"Onlar Dövlət Himninin sözlərini ucadan oxumağı özlərinə ar bilirlər"

Uzeyir Ceferov
"Görün iş nə yerə çatıb ki, dövlətin ali simvollarından biri sayılan Himnə də qarşı dil uzadanlar tapılır"
"Bilmirəm bu Tahir Kərimlinin öz ağlının məhsuludur, ya ona kimsə kənardan bu "ideyanı" verib"

 

Ölkədə o qədər həllini gözləyən vacib məsələlər var ki, qanunvericilik orqanının, yəni Milli Məclisin üzvləri o haqda düşünməli, təkliflər irəli sürməli, real işlərlə məşğul olmalıdırlar. Bir qədər əvvəl isə Azərbaycanın Dövlət Himninin uzun olması ilə bağlı Tahir Kərimlinin səsləndirdiyi fikrə rast gəldim. Bilmirəm bu Tahir Kərimlinin öz ağlının məhsuludur, ya ona kimsə kənardan bu "ideyanı" verib, sakitcəsinə deyirəm: ayıbdır. Bu gün MM-də oturan 125 deputatdan, rəhbərlikdə təmsil olunanlar, komitə və komissiya sədrləri, müavinləri də daxil olmaqla, sizi inandırım ki, 90-95 faizi çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu Dövlətin Himninin nə sözlərini bilir, nə də məğzini, mənasını anlamır. Tez-tez müxtəlif səviyyəli yerli və beynəlxalq rəsmi tədbirlərdə iştirak edirəm. Və xəcalət hissi keçirirəm ki, bizim adı millət vəkili olan çoxsayı depuatatlarımız, həmçinin rəsmi şəxslər nədənsə özlərinə ar bilirlər Dövlət Himninin sözlərini ucadan oxumağa və səsləndirməyə. Son vaxtlar MM üzvü olan xeyli sayda sağ olan və dünyasını dəyişən deputat(lar) öz əndrabadi hərəkətləri və fikirləri ilə cəmiyyətdə çox böyük gərginliyə səbəb olan "şedevrlər" tirajlayıblar. Çox istərdim ki, MM rəhbərliyi deputatlardan bir qədər ciddi olmağı və səsləndirdikləri ifadələrə, sözlərə son dərəcə diqqətli, ehtiyatlı yanaşmağı tələb etsin. İndiki halda isə, MM-də artıq 3 ildən çox müddətdə təmsil olunan Tahir Kərimliyə bir Vətən müdafiəçisi, Silahlı Qüvvələrin uzun illər nümayəndəsi olmuş, eyni zamanda mətbuat işçisi olaraq müraciət edirəm, məsləhət görürəm ki, ağıllı olsun. Çox uğursuz və yersiz bir təklifdir. Görün iş nə yerə çatıb ki, DÖVLƏTİN ali simvollarından biri sayılan Himnə də qarşı dil uzadanlar tapılır. Hamımızın borcu ondan ibarət olmalıdır ki, Bayrağımızı, Himnimizi, Gerbimizi göz bəbəyimiz kimi qoruyaq, ona şərəf, ucalıq gətirək.
Tanrı Azərbaycanımızı, onun Xalqını, Dövlət Rəmzlərimizi qorusun!

Üzeyir Cəfərov, hərbi ekspert

Əlaqəli xəbərlər