"Ermənilərin Azərbaycana qarşı torpaq iddiaları Qərbi Azərbaycandan başlayıb" - ƏZİZ ƏLƏKBƏRLİ

eziz_elekberli897.jpg

"Ermənilərin Azərbaycana qarşı torpaq iddiaları məhz Qərbi Azərbaycandan başlayıb. 1828-ci il Türkmənçay müqaviləsindən az sonra çar Rusiyasının əli ilə İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti” deyilən qondarma bir qurum yaratmağa nail oldular və İrandan, Osmanlıdan kütləvi şəkildə köçüb bu ərazilərdə məskunlaşdılar. Sonra da bütün XIX yüzil boyu bu coğrafiyada azərbaycanlıların etnik təmizlənməsini həyata keçirdilər. Azərbaycanın tarixi torpaqlarında ayaqlarına yer etdikdən sonra – XX yüzilin əvvəllərindən etibarən isə onlara qucaq açan, yurd verən, çörəyini yedikləri azərbaycanlılara qarşı soyqırımı və deportasiyalar həyata keçirdilər".

araz.az  SİA-ya istinadən bildirir ki, bu sözləri deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, 1988-ci ildə alovlanan Qarabağ münaqişəsinin ilk acısını da Qərbi Azərbaycanda yaşadıq: "300 min nəfərə yaxın soydaşımız dədə-baba torpaqlarından vəhşicəsinə qovuldu. Az sonra 20 faiz suveren ərazilərimizin – Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğal olunması və bir milyon nəfərə yaxın soydaşımızın məcburi köçkün düşməsi Qərbi Azərbaycan məsələsini bir qədər arxa plana keçirdi. 44 günlük müharibədə qazandığımız Zəfər isə qarşımızda yeni perspektivlər acdı, biz Qərbi Azərbaycanlılar doğma yurdlarımıza qayıtmaq haqqımızı daha ucadan səsləndirməyə başladıq. Bu, bizim hüquqi və insani haqqımızdır. Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişi iki dövlət arasındakı bütün mübahisələrə son qoymağı nəzərdə tutursa, burada Qərbi Azərbaycan qaçqınlarının öz dogma yurdlarına qayıtması məsələsi mütləq yer almalıdır. Qarabağ münaqişəsinin ilk mərhələsində evindən-eşiyindən didərgin salınan, 34 il qaçqınlıq həyatı yaşayan, 34 il bütün hüquq və haqları pozulan, saysız-hesabsız məhrumiyyətlərə düçar olan bu insanların taleyinə mütləq aydınlıq gətirilməlidir".

Deputat sözlərinə belə davam edib: "Azərbaycan 1990-cı ilə qədər Azərbaycanda yaşayan ermənilərə Azərbaycandakı digər vətəndaşlarla bərabər hüquqda bəlli bir ərazidə – Qarabağda qalıb yaşamaq haqqı verirsə, biz Qərbi Azərbaycanlılar da Ermənistanda Ermənistan vətəndaşlığını qəbul edərək bu ölkənin erməni əhalisi ilə bərabər hüquqda bəlli ərazilərə – Zəngəzura, Dərələyəzə, Göyçəyə və Qaraqoyunlu dərəsinə qayıdıb dogma yurdlarımızda yaşamaq haqqımızın tanınmasını istəyirik.

Qarabağda yaşayış tarixi 200 il olan ermənilərdən fərqli olaraq Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində bizim əcdadlarımız min illər boyu yaşayıblar və o torpaqların hər qarışında bizim mədəni irsimiz var. Geriyə qayıdıb, o irsə sahib çıxmaq babalarımızın ruhu qarşısında bizim övladlıq borcumuzdur.

Bir müddət əvvəl Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında Qərbi Azərbaycan İcmasının yaradılması bu istiqamətdə irəliyə doğru atdığımız çox mühüm addımdır. Bu strategiyanın təməlində 1998-ci il dekabrın 10-da “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”, – deyən Ulu Öndərin sözləri durur.

Bu siyasətin başında 2018-ci il fevralın 8-də Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyevin dediyi “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir”, – sözləri durur".

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər