"Düşmənin ən pis vəziyyətindən də istifadə olunmursa...”

Ilham Ismayil

“Qalx, ey lənətlə damğalanmış aclar və qullar dünyası!”

Tanış gəldimi bu çağırış? Fransız şair Ejen Potyenin Paris Kommunasına həsr etdiyi və sonralar “İnternasional” adı ilə beynəlxalq kommunist hərəkatın himni olmuş şeiridir. Internasional ideyası dövrü keçib, amma “lənətlə damğalananlara” müraciət, planetdə hələ uzun müddət müasir qalacaq.


Bu, azadlığa çağırışdır. Qarabağ işğaldadır və biz onu azad edə bilmirik. Deməli, biz də "lənətlə damğalanan” bir toplumuq və neçə ki, vətənimizi azad edə bilməmişik, sosial və şəxsi statusundan asılı olmayaraq özünü bu ölkənin vətəndaşı hesab edən hər kəs özünə sual verməlidir- kimik biz? Lənətlə damağalananlar! Özünü bu cür hesab etməyənlər, bu hissləri içində gəzdirib ondan qurtulmaq istəməyənlər nə bu dövləti, nə bu milləti, nəhayət Vətəni sevməyənlərdir, Azərbaycana yalnız onun sərvətlərindən bəhrələnmək və maddiyatını artırmaq mənbəyi kimi baxanlardır. Axı, belələri ( ilahi, onlar niyə bu qədər çoxdurlar?) hardan bilsinlər ki, vətən nədir, dövlət nədir və Qarabağ bu dövlətin, bu millətin dünənində, bu günündə, gələcəyində hansı dəyərin daşıyıcısıdır.

“Xalqa, dövlətə, torpağa sevgi üzərində yapılan hər nəsnə xoşdur”. Bu sözləri Aydın Canıyev yazır. “O xərçəngin adı Qarabağdı” möhtəşəm yazısında "hər bir ölkə vətəndaşını" sadəcə bəyanat verin: "Mən Qarabağlıyam - yəni Qarabağ Komitəsinin üzvüyəm”-deməyə çağırır. Bu gün hamının “mən Qarabağlıyam” deməsinə ehtiyac var.

Bir dəfə yazmışdım: Qarabağ azad etmək üçün Qarabağı sevmək lazımdır. Baxın, Aydın Canıyev nə yazır: "Bizim xilasımız sevgidən keçir – Azərbaycanı sevməkdən. Sehrini, magik gücünü çoxdan itirmiş “sevgi xarüqələr yaradır” şüarından! ". Yazar ona görə xarüqə deyir ki, qarşımızda nəhəng biganələr seli və onları idarə edən mənəviyyatı çox boş, fiziki gücü isə ondan iki dəfə çox dayananlar var. Onlara təsir etmək xarüqədir! Edə bilərikmi? Bilərik!

Aydın Canıyev çağırışı jurnalist kimi yox, ziyalı kimi yazıb. Aydın Canıyev elə ən böyük ziyalıdır. Özünü ziyalı bilənlər- Elmlər Akademiyasının akademikləri, Yazıçılar Birliyinin məmur yazarları, Bəstəkarlar İttifaqının üzvləri, rəssamlar, müğənnilər daha kimlər, kimlər: bu son 10 ildə Qarabağla bağlı səsiniz çıxıbmı? Aydın kimi bir yazı yazmısınızmı? Xalqa, dövlətə səslənmisinizmi?

Ümumiyyətlə, bir vətəndaş kimi Qarabağ problemi sizi narahat edirmi? Susqunluğunuzdan hiss olunur ki, yox, narahat deyilsiniz. Amma, Qarabağ adı gələndə narahat olursuz. Elə bil ki, zamanında deyilmiş “ötmə dedim, ötmə tar, istəmir ki, proletar, səndə çalınsın “Qatar”” ənənəsi davam edir. Yoxsa, Qarabağ adını çəkməyi “müasir proletarlar” özünü ziyalı bilən zümrəyə qadağan edib, ya dolayısı ilə ona işarə vurub? Yeri gəldi –gəlmədi dünyaca məşhur adamlardan, yazıçılardan sitat gətirərsiniz. Rastrapoviç 1991-ci ildə Rusiyada Putça zamanı Moskvadakı Ağ evi qoruyanlardan biri olub. Baxmayaraq ki, artıq sovet sistemi onu da arvadını da vətəndaşlıqdan çıxarmışdı, amma o əsl ziyalı -vətəndaş mövqeyi nümunəsi göstərdi. Rastropoviç ola bilərsinizmi?

Keçən həftə İstanbulda Atlantik Əməkdaşlıq Assosiasiyasının (ATA-Atlantic Treaty Association) tədbirində iştirak edirdim. Nüfuzlu tədbir iştirakçılarından biri Qarabağla əlaqədar kuluar söhbətlərində dedi ki, Azərbaycan GUAM-dan de-fakto aralanıb, ola bilsin ki, yaxın günlərdə-dekabrın 6-dan sonra Sankt-Peterburq görüşündə Azərbaycanı KTMT-yə müşahidəçi kimi qəbul etsinlər və sizin parlament də belə bir qərar versin. Düzü inanmağım gəlmədi, amma indiyədək baş verənlərin təhlilini, parlamentin kəramətini və eşitdiyimi region haqqında informasiyalı bir şəxsin dediyini nəzərə alsaq, KTMT bataqlığına sürüklənməmizin mümkünlüyü də istisna deyil.

Bizim maraqlara tamam zidd bir addım atıla bilər. Burda udan yalnız Rusiya olacaq. Belə bir halın baş verməsini Qarabağın işğalının rəsmləşməsi prosesinin başlanğıcı hesab etmək olar.

Deyə bilərsiniz ki, Aydın Canıyevin çağırış-yazısı ilə bu informasiyanın nə əlaqəsi? Var əlaqəsi. Sabah bu cür qərarlar qarşısında, Qarabağın itirilməsinin rəsmiləşməsi yolunda veriləcək mümkün qərarlara qarşı çıxmaq, yazı yazmaq, çağırış etmək, addım atmaq kütlənin işi deyil, ziyalının, passionar şəxslərin işidir. Əhməd bəy Ağaoğlunun ziyalı haqqında sözlərini bir də xatırlayaq: ““Əsl ziyalılar öz inamlarının istisi ilə hərəkətsiz, soyuq kütləni qızdırır, öz qəlb atəşinin qığılcımını kütləyə verir, böyük fədakarlıq və sədaqətlə gələcəyə irəliləyirdilər. Bu cür ziyalılardan məhrum olan xalq məhrumiyyətlərə düçar olacaq”.

“Lənətlə damğalanmış”, məhrumiyyətlərə düçar olan toplumun çıxış yollarından biri Aydının dedikləridir:” “Nə etməli?” sadəcə, Çernışevskinin tarixi-siyasi aforizmi deyil! Bizim əbədi dilemmamızdır! Dəhşət həm də odur ki, bizi nə hərbi gücümüz, nə iqtisadi qüdrətimiz, nə elmi potensialımız bu miskinlikdən qurtarmır!”. Ermənistandakı son altı aylıq hökümətsizlikdən yararlanıb heç bir hərbi, diplomatik addım ata bilmədik. Belə çıxır ki, düşmənin ən pis vəziyyətindən də istifadə olunmursa, ümumiyyətlə Qarabağın azad edilməsi gündəmdə deyil. Bəs nədi bu ölkənin gündəmi? Deyilən gücü hərəkətə gətirmək üçün ziyalının - “vətəni işğaldan azad et” tələbinə, çağırışına, sözünə ehtiyac var. Yoxsa başımızın üstündəki kabusu- “lənətlə damğalanmışlar” adını ömür boyu yox, tarix boyu, dünya durduqca bu millət, gələcək nəsillər üstündən ata bilməyəcək.

İlham İsmayıl

Əlaqəli xəbərlər