Balakən Dövlət Peşə Təhsil Mərkəzi təhsil ocağı deyil, sanki “karvansaradır”- İLGİNC FAKTLAR

1543560479 708352   Ötən illər ərzində ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsi və bu sahədə əmələ gələn çoxsaylı problemlərin aradan qaldırılması, qarşımızda duran əsas vəzifələrdən biri hesab olunub.

 

   araz.az   Atvxeber.az-a istinadən bildirir ki,  son illər bu yöndə müəyyən addımlar atılır ki, ümumi məqsədlərimizin həllinə nail ola bilək. Faktdır ki, son 4- 5 il ərzində təhsilimizin inkişaf etdirilməsi istiqamətində bir neçə təkmil qanunlar qəbul olunub və tədricən icrası da həyata keçirilib. Başlıca məqsəd, yuxarıda qeyd etdiyimiz kimi təhsilimizi daha da inkişaf etdirmək və bu sahəyə aid çoxsaylı problemləri aradan qaldırmaq olub. Aidiyyatı dövlət qurumları tərəfindən bu yöndə addımların atılmasına baxmayaraq, hal-hazırda Azərbaycan təhsilinin inkişafını əngəlləyən, onu daha çox problemlər məngənəsində boğan səbəblərdən biri də, məhz fəaliyyəti fəaliyyətsizliyə söykənən bəzi Dövlət Peşə Təhsil Mərkəzlərinin varlığıdır. Yəni, bu gün ölkəmizdə fəaliyyət göstərən bəzi Mərkəzlərdə əksər vəzifə sahibləri, rəhbərlik etdikləri təhsil müəssisələrini sanki özlərinin gəlir mənbəyinə, daha dəqiq desək “alverxana”ya çevriliblər. Sovet dönəmindən fərqli olaraq, hal-hazırda ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Dövlət Peşə Təhsil Mərkəzlərində direktor vəzifəsini daşıyan bəzi şəxslərə idarəçilik necə sərf edirsə, məhz onlar idarəçiliklərini istədikləri qaydada da həyata keçirirlər.     Məsələn, redaksiyamıza çatdırılan məlumatlara görə Balakən rayonu, Qabaqçöl qəsəbəsi, H. Xəlilov küç-1 ünvanında fəaliyyət göstərdiyi bildirilən Balakən Dövlət Peşə Təhsil Mərkəzi də belə təhsil ocaqlarından biridir. Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Respublikasının sabiq Baş Naziri cənab Novruz Məmmədovun imzaladığı qərar əsasında, 1 nömrəli Balakən Peşə Məktəbi 2 nömrəli Balakən Peşə Məktəbi ilə birləşdirilir və onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi yaradılır. Hal-hazırda bu təhsil müəssisəsində əməliyyatçı-mühasib, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, meyvə-tərəvəz ustası, tütün ustası, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik qaz qaynaqçısı, dərzi və tikiş avadanlıqlarının operatoru və tikişçi ixtisasları var. Bütün bunlara baxmayaraq, Balakən Dövlət Peşə Təhsil Mərkəzində direktor vəzifəsini daşıyan Azad ..........ov, bu gün bu təhsil ocağının “altını üstünə” çevirməklə məşğul olur. Məsələn, adicə bu təhsil müəssisəsinin necə fəaliyyət göstərməsi, mövcud problemlərin varlığı və s. ilə bağlı rəhbərliyə bir-iki sual verib cavab əldə etmək istədikdə o, “Bu haqda mənim heç bir məlumatım yoxdur” cavabını verir. Ən biabırçı halın varlığı isə, direktorun məktəbdə neçə nəfər şagirdin təhsil alması haqda məlumata malik olmamasıdır. названия 4

   Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, Balakən Dövlət Peşə Təhsil Mərkəzində dərsə davamiyyətin göstəricisi sıfır həddindədir. İllər keçsə də məktəbə yeni inventarlar alınmır, olub-qalan kompyuterlərin hər biri köhnə olmaqla bərabər, həm də sınıq-salxaq vəziyyətdədirlər. Ramazan bayramı başa çatıb toy şənliklərinə qərar verildiyindən, məktəbin şagirdləri heç bir halda dərsə getmirlər. Yəni, şagirdlərin (oğlanlar) çoxu şadlıq saraylarında günəmuzd ofisiant işləməklə məşğul olurlar. Elə ki, bu və digər məsələlərlə bağlı Azad müəllimə sual verib konkret cavab əldə etmək istəyirsən, o halda o, “Məktəb köhnə tikilidir, 1927-ci ildə tikilib. Heç bir şəraiti yoxdur, biz nə etməliyik? Nə nazirlik, nə də ki, rayon rəhbərliyi üz-üzə qaldığımız problemlərlə maraqlanmırlar. Yerimizdə çabalaya-çabalaya qalmışıq” deyə cavab verir.

   Bir məqama da diqqət yetirək ki, bu gün Balakən Dövlət Peşə Təhsil Mərkəzində şagirdlərə elmə-təhsilə yiyələnmək deyil, daha çox elmdən-təhsildən “qaçaq düşməyin” sirləri öyrədilir. Belə bir səbəbdəndir ki, bu təhsil müəssisəsində “təhsil alan” şagirdlər müəllimlərin adlarını bilmirlər. Nəticədə nələr baş verir? Baş verən o olur ki, büdcədən ayrılan külli miqdarda vəsaitlər, yəni şagirdlərə verilən təqaüdlər, müəllimlərə çatası əmək haqları, alınmalı olan avadanlıqlara ayrılan vəsaitlər və s. daha nələr, nələr bu və ya digər yollarla mənimsənilir. Ən böyük zərbə isə, yaş həddi cavan olan gənclərin hədər verdikləri vaxt itkisi olur. Məsələn, Balakən Dövlət Peşə Təhsil Mərkəzində Azad müəllimin və onun “əsabələr”inin “yağlı vədlər”inə inanan gənclər bu məktəbə üz tuturlar. Elə ki, ilk gündən bu təhsil müəssisəsinin həyətinə ayaq basıb real mənzərəni görürlər, həmin an onlara hər şey güntəki aydın olur. Rayon ərazisində dolaşan digər söz-söhbətlərə görə, təkcə şagirdlər deyil, müəllim kollektivi üzvlərindən bəziləri də məktəb üzü tanımırlar. Söylənilənlərə görə belə bir halların varlığı, bu gün Balakən Dövlət Peşə Təhsil Mərkəzində sanki adi hala çevrilmiş məsələlərdəndir. Yəni, fəaliyyəti fəaliyyətsizliyə söykənən bu təhsil müəssisəsində idarəçilik bu cür həyata keçirilir, vəsaitlər bu cür mənimsənilir, dərsə davamiyyət və şagirdlərə bəslənilən münasibət bu cür qorunub saxlanılır, ixtisas fənlərinin sirləri şagirdlərə bu cür “öyrədilir”.

   Balakən Dövlət Peşə Təhsil Mərkəzində yaşanan belə bir hoqqaların varlığı onu sübut edir ki, baş verənlər yaşadığımız cəmiyyəti eybəcərləşdirən, onu bənzəri olmayan faciələrlə üz-üzə qoyan hallardır. Çünki, gələcəyimiz hesab etdiyimiz gənclər vəzifə sahibi onların əllərində, bir növ alətə çevrilirlər. Nəticədə nələr baş verir? Baş verən o olur ki, gənclər nə elmin, nə də ki, öyrənməli olduqları ixtisasların sirlərinə yiyələnmirlər. Görəsən bu gün özümüzü aldatmaqla biz hara gedirik və hara qədər də gedə biləcəyik?

   Mövzu diqqətimizdədir. Araşdırmamız davam edəcək.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər