Azərbaycan İranın səmimiyyətinə o vaxt inanar ki...- Deputat

16690950284edd856960211d24c7a52c0cbfca9634.jpg

İran molla rejimi Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibətdə olduğunu illər boyu əməli ilə sübut edib. Ermənistanın keçmiş prezidentləri dəfələrlə etiraf ediblər ki, İran köməyi olmasa, I Qarabağ müharibəsində onlar Azərbaycan ərazilərini işğal edə bilməzdilər. Çünki İran Ermənistana ən azı yanacaqla, ərzaqla təmin etməsə idi, onlar Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaya bilməzdi.

araz.az xəbər verir ki, bunu Teleqraf.com-a Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Əziz Ələkbərli deyib.

O qeyd edib ki, İranın Azərbaycana qarşı düşmən münasibətinin, axıra qədər Ermənistanın yanında durduğunun II Qarabağ müharibəsində də şahidi olduq: “Hətta müharibə bitəndən sonra da İran tırlarının nəinki Ermənistana, həm də Qarabağdakı qanunsuz erməni silahlı qruplaşmalarına yanacaq daşıdığını həmin tırların iranlı sürücüləri özləri də dəfələrlə etiraf edib. Hətta utanmadan Azərbaycan tərəfini ittiham edirdilər ki, “biz Qarabağ ermənilərinə yanacaq daşıyırıq və torpaqbasdı rüsumunu Ermənistana veririk, Azərbaycan niyə bizdən rüsum istəyir”.

İndi İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyir ki, guya İranın Azərbaycana heç bir düşmən münasibəti yoxdur, hətta Azərbaycan onların gözünün işığıdır. Amma keçməz, İranın bugünkü molla rejimi öz əməli ilə, həm də bir dəfə yox, min dəfə Azərbaycana düşmən olduğunu sübut edib. Bu düşmənçilik İranda yaşayan 40 milyondan artıq azərbaycanlıya qarşı bu günə qədər göstərilən düşmən münasibətdə də özünü göstərir. Bu qədər insanın türklüyünü inkar etmək, onların dilini, mədəniyyətini inkişaf etdirmək hüququnu əlindən almaq düşmənçilik deyil, bəs nədir?”.

Deputat hesab edir ki, İranın bugünkü molla rejiminin quyruğu qapı arasında qalıb: “Doktor Vilayətidən soruşmaq lazımdır ki, iki ildir məğlub Ermənistanı durmadan silahlandırırsınız, ermənilərə PUA təlimləri keçirsiniz, yanacağı, qazı iki dəfə artırırsınız, guya bilmirsiniz Ermənistan kimə qarşı müharibəyə hazırlaşır? Əgər doğrudan da bilmirsinizsə, deməli, korsunuz. Hələ bir “Azərbaycan gözümüzün işığıdır” deyirsiniz. Bizə belə kor gözün işığı lazım deyil. Doktor Vilayətinin dara düşəndə mövqeyini 180 dərəcə dəyişib, şirin dilini işə salmağı onlarla ermənilərlə eyni xasiyyətdə olduqlarını bir daha sübut edir”.

Əziz Ələkbərliyə görə, Azərbaycan İranın səmimiyyətinə o vaxt inanar ki, İran Azərbaycanın düşməni olan Ermənistanla bütün siyasi, iqtisadi əlaqələri dərhal kəsmiş olsun: “Amma İran Ermənistanla bu əlaqələri kəsməz! Çünki ikisi də türkün, Azərbaycanın düşmənidir. Necə deyərlər ilanın ağına da lənət, qarasına da ...”

Səməndər QURBANOV,

araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər