Dövrümüzün mürəkkəb məsələlərindən biri də öz həllini tapdı!

Yusif-Babanli.jpgSon 15 ildə Azərbaycanın hərtərəfli inkişaf yoluna nəzər salsaq, ölkəmizin bütün sahələr üzrə çoxsaylı uğurlar əldə etdiyinin şahidi olarıq. Bütün bunlar xalqın gələcəyə optimist baxmasına əsas yaradır. Respublikamızın iqtisadi, siyasi, mədəni sahələrdə bir-birinin ardınca uğurlara imza atması dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların məntiqi nəticəsidir. Bir neçə il əvvəl dünyanı maliyyə və iqtisadi böhran bürüyəndə, neftin qiyməti kəskin ucuzlaşanda da Azərbaycan elə də ciddi zərbə almamışdı. Çünki növbəti mərhələdə qeyri-neft sektorunun inkişafı, iqtisadi və maliyyə sisteminin sabitliyinin təmin olunması, biznes mühitinin daha da yaxşılaşdırılması, əhalinin sosial rifahının yüksəldilməsi və digər istiqamətlərdə strateji əhəmiyyətli tədbirlər davam etdirilmişdi.

Son illər iri infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanın iqtisadi qüdrətini, beynəlxalq əlaqələrini daha da gücləndirdi, yeni iş yerləri açıldı, əhalinin sosial-rifahı getdikcə yaxşılaşdırıldı.
Bu gün Azərbaycan transregional iqtisadi layihələrin reallaşdırılmasında fəal iştirak edən ölkələrdən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, təkcə Azərbaycan üçün deyil, həm də Avropa üçün olduqca böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmçinin digər sosialyönümlü layihələrin reallaşdırılması ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artır. Həmin layihələrin Azərbaycana birbaşa səmərəsi böyükdür. Bu, Azərbaycanın beynəlxalq nəqliyyat sisteminə qoşulmasında böyük rol oynayır, eyni zamanda, ölkəmizə əlavə dividendlər gətirir.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması da xüsusi qeyd olunmalıdır. Bu sənədin imzalanması ilə dövrümüzün mürəkkəb məsələlərindən biri də öz həllini tapdı.
Məlum olduğu kimi, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələ uzun illər idi ki, müzakirə mövzusu idi. 1996-cı ildən konkret sənəd üzərində aparılan danışıqlar nəticə vermirdi. Nəhayət, bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri həmin tarixi əhəmiyyətli sənədi imzaladılar. Bu sənəd sahilyanı ölkələrin sıx qarşılıqlı fəaliyyətini, birgə əməkdaşlığı gücləndirmək istiqamətində perspektivlər açacaq. Dünyanın tanınmış ictimai-siyasi xadimləri də bu qənaətdədirlər. Mən bu məsələ ilə bağlı BMT Baş katibinin bəyanatı, xarici ölkə politoloqlarının fikirləri, dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan şərhlərlə tanış olmuşam. Bunların hamısında konvensiyanın əhəmiyyətindən söhbət açılır, təkcə Xəzəryanı dövlətlərin deyil, digər ölkələrin də faydalanacağı bildirilir. Qeyd edilir ki, konvensiya bundan sonra təhlükəsizlik üçün cari və potensial təhdidlərə cavab olacaq. Bununla yanaşı, beynəlxalq müqavilələrin bir növü olan konvensiya bütün məsələləri əhatə edir. Ümumilikdə, konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığında şəffaflığın artırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək.
Hesab edirəm ki, bu sənəd bir çox məsələlərin münaqişəsiz həlli üçün əlverişli şərait yaradacaq. Sənədin imzalanması əsasən neft və qaz yataqlarının mənsubiyyəti barədə mübahisələrin həllini, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi imkanlarını, Xəzərdə təhlükəsizlik məsələlərinin həll olunmasını asanlaşdıracaq.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan konvensiyanın hazırlanmasının bütün mərhələlərində öz töhfəsini verib və daim konstruktiv təkliflər irəli sürüb. Dövlətimizin başçısı V Zirvə toplantısında bildirib ki, bu gün Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında daim fəal iştirak edib.
SSRİ dağılandan sonra Xəzəri təhlükəsizlik və əməkdaşlıq məkanı kimi qoruyub saxlamaqda Azərbaycan daim konstruktiv, həlledici səylər göstərib. Bu səylər artıq öz bəhrəsini verdi. Bu illər ərzində Azərbaycanın ortaya qoyduğu nə şərtlər var idisə, onların hamısı bu sammit çərçivəsində imzalanan sənəddə öz əksini tapdı. Bu, eyni zamanda, regional əməkdaşlıq və təhlükəsizliyin əsas şərtlərindən birinə çevrildi.

Yusif BABANLI,
professor

Əlaqəli xəbərlər