməliyyatı qurulub. Bu əməliyyat nəticəsində külli miqdarda vəsait silinir, uşaq futbolu məhv edilir, gənclərin önü kəsilir.

Məsələnin sadə izahı budur: Futbolçular aldıqları pulun müəyyən hissəsini geri qaytarırlar. O vəsaitdən agentlərin, klub və AFFA rəhbərlərinin də “haqqı” çatır. Yəni hər şey “kişi sözü” ilə həllini tapır. “Kişi sözü” verənlər korrupsiya ilə məşğuldurlar.

Aşağı yaş qruplarından tutmuş əsas yığmaya qədər bütün millilərə o futbolçular çağırılır ki, onlar “mafiya katyolu”nun üzvüdürlər.

Bu məsələnin də sadə izahını verim: U-21 yığmasına kimlər çağırılır? Klubların əvəzedici heyətinin üzvləri. Hətta əksəriyyəti əvəzedici heyətdə ehtiyatda otursa da, yığmaya dəvət olunurlar.

Amma deyək ki, birinci divizionda 12 qol vuraraq bombardirlər siyahısında 2-ci olan 20 yaşlı Vidadi Cəfərov U-21 yığmasına çağırılmır.

Niyə? Çünki hələ “katyol”un üzvü deyil. “Katyol”ün üzvü olmaq üçün mafiya şəbəkəsində olan agentlərdən biri ilə dil tapmalı, o da onu klub rəhbərinə, o da öz növbəsində “şef"ə təqdim etməlidir.

Bundan sonra onun üzünə qapılar açılacaq. Əks təqdirdə, neçə istedadlı olmasına baxmayaraq, elə birinci divizionda çürüyəcək.

Azərbaycan futbolunda mafiyanın unikal şəbəkəsi formalaşıb. Bu şəbəkəyə qarşı böyük korrupsiya əməliyyatı aparılmalıdır. Xeyli AFFA, klub rəsmisi, agentlər həbs edilməlidir.

Bu şəbəkə zərərsizləşdirilməsə, Azərbaycanda futbol inkişaf etməyəcək. İnanırıq ki, bu əməliyyat mütləq reallaşacaq. Özü də, lap yaxın vaxtda.

Natiq MUXTARLI.

Əlaqəli xəbərlər