Aleksandr Budberq: “Ermənistanda hərbi çevriliş? Nəyi çevirirlər ki?” - MÜSAHİBƏ

a budberg 1

Azərbaycanın Qarabağda Vətən Müharibəsində qələbə qazanmasından bir il sonra Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi tezislər Ermənistanın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini yenə də uzatmasından xəbər verir.

Eyni zamanda, sabah, noyabrın 26-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının müzakirə olunması ilə bağlı görüş keçirilməlidir.

Rusiyanın tanınmış jurnalisti, “Moskovskiy komsomolets” qəzetinin siyasi müşahidəçisi Aleksandr Budberq o cümlədən qarşıdan gələn görüşlə bağlı suallarımızı cavablandırır.

- Azı iki görüş gözlənilir, bu görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması və nəqliyyat dəhlizlərinin açılması müzakirə oluna bilər. Sizcə, yaxın həftələrdə və ya aylarda razılığa gəlmək mümkün olacaqmı?

- Bunu demək çətindir. Belə qısa bir hadisə üfüqü həmişə bir çox situasiya amillərindən təsirlənir. Amma ümumilikdə mən optimistəm və hesab edirəm ki, vəziyyəti yerindən tərpədəcək və regionda qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa gətirib çıxaracaq hansısa həll yoluna yönəlmək tamamilə mümkündür. Bu, mütləq və kifayət qədər tez baş verəcək. Amma vurğulayıram ki, konkret tarixlər barədə danışmağa hazır deyiləm.

- Bu yaxınlarda kəskinləşmə var idi, Ermənistan-Azərbaycan sərhədində döyüşlər gedirdi. Eyni zamanda, sərhədlərin özləri də müəyyən edilməyib - Ermənistan tərəfi Azərbaycan və Rusiyanın demarkasiya səylərinə təzyiq göstərir...

- Bəli, sərhəd yox idi, bütün bunlar çox nisbidir.

- Azərbaycan da sərhədlərin müəyyənləşdirilməsində kömək etməyə hazır olduğunu bəyan edən Rusiya kimi sovet xəritələrinə arxalanır. Yerevanda imtina edirlər, çünki delimitasiya ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutur. Müxalifət xüsusilə sərt çıxış edir, çünki ərazi bütövlüyünün tanınması həm də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması anlamına gəlməlidir.

- Müharibədə uduzan Ermənistan üçün sərhədlərin delimitasiyası ilk növbədə çətin daxili siyasi məsələdir. Əgər Ermənistan hakimiyyəti sərhədləri delimitasiya etsə, onlar bir cinahdan tənqid olunacaqlar. Delimitasiyaya razı olmasalar, qarşı tərəfdən tənqid olunacaqlar.

Nikol Paşinyan çevik adamdır, vəziyyəti hiss edir, əks halda yayda, müharibədəki məğlubiyyətindən sonra yenidən seçilməzdi. Ermənistanın baş naziri öz hərəkətlərində hakimiyyətini qorumaq mülahizələrindən çıxış edir.

- Bəs Nikol Paşinyan nə qədər müstəqildir?

- Müstəqil şəxs olmasaydı, iki dəfə seçkilərdə qalib gəlməzdi. Xüsusən də, Ermənistan kimi belə emosional baxımdan çətin seçicisi olan bir ölkədə.

Eyni zamanda, əminəm ki, gərginliyi saxlamaq istəyən müxtəlif tərəflərdən müxtəlif qüvvələr Paşinyana qarşı hərəkət edir. Bunlar müharibədən əvvəlki yaxın keçmişdə bəzi maddi resurslara nəzarət edən, Ermənistanın son 30 ildə dəstəklədiyi balanssızlıq ucbatından siyasi mənfəət əldə edən insanlardır. Vəziyyət dəyişib, lakin onlar öz maraqları uğrunda mübarizə aparmaq fürsətini özündə saxlamaq istəyirlər.

Düşünürəm ki, Nikol Paşinyan həm “soldan”, həm də “sağdan” təzyiq hiss edir, lakin o, məhz öz maraqlarını güdür. Buna heç bir şübhəm yoxdur.

- Sizcə, Nikol Paşinyanın simasında siyasi rəhbərliklə Ermənistanın ali ordu rəhbərliyi arasında münaqişə var? Bu barədə Ermənistan KİV-də tez-tez məlumat yayılır.

- Ermənistanda uzun illər real güc, o cümlədən iqtisadi güc hərbçilərə məxsus olub. Ermənistanın keçən ilki müharibədə məğlubiyyəti nəticəsində, Paşinyan baş nazir postunu saxladığı halda, Ermənistanda müəyyən tarazlıq pozuldu. Təbii ki, hərbi dairələrin həm iqtisadi, həm də siyasi maraqları zərər çəkdi.

Bundan başqa, Paşinyan orduda öz təsirini gücləndirmək istəyir. O, ordunun müharibədə məğlub olması arqumentindən istifadə edir. Beləliklə, yeni, müharibədən sonrakı tarazlığın yaradılması uğrunda mübarizə gedir. Gəlirlərə, siyasi təsir və s. yenidən baxılacaq. Təbii ki, bütün qüvvələr öz resurslarını səfərbər edir.

Düşünürəm ki, Paşinyan və onun siyasi hərəkatı avtoritar liderliyə doğru gedəcək.

- Bəs Ermənistanda hərbi çevriliş ehtimalı barədə nə düşünürsünüz?

- Mən Ermənistanın daxili siyasəti üzrə ekspert deyiləm, amma deyim ki, hərbi çevrilişə inanmıram. Nəyi çevirəcəklər ki? Bunu daha əvvəl, müharibədən sonra, fürsət olanda etmək olardı. İndi yeni, müharibədən sonrakı reallıq başlayıb. Ümumiyyətlə, mən keçmiş SSRİ ərazisində hərbi çevrilişlərə inanmıram. Bu, deyək ki, milli mədəniyyətə sığmır. Postsovet məkanı Latın Amerikası deyil.

Bir daha deyirəm: Paşinyan müxtəlif tərəflərdən təzyiq altındadır, amma əvvəlki status-kvo artıq yoxdur. Saziş (Azərbaycanla Ermənistan arasında - red.) yeni iqtisadi imkanları nəzərdə tutan sabit tarazlıq yarananda bağlanacaq.

İndi görürük ki, keçmiş artıq yox olub, gələcək isə hələ gəlməyib.

Nair ƏLİYEV.

Əlaqəli xəbərlər