Dünya “Artsax TV” kanalına baxır - Qarşısı alınmalıdır

1547021758_0001.jpg

“İntelsat 33” peyk operatoru Dağlıq Qarabağdakı qondarma rejimin “Artsax TV” adlı telekanalını yayımlamağa başlayıb. Belə ki, erməni separatçılarının telekanalı bu peykdə yanvarın 6-dan görünməyə başlayıb və HD formatında yayımlanmaqdadır.

Qeyd edək ki, “İntelsat 33” peyk operatoru 2017-ci ildən fəaliyyət göstərir və Avropanı, Asiyanı, Yaxın Şərqi, Afrikanı, Aralıq dənizi və Hind okeanı regionlarını əhatə edir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin telekanalına Türkiyə, Gürcüstan, İran, Rusiyanın bir hissəsi, Ukrayna, bir sıra Avropa və Yaxın Şərq ölkələrində baxa bilərlər.

Mövzu ilə bağlı olaraq Cebhe.info-ya danışan Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib ki, bu xoşagələn hal deyil:

 

“Hesab edirəm ki, bizim müvafiq orqanlar bununla bağlı olaraq addımlar ataraq, müəyyən nəticələr əldə edə bilərlər. Peyk yayımının beynəlxalq qaydaları var və bu peyklər bəlli ölkələrə, yaxud da hansısa beynəlxalq qurumlara məxsus olurlar.

Bizim aidiyyəti qurumlar “İntelsat 33” peyk operatorun hansı ölkəyə və ya hansısa beynəlxalq quruma aid olmasını müəyyənləşdirməli, bununla bağlı etirazlarını bildirməli, rəsmi müraciət etməlidirlər. Bundan qabaq da belə hadisələr yaşanıb, ölkənin əleyhinə müxtəlif yayımlar olub və bununla bağlı müəyyən addımlar atıldıqdan sonra bunun qarşısı alınıb”.

Ekspert həmçinin əlavə edib ki, Xarici İşlər Nazirliyi, Milli Televiziya və Radio Şurası həm hökumət, həm də aidiyyəti qurum kimi müraciət etməli, bunun qarşısını almaq üçün çalışmalıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Zamirə Ədilova isə açıqlamasında bu mövzu ilə bağlı bir neçə sualların daxil olmasını və cavab veriləcəyini qeyd edib.

 

Qeyd edək ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi və Milli Televiziya və Radio Şurası ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Ümid edirik ki, qondarma rejimin yayımı davam edən telekanalı ilə bağlı olaraq müvafiq orqanlar mövqelərini yaxın günlərdə bildirəcəklər.

Hicranə İsmayılova
/Cebhe.info/

Əlaqəli xəbərlər