«Jurnalistikamız Vüqar Səfərliyə minnətdar olmalıdır ki…»

1549011671_asif-merzili.jpg

Asif Mərzili: «Peşəkar jurnalistlərə hər zaman və hər yerdə iş var…»
Dünən KİVDF-də növbəti rüb üçün bir sıra KİV-lərin maliyyələşməsi ilə bağlı toplantı keçirilib. Beləliklə, indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar verilib. Daha doğrusu, yeni şərtlərə görə, artıq 20-yə yaxın qəzetin həmin şərtlərə cavab vermədiyindən maliyyələşmədən kənarda qalacağı bildirilir. Yerli KİV-lərin yaydığı məlumata görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunub. Artıq «Bizim yol», «Reytinq» və s. qəzetlərin rəhbərləri bu yolu məcburi getmələri barədə qərarını elan ediblər. Bəzi elektron KİV-lərin yaydığı xəbərə görə isə, maliyyələşmədən kənarda qalan KİV-lərin cərgəsi də məlumdur: “Şərq”, “Ədalət”, “Üç Nöqtə”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”,“Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetləri. Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər”, “Xalq cəbhəsi” və “Novoye Vremya”nın adları çəkilir.


Yaranmış vəziyyətlə bağlı «Təzadlar»ın baş redaktoru Asif Mərzili ictimainezaret.com-un suallarına belə cavab verib:
-KİVDF-nin fəaliyyət göstərdiyi 10 il ərzində həqiqətən də yazılı mətbuata böyük maliyyə dəstəyi edib, bunu alqışlamaq lazımdır, mən də təqdir edirəm. Bu başqa məsələdir ki, bir çox KİV-lər bu yardımdan daha da kəsərli, peşəkar KİV-ə çevrilmək imkanı əldə etmədən, əksinə ələbaxımlı olublar, oxucu sayını durmadan itiriblər. Baxmarayq ki, rəhbəri olduğum «Təzadlar» qəzeti KİVDF-nin fəaliyyətinin elə ilk ilində layihə qalibi olmuşdu, bir il bu layihələrdə iştirak etmişik. Lakin sonra bu maliyyələşmə dayandırıldı, daha doğrusu, özümüzün tərəfindən faktiki imtina edildi. Səbəbləri müxtəlifdir, amma əsas səbəb kimi onu göstərə bilərəm ki, şərtlər bizim üçün ağır idi, çünki həftəlik nəşr olunan qəzet üçün (əvvəllər gündəlik nəşr olunurduq) verilən məbləğin xeyli hissəsini büdcəyə qaytarmaq lazım gəlirdi, bizə isə əziyyəti, yazışmalar, hesabatlar vermək qalırdı. Amma elə qəzetlər var idi ki, onları siz də tanıyırsınız, o ağır şərtlər onların vecinə deyildi. İndi maliyyəsi kəsilən qəzetlərin rəhbərlərindən narazılıqlar eşidirik. Əksinə, onlar Fondun icraçı direktoru Vüqar Səfərliyə minnətdar olmalıdırlar ki, 10 il ərzində hazır maliyyə ilə tənbəlləşmənin qarşısı alınacaq. Mən dəfələrlə həm TV çıxışlarımda, həm də qəzet və ya saytlardakı müsahibələrimdə deyirdim ki, necə ola bilər, Prezident İlham Əliyev məmurları sərt tənqid edir, nöqsanlarını söyləyir, onları cəzalandırır, amma Prezidentin ayırdığı pullarla nəşr olunan qəzetlər isə ağzına su alıb susurlar? Hansı ki, o qəzetlərin böyük əksəriyyəti maliyyə yardımı alana qədər çox oxunaqlı idi, amma son 10 il ərzində ancaq maklatura üçün işlədilər. Çünki tənbəllik yarandı. Məsələn, vaxtiə «Ədalət» qəzetində rəhbər vəzifədə çalışmışam. Elə vaxt olurdu ki, «Ədalət»in 80 -100 min tirajla çıxan nüsxəsi səhəri gün təkrar çap olunurdu. «Bizim yol», «Xalq cəbhəsi», "Reytinq" və s. qəzetlər də bu sırada, vaxtilə oxunaqlı qəzetlər idi. Amma kimsə inciməsin, elə qəzet var ki, son 10 il ərzində bir dəfə də olsun köşkdən alıb oxumamışam. Axı nə vaxta kimi agentliklərin məlumatlarını, yaxud da pensiyaya çıxmış şairlərin şeir və ya xatirələrini çap etmək olar?!
-Bu vəziyyət ümumən qəzet bazarında hansı mənfi və ya müsbət təsirlərə səbəb ola bilər?
-Burada məsələ çox qəlizdir…KİVDF indiyədək 30-dan çox qəzeti maliyyələşdirirdi. Sual edirəm: maliyyə alan bu qəzetlərin hansını nümunə çəkə bilərsiniz ki, məsələn, filan araşdırma yazısı cəmiyyətdə böyük rezonans doğurub, yadda qalan olub, yaxud bu yazı hansısa vətəndaşın və ya kollektivin ciddi bir probleminin həllinə kömək edib, Azərbaycan həqiqətlərinin, Qarabağ probleminin kənar ölkələrin birində işıqlandırılmasını təmin edib və s. Hansı ki, bu qəzetlərdə peşəkar jurnalistlər az deyil… Kiminsə xaricdə şeiri və ya hekayəsi çap olunubsa, mən bunu nəzərdə tutmuram. Məsələn, mən bu maliyyə yardımı alan KİV-lərin 19 istiqamət üzrə həyata keçirdikləri layihələrə də baxmışam. Adi qaydada internetdən götürülmüş məlumatlar əsasında yazılmış və artıq kimsənin oxuyacağı maraqda olmayan primitiv məqalələrdir. Əgər buna layihə icrası deyirlərsə, bu doğru düşüncə deyil. Halbuki həmin vəsaitlərdən istifadə etməklə jurnalistlərimizi xarici ölkələrə göndərə, Azərbaycanla bağlı düşüncələrə hesablanmış yazılar hazırlamaq, yaxud elə özümüzdə o qədər ciddi problemlər var ki, onları işıqlandırmaq olar. Yenə də deyirəm, Prezident onların hamısını dilə gətirir, deyir, tənqid edir, həmin problemləri götürüb ciddi araşdırma yazılar hazırlaya bilərlər. Etmədilər. Ona görə də Fondun rəhbəri Vüqar Səfərlini bu məsələdə «düşmən» gözündə görməyin tərəfdarı deyiləm. Əksinə, Vüqar Səfərli onlara böyük yaxşılıq etmiş oldu ki, bəlkə bundan sonra tənbəlliyin daşını atıb ciddi, maraqlı, tənqidi və ya araşdırma yazılar yazdılar. İnanıram ki, belə olandan sonra vaxtilə oxunaqlı olmuş həmin qəzetlər yenə də oxucu rəğbətini qazanacaqlar. Mövzu isə istənilən qədər var. Məhkəmə sistemimizdə, sahibkarlıq fəaliyyətində, yol polisinin işində, təhsildə, yol təsərrüfatında, səhiyyədə və s. istənilən qədər mövzu vardır və ciddi araşdırma yazıları hazırlamaq çətin deyildir.
-Sonda, həmin qəzetlərin maliyyələşməsinin dayandırılması jurnalistlərin işsiz qalmasına gətirib çıxaracaqmı?
-Peşəkar jurnalist üçün hər zaman və hər yerdə iş var. Jurnalist ictimai vəkildir. Mən həmişə deyirəm, bəziləri bunu öz şəxsi düşüncəsi bucağından yanaşır: hansısa vəkil hüququ pozulmuş sahibkardan, yaxud adi vətəndaşdan külli miqdarda pul alır və sonda da heç bir iş görmür. Amma peşəkar jurnalist həmin vətəndaşın problemini araşdırıb onun hüququnu lazımi səviyyədə müdafiə edib qarşılıqlı razılıq, müqavilə əsasında qonorar ala bilər. Məslən, bizə çoxsaylı sahibkarlar, fermerlər və s. müraciət ediblər ki, filan məmur bu qədər ziyan vurub. Onlarla özlərinin təklifləri əsasında rəsmi müqavilə bağlayıb hüquqlarını müdafiə etmişik. Goranboydan, həmin raonun Todan kəndindən olan vətəndaşların, Daşkəsəndən, Tərtərdən, Gəncədən, Bərdədən, Bakıdan… olan neçə-neçə iş adamı və fermerin problemləri yerindəcə araşdırılıb, qarşılıqlı anlaşma ilə həll olunub. Elə vaxt olub ki, əməkdaşımız Moskvaya, Başqırdıstana, Mariy El Respublikasına, Türkiyəyə ezam edilib, ciddi araşdırma yazılar hazırlanıb. Həmin yazıların bir çoxu isə KİVDF-nin müsabiqələrində 2-ci, 3-cü yer tutub. Bəli, indi qəzet kağızının 1 tonu təxminən 1600-1700 manata qalxıb. Minimum 1000 tirajlı həftəlik qəzetin bir nömrəsinin istehsalat xərci 160 manata başa gəlir. Orta əmək haqqını, digər izafi xərcləri də üstünə gəlsəniz, bir nömrə təxminən 240-300 manata başa gəlir. Mən «Təzadlar»ın nümunəsində deyirəm, artıq işçi saxlamamaq şərti ilə. 3000-5000 tirajlı qəzetin bir sayının xərcini göz önünə gətirin. Ayda 20-22 dəfə nəşr olunan gündəlik qəzetin nəşri isə daha böyük xərc tələb edir. Heç bir ciddi yazısı olmayan və hər ay hazırca maaş alan əməkdaşlar üçün, bəli, işsizlik problemi olacaq. Çünki bundan sonra ya reklam bazarına güc verilməlidir, ya da şirkətlərlə layihələrin icrasına başlanılmalıdır. Oxunaqlı olmayan, ictimai şüura təsir etməyən qəzetlə indi kim əməkdaşlıq edəcək? Amma çıxış yolu da yox deyil. Qəzetlərimiz bir müddət ən azı köhnə imici və oxunaqlığı, kəsərliyi özünə qaytarmalıdır ki, həm satışı artsın, həm də müxtəlif iş adamları ilə əməkdaşlığa başlaya bilsinlər. Təkrar edirəm, Vüqar Səfərliyə minnətdar olunmalıdır ki, bundan sonra Azərbaycan mətbuatındakı 10 illik «işə gəl, maaş al» ənənəsinə yox deyiləcək, jurnalistlər gerçəkdən ciddi jurnalistika fəaliyyəti ilə məşğul olacaqlar…
Dinlədi: Sadiq

Əlaqəli xəbərlər