Zəngəzura, İrəvana aparan yollar Şuşanın Ağoğlan və İrəvan qapılarından başlayır

16418160473928454492 1000x669

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin ilk Sərəncamının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı olması həm qürurvericidir, həm böyük tarixi-siyasi əhəmiyyətə malikdir, həm də rəmzi məna daşıyır. Çünki Şuşa tarixən Azərbaycanın mədəniyyət, ədəbiyyat və incəsənət beşiyi olmaqla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Zəfərimizin paytaxtına çevrildi. Şuşa, həmçinin xalqımızın milli ruhunun özünəqayıdışının şəhəridir və gələcək zəfərlərimizin start xəttidir.

araz.az  Azərtac-a istinadən bildirir ki, bu fikirləri  Milli Məclisin deputatı Əziz Ələkbərli ifadə edib.

Deputat bildirib ki, Ermənistan dövləti və vəhşi erməni toplumu Şuşanı işğal altında saxladığı 28 il ərzində bu şəhərdən Azərbaycanın izlərini silmək, onu erməniləşdirməklə kifayətlənməyib. İşğalçı dövlət həm də Şuşanı dünya ictimaiyyətinə erməni şəhəri kimi təqdim etmək üçün bütün vəhşiliklərə, çirkinliklərə, yaramazlıqlara əl atıb. Bu illər ərzində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəni və tarixi abidə, 7 məktəbəqədər təhsil müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumu, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, Şərq musiqi alətləri fabriki dağıdılıb, məbədlər və məscidlər təhqir olunub, çox sayda nadir əlyazma nümunəsi məhv edilib, 20 kitabxana yandırılıb.

“Bu gün nə ermənilər, nə də onların havadarları bu vandallığa heç cür haqq qazandıra bilmirlər. Bu, bir vandallıq, vəhşilik nümunəsidir. Eyni zamanda, insanlığa qarşı törədilmiş bəşəri cinayət və erməni xislətinə tam xas olan hərəkətdir. Amma Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu bütün bu vəhşiliklərə son qoyaraq tarixi ədaləti bərpa etdi, 1992-ci il mayın 8-də işğal olunan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunduğu gün “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri hər kəsin şüurundadır. Müharibədən ötən bir il ərzində Prezident İlham Əliyevin Şuşaya yeddi dəfə səfər etməsi, orada aparılan bərpa və quruculuq işləri, keçirilən tədbirlər bir daha göstərdi ki, dövlətimizin başçısının Şuşa ilə bağlı dedikləri günbəgün həyata keçməkdədir. 2022-ci ilin “Şuşa İli” elan olunması isə işğaldan azad edildikdən dərhal sonra burada başlanan bərpa və quruculuq işlərinin daha da sürətlənəcəyindən xəbər verir. Bu il həm də Şuşa şəhərinin 270 illik yubiley ilidir. Azərbaycan bu yubileyi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə böyük qürur, təntənə və coşqu ilə qeyd edəcək. Tarixən Şuşanın üç əsas qapısı olub - Gəncə qapısı, Ağoğlan qapısı və İrəvan qapısı. Gəncə qapısı aydındır ki, Şuşa qalasını Azərbaycanın mərkəzi şəhəri olan Gəncə ilə birləşdirirdi. Lakin digər iki qapı – Ağoğlan və İrəvan qapıları Azərbaycanın ərazi bütövlüyünü təmin edən yollar idi. Ağoğlan qapısından gedən yol tarixi Azərbaycan mahalı olan Zəngəzura, İrəvan qapısından çıxan yol isə İrəvan xanlığının paytaxtı olan İrəvan şəhərinə uzanırdı. Bu, İlahi bir işarədir və heç kəs şübhə etməsin ki, Şuşa təkcə Zəfərimizin yox, eyni zamanda, tarixi torpaqlarımız olan Zəngəzura və İrəvana Böyük Qayıdışımızın təməli qoyulan şəhərdir. Zəngəzura və İrəvana aparan yollar Şuşanın Ağoğlan və İrəvan qapılarından başlayır”,-deyə Əziz Ələkbərli qeyd edib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər