RÖVŞƏN NOVRUZOĞLUNUN "OLİQARX" ƏSƏRİNDƏKİ DÜŞÜNDÜRÜCÜ SƏHNƏLƏR

Rovsen Novruzoglu 

  Bu yaxınlarda araz.az saytında dərc etdiyimiz bir xəbərdə deyilirdi ki, tanınmış politoloq-alim, “Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı Mübarizə” Strateji Araşdırmalar Mərkəzinin direktoru, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Novruzoğlunun "Oliqarx" kitabının Azərbaycan, ingilis və rus dillərində nəşrinə artıq hazırlıq gedir. Xəbərdə o da qeyd edilirdi ki, ABŞ-ın Azərbaycandakı səfirinin də xüsusi maraq göstərdiyi bu əsərin oxucuların böyük marağına səbəb olacağına şübhə qalmır. 

      Müəllifin özünün araz.az-ın əməkdaşına dediyi kimi, bu mövzulu yazılar uzun zamandan bəri yazılı və elektron mətbuatın lideri olsa da, təəssüf ki, cəmiyyət, özünün çözülməz probleminə çevrilən oliqarxiya rejiminin, inhisarçılığın daha ciddi tənqid edilməməsi sarıdan hələ də korluq çəkir. Uzun zamandır cəmiyyətin bəlasına, dərd-sərinə çevrilən oliqarxiya və oliqarxlar barədə yazılası hələ çox şeylər olduğundan, ayrı-ayrı fəsillərdən ibarət bu kitabın bütün yazılarındakı kiçik epizodlar belə, fakt və sübutlar əsasında qələmə alınıb və bu boşluğu doldurmağa hesablanıb. Bizim ölkəmizdə belə oliqarx məmurların kiçik bir zümrəsi qaldığından və bu qrupun fəaliyyəti vətəndaş mənafeyinə tuslandığından, bu, olduqca ciddi bir təhlükəyə çevrilib. Onlar inhisarda saxladıqları iri şirkətləri, holdinqləri və digər müəssisələri vasitəsilə, ölkədə azad biznesin inkişafına ən çox zərbə vuran bir zümrəyə çevrilib. Məhz bunun acı nəticəsidir ki, əhali dolanışıq sarıdan uzun zamandan bəridir əziyyət çəkir. Hər şeyi əlində cəmləşdirən bu təhlükəli zümrə ilə mübarizə də asan olmur. 

     Çapa hazırlanan bu əsərdə yazılanlar birbaşa bu təhlükəyə qarşı yönəldiyindən, kitabdakı bəzi maraqlı epizodları oxucularımızın da diqqətinə çatdırmağı lazım bildik.

(Əvvəli ötən sayımızda)

 

“QAN PULU NAZİRLİYİ”, GÜLÜMSƏYƏN HEYKƏL VƏ...

 

      ... Nazirliyin  hündür mərtəbəli binasından çıxarkən, qabaqcadan nəsə hiss edirmiş kimi, başından yaylığı sürüşüb düşmüş qadının heykəlinə baxdı -- özü də, təlaş dolu bir diqqətlə. Hələ buna cəhd edib, istədi ki, sinəsinin düymələri qırılıb tökülmüş, başı, yaxası açıq bu heykəl təsvirli qadını tanısın -- tanıya bilmədi. 

        Amma sonradan sonraya tanıdı da. Və dərindən köksünü ötürüb, barmaqlarıyla ovucunda sıxdığı telefonun düymələrini basdı: 

       -- Alo... Alo... Mənəm, Səlim Daşdəmiroviçdi... Ədə, başla da. Hələ tüstülənmir axı. Ocağı qala da. Nədən, tüstü-filan görmürəm! 

       El arasında "Çanaq" ləqəbi qazanmış nazir bunları deyib, yenə telefonun düyməsini basaraq, ovucunda sıxdı. Gözlərini başından yaylığı sürüşüb düşmüş, yaxası-başı açıq, tumanı neçə yerdən sökülüb-tökülmüş qadının heykəlinə zillədi. Acı-acı gülümsündü də; Ona elə gəldi ki, bu heykəl, bir vaxtlar hər gün onun rəhbəri olduğu nazirliyin qapısı ağzına toplaşıb, dərd-sərlərini demək üçün növbə tutan şikayətçi qadınların arasındakı həmin o ən balaca gözəldir. Getdikcə, gözəlliyini itirərək, eybəcərləşib. Sonda, heykələ dönərək, bitib burada...

        ...Nazir bu acı xatirələr cəngində ikən, nazirliyi tüstü bürüdü. Bir andaca, mərtəbələri, keçid və pilləkənləri tüstü-duman başına götürdü. "Çanaq"ın arxivi od tutub, yanırdı. İllərdən bəri min bir fırıldaqla düzülüb, qoşulmuş və imzası atılmış sənədlər, arxivi başına götürən qara tüstülər çanağında "xırıltı ilə can verirdi". 

        Az keçmədi, nazirliyin zınqırovu da çalındı. Kimsə, bu zənqırovıun düyməsini var gücü ilə basaraq, bir haray-həşir qopardı ki: 

     -- Axı, vaxtında deyirdim ki, sataşmayın mənə... Yan! Elə yan ki, külün göyə sovrulsun, tozun da qalmasın!

      Nazir qanrılıb, nazirliyin pəncərələrini gözdən keçirtdi. Bu dar məqamda belə, --özündən asılı olmayaraq, -- yenidən yaylığı çiyinlərinə sürüşüb düşmüş həmin qadın heykəli ilə üz-üzə dayandı.

       -- Bacı qızı, sən, bu nazirliyin simvolusan! -- dedi: -- Səni kim düzəldib, bura qoyubsa, düz eləyib! Çox uzaqgörənmiş!.. Bura uşaq pulu üçün, pensiya üçün kim gəlibsə, hamısı sənin kimi dayanıb. İndi də elədir. Arada  qışqıran da olur: "Pulumu verin!". Pulunu ala bilməyənlər, ağlayırlar da... 

       ...Gec-tez, yanğınsöndürən dəstələrin hərəsi bir maşın su da gətirdi. Bu suları tezcə yuxarı mərtəbələrə boşaldaraq, qorxurmuş kimi, aradan da çıxdılar. Bu gərginlikdə, dəniz tərəfdən nazirin telefonuna bir neçə zəng də gəldi. Həmin zənglərin gətirdiyi həyəcan və  qorxunun təsiri, onun sifətinin rəngini də dəyişdi. Bu anlar, həmişə xod gedən və uzun zaman oliqarx bir kreslo sahibi kimi özünü tanıdan Çanaq Səlim, sanki "çanağına sığınmış tısbağaya" bənzəyirdi. 

        İstər-istəməz, o, bu zənglərdən birinə cavab verdi. Titrək səslə astaca soruşdu:

         -- Kimdi?!. Fazil?!. Hansı Fazil?!. Çernobıl Fazil?!. Ay qadanı alım, necəsən?.. Vallah, bilmirəm kim yandırdı. Amma yaman yandırdı... Yıxsın-yıxsın, Allah baisin evini yıxsın... Arxiv bizim vicdanımız, əxlaqımız, sərvətimizdir. Amma yandırdılar. Arxivi də yandırarlar heç?.. 

          Nazir hiss etdi ki, Çernobıl Fazil də, onun kimi həyəcanla, titrək səslə qorxa-qorxa danışır. Ona ürək-dirəyi də qorxa-qorxa verir. 

      -- Ədə, Fazil, ürəkli ol, mənəm, başqası deyil! -- deyə, güya, ona toxtaqlıq verirmiş kimi soruşdu: -- Neynədin? O qızın belini qayırdılar? Ədə, nə ağılla onun belinə çıxmışdın?!. 

        Sualına cavab ala bilmədi. O tərəfdəki telefon da, nazirlik binasındakı yanğın kimi söndü. Bu sönmələrin fərqi yalnız ondaydi ki, çox keçmədi, bu yanğından qopan hərarət,  cəmiyyətin xod gedən oliqarx məmurlarından biri kimi tanıdığı Çanaq Səlimi kreslosundan qoparıb, saldı aşağı.  

        Di gəl ki, oliqarxsayağı bir bəxti də var Çanaq Səlimin. Bu vəzifə kreslosundan qopan kimi, o, on milyardlıq sərvəti qarışıq, düz düşüb möhtəşəm bir kişinin qucağına. Yalan-doğru, onda bu mənzərəni görüb, şahidi olanlar -- sübhə qədər balasına çörək qazanmaq üçün, şəhərin küçələrini ayaqdan keçirənlər, bundan sonra nazirliyin qabağında növbə tutan hamilə qadınlar... deyirlər ki, nazirliyin qabağındakı yaylığı çiyinlərinə sürüşüb düşmüş həmin qadın heykəlinin yanındaca, Çanaq Səlimin çanağı möhtəşəm bir adamın qucağına düşdü və bu hadisə onları yamanca heyrətləndirdi. Hətta, o, bu qəribə hadisənin ona bəxş etdiyi sevincin təsirindən qol götürüb, elə, nazirliyin qabağında oynadı da. Sonra isə...

       ... Çox keçmədi, eks-nazirin bu sevincli anları, ağı, mərsiyyə deyimli acı bir məclisə çevrildi. Bu zaman, o, ağı, mərsiyyə deyə-deyə, çoxlarına qəribə gələn bir tərzdə coşaraq, oynadı da. Belə deyirlər ki, bu qəribə oyun "şaxsey-vaxseyi" də xatırladırdı:

 

-- Aşıq ellilər, haray! 

Şana tellilər haray! 

Dəhnəmi sel apardı, 

Əli bellilər, haray! 

 

Əli belli neyləsin! 

Şana telli neyləsin! 

Dəhnəniz çürük çıxıb, 

Əli belli neyləsin!.. 

 

       ...Azərbaycanın oliqarx məmurları dünya oliqarxları arasında “arxiv yandırmaq taktikası" ilə məşhurlaşıblar. 

Arxivlər yanıb. Milyardların yeyinti təsdiqi olan möhür və imzalı saysız-hesabsız qovluqlar od tutub. Qara tüstüsü kasıb gözlərinin acısına çevrilib.

       Öncə bizim dövlətin Vergilər Nazirliyinin təqribən 10 milyardlıq saxta  yalanına od vurulub. Onda bunun səbəbini nə araşdıran oldu, nə də soruşan. Sonra yol nazirliyinin arxivi od tutdu. Ordan da, təqribən 30 milyardlıq yeyintinin təsdiqi olan saxta sənədlər "oğurlandı". Yenə soruşan olmadı. Bundan sonra "Metropoliten"in arxivinə od düşdü. Amma yanmadı, söndürdülər. Nə olsun, ordakı sənədlər bütöv şəkildə qeyb oldu. Burada da, 30 -- 40 milyard dollar  yelə getdi. Yenə soruşan olmadı. 

Onun ardınca isə, elə, qan pulu verən bu nazirliyin arxivinə od vuruldu. Yanan yandı, oğulanan oğurlandı...      

        “Qan pulu nazirliyi”nin ortada olan bütün saxta yeyinti sənədlərinə od vurub, yandıraraq sıradan çıxaranlar hər şeyi təzədən başlatdı: Təzədən yemək üçün, təzədən harınlıq və sərvət toplamaq üçün. 

     Bu vəzifənin taxt-tac əzəmətli kreslosuna təzə bir adam da oturdular. Burada indi də gözləyirlər ki, yeni şəhidlər gəlsin. Onların isti qanı, Çanaq Səlimin taxt-tacına suvanmış soyumuş və qurumuş qanlara qarışsın... 

      Yəni, belə də olar -- qanı qana qarışdırmaq?! 

      Məgər təzə gələn bu kreslo sahibinin də, oliqarx kimi tanıdığımız eks-nazir kimi, yenidən ölüb-itənlərin qan pulunu hesaba vurmağa cürəti çatacaq?!

     Bəyəm, pinəçi Cəfərin aman-zaman oğlunun, qırçı Dadaşın nəvəsinin, süpürgəçi Ələşrəfin və dəllək Baharın oğlanlarının... qan pullarını da mənimsəmək asan olacaq?!. 

         ... İndi də, nazirliyin qabağındakı həmin o qadın heykəli hələ də oynayır. Və bu zaman Çanaq Səlimin o vaxtlar nəqliyyat vasitəsi olan at arabasında dünyaya gələn, ötən əsrin 60-cı illərində yazıb-yaradan məşhur dostu Tağı Təkərlinin qəzəli səslənir: “...Ağ şərabı, Təkərli içmək istəyir! Gəlsin, gəlməsin?!.”

 

(Davamı var).    

 

       MÜƏLLİFDƏN: Mən, ölkənin həm maddi, həm də mənəvi sərvətlərini qorxub-çəkinmədən çapıb-talayan, onu viran qoymaqdan belə çəkinməyən, lakin tutduqları bu məsul vəzifələrindən hörmət və izzətlə yola salınan oliqarx məmurların hər biriylə ayrı-ayrılıqda görüşdüm. Təəssüf ki, onların davranışları, həyata və cəmiyyətə baxışları hələ də dəyişməyib. 

        Bu səbəbdən, amerikalı tədqiqatçı Raymond Kouenin məsləhətləri əsasında yazılmış bu kitabda hər kəs öz adı ilə çağrılacaq. Bu sarıdan ictimai qınağa tuş gələn heç kəs kənarda qalmayacaq -- bu əsərdə obraz kimi! 

         Getdikcə daha da mafiyalaşan və beynəlxalq mafiyanın "qırılmaz" bir qoluna çevrilməkdə olan Azərbaycan oliqarxları üçün, “Baksovet” adlı "dərdə qəbir evi" də ayrılıb. Bəs, bunlara yenidən qapı açan, onları yenidən yüksək vəzifələrə gətirib, sərvət üstə çıxaranlar kimlərdir?!  Bu yönlü suallardan doğan günah sahiblərini başqa qapılarda axtarmayın. Şübhə etmirəm ki, bu kitab səs-küylü, polemikaya çağırışlı bir əsər kimi, həmişə diqqətdə olacaq, verilən bu və bu kimi sualların tam cavabına çevriləcək. Çünki onların kimliyinin, həyat və fəaliyyətlərinin sirləri əsərdə tam verilib.

      Növbəti sayımızda əsərin  “İslamda Şərab” hissəsi ilə tanış olacaqsınız.

Əlaqəli xəbərlər