Çox müsbət haldır ki, artıq hakim partiya təşkilatçılıq etdiyi tədbirlərə ölkədəki digər siyasi partiyaları da dəvət edir

elxan.jpg

Zaman, insanlar, münasibətlər necə də sürətlə dəyişir... 30 il əvvəl - 1992-ci ilin 21 noyabrında YAP Naxçıvanda təsis konfransını keçirəndə, mən Şahbuz rayonunun Kolanı kənd orta məktəbinin 10-cu sinif şagirdi idim.

Onda heç ağlıma da gəlməzdi ki, həmin dövrdə "Heydər Əliyevin partiyası" kimi tanınan və Naxçıvan camaatının böyük coşğu və sevgiylə axın etdiyi, dəstək verdiyi YAP-ın yubiley tədbirinə düz 30 il sonra başqa bir siyasi təşkilat rəhbərinin - YAP-ı dövlət qeydiyyatına almış o vaxtkı Ədliyyə naziri İlyas İsmayılovun təmsilçisi kimi qatılacam...

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində "Heydər Əliyevin partiyası"nı Ədalət Partiyası adından təbrik missiyası mənə həvalə edilmişdi. Getdik, iştirak etdik və xeyli də yenilikləri gördük...

Çox müsbət haldır ki, artıq hakim partiya təşkilatçılıq etdiyi tədbirlərə ölkədəki digər siyasi partiyaları da dəvət edir.

Bu il 15 iyunda Şuşada YAP-ın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa da müxalifət partiyaları dəvət almışdılar.
Ümumiyyətlə, bunun bir ənənəyə çevrilməsi cəmiyyətdə siyasi dialoq və barış mühitinin yaradılmasına, ölkənin problemlərinin birgə müzakirəsi və həlli yollarının tapılmasına nail olunması üçün çox vacib addımdır, təqdir edilməlidir.

Həm özünü, həm ölkəni, həm də müxalifətlə münasibətləri yeniləməyə qərar vermiş iqtidar təmsilçilərini - "Yeni azərbaycanlılar"ı 30 illik yubileyləri münasibətilə bir daha təbrik edir, onlara xalqın problemlərinin köklü həllinə nail olmaqda uğurlar diləyirik!

Nə qədər bu ölkənin hamımızın doğma evi olduğunu və onun problemlərinin həlli məsuliyyətinin də hamımızın üzərinə düşdüyünü dərk edəcəyiksə, o qədər də bir yerdə olmaq və hədəfə birgə vurmaq istəyimiz, əzmimiz güclü olacaq! Eynən bizi dəyişən və böyük zəfərlərə götürən o möhtəşəm 44 gündə olduğu kimi...

Allah xalqımızı həmişə bir və diri, dövlətimizi isə qüdrətli, qalib və firavan etsin!

Elxan ŞÜKÜRLÜ.

Əlaqəli xəbərlər