FUTBOL CİNAYƏTİ – TAHİR SÜLEYMANOV AFFA-NIN BƏRBAD FƏALİYYƏTİ HAQDA

tahir11 suleymanov

Supersport.Az mütəxəssis Tahir Süleymanovun uşaq futbolunun vəziyyəti ilə bağlı fikirlərini təqdim edir. Keçmiş FİFA referisi, AFFA-nın bu sahədə də bərbad fəaliyyət göstərdiyini qabardıb.

Peşəkar inkişafın təməli uşaq-gənclər futbolundan keçir. Gələcəyi düşünmək, zamanı qabaqlamaq mütləqdir. Keyfiyyətli iş ərsəyə gətirildiyində illər sonra öz bəhrəsini verir. Sistem hər il, hər an konveyer kimi çalışmalıdır ki, davamlı bəhrəsini versin, yeni-yeni istedadlar üzə çıxsın, rəqabət, səviyyə günü-gündən artsın…

“Təkbətək” verilişində AFFA-nın baş katibi Elxan Məmmədova “Sabahın Ulduzları” uşaq yarışları ilə bağlı sual verildi. O da müsbət münasibət bildirərək sonradan yarışların hansısa səbəbdənsə əvvəlki kimi olmadığını dilə gətirdi. Sanki uzaydan yeni gəlib, heç nədən xəbəri yoxdur. Sonra isə özlərinin uşaq yarışlarını keçirdiklərindən, hətta münasibətdə insafsızlıqdan da giley-güzar etdi. “Top çiləmə” festivalları, Berlin layihəsi, aşağı yaş qruplarına 10-la milliləşdirilmiş, indi isə izi-tozu görünməyən “istedadlar” “yaddan” çıxdı…

Baş katiblə görüşlərimdə dəfələrlə bildirmişəm, işgüzarlığı, idarəçiliyi yerindədir. Ən mənfi cəhət, futbola həvəskar münasibət və ətrafda “baş üstə”lərdir. Futbola gətirilən futboldan xəbərsiz dostlar, tanışlar da öz yerində.

Futbolun dərinliyini biməmələri təbiidir. Quyuya su töməklə dolmur. Digər məqam isə, ictimaiyyət önündə gizli keyfiyyətlərin üzə çıxmasıdır.

Futbol kabinet oyunu deyil, son nəticə yaşıl meydanlarda bilinir. Ölkə futbolunun durumunu 7-dən 77-yə kimi hər kəs görür. Limit də tükənib artıq.

Yeni gəlmişdi, gətirilmişdi futbola. Tez-tez “Sabahın Ulduzları” yarışlarına gəlirdi. Səviyyəni, münasibəti, futbol ictimaiyyətinin bir yerə toplaşdığını görürdü. Ölkə çempionatında 6-7 klubun çempionluğa oynamasına baxmayaraq klub prezidentləri, rəsmiləri, baş məşqçiləri, futbolçuları, nazirliyin nümayəndələri, idman cəmiyyətlərinin rəhbərləri, veteranlar, jurnalistlər bir dəvətimizlə hər həftə sevə-sevə balaca uşaqların görüşünə gəlirdilər. Heç birinin də kimdənsə maddi, mənəvi, iş asılılığı yox idi. Sabahın futbolunu düşünür, səmimiyyəti hiss edir, fədakarlıq görür, özlərinə mənəvi borc bilirdilər.

Uşaqlar milli ruhda tərbiyyə alır, FİFA referiləri, təcrübəli hakimlər meydanda nəvazişlə balacalara qaydaları izah edir, futbolçu davranışını öyrədir, barışmaz idmançı, qalib ruhunda böyüyürdülər. Hər həftə ekranda, yaşıl meydanlarda gördükləri məşhurların diqqətini görüb gələcəkdə onlar kimi futbolçu olmaq həvəsilə alışıb-yanırdılar. Hər altı-bazar günləri uşaqlar üçün bir futbol bayramı idi…

Uşaqlara tək futbolu öyrətmək azdır. Gələcəyin ulduzları milli ruhda, xalqımızın mənəvi dəyərləri ilə addım-addım inkişaf etməlidirlər. Təltifetmə mərasimləri mədəniyyət ocaqlarında keçirilirdi. “Sabahın Ulduzları” yarışlarını izləməyə gələnlər indi ölkə çempionatı oyunlarından daha çox idi…

“Top çiləmə” festivallarından bir şey çıxmadığını görən AFFA ideoloqları yarışlar keçirməyə qərar verdi. Ən doğrusu isə, artıq İmişli, Şirvan, Sumqayıt şəhərlərinin də qatıldığı və uğurlu layihə kimi özünü tam doğrultmuş “Sabahın Ulduzları” yarışlarının bütün ölkəyə yayılması idi…

Məqsədlər fərqli olduğu üçün addımlar da buna uyğun atıldı. AFFA Bakı zonasında da alternativ yarış keçirməyə başladı. Futbol ictimaiyyətinin bir yerdə olması federasiyanın dağıdıcı səlahiyyət sahiblərini qorxudurdu. Hamı “Sabahın Ulduzları”na çan atdığı məqamda, klublar, komandalar federasiya bayrağı altında çıxış etməyə məcbur edilirdi. Hətta eyni komandaların oyunları belə paralel yarışlarda eyni günə, eyni saata salınırdı. Klubların lisenziyalaşdırma pərdəsi altında tabe olmaqdan başqa çarəsi qalmırdı…

Təəssüf ki, futbol qanunlarını bilənlər çox deyil. Futbolun daxilində də belədir. Bundan istifadə edən işbazlar monopoliyanın yaradılması üçün istənilən addımı atırlar. Üzdə görünən klublardır. Nizamnamə dəyişikliyinə 10 ildən çoxdu məqsədli əl qoyulub.

FİFA, UEFA, Ədliyyə nazirliyinin birbaşa iştirakı və yoxlamalarından sonra təsdiq edilən 2004/05-ci il mövsümündə futbol bumu yaşanan, azarkeşlərin stadionlara axışdığı dövrdən qısa müddət sonra Nizamnamənin dəyişdirilməsinə nə ehtiyac vardı?!
Qanuna uyğun AFFA üzvləri çox böyük səlahiyyətlərə malik idı. Hətta BFF-in imzalı möhürü olmadan Bakıda məskunlaşan klublar AFFA-ya sifariş ərizəsi belə verə bilməzdilər. Eynilə bölgələrdə…

Məkrli Nizamnamə dəyişikliyinə gedildi və federasiyalar AFFA-dan uzaqlaşdırılaraq dolayı üzvlərə çevrildi, səlahiyyətləri azaldıldı. Bunun əvəzinə 3-4 qurum yaradıb öz adamlarını yerləşdirdilər. Kiçik bir ölkədə kağız üzərində AFFA-dan kənar bu qədər üst qurumların yaradılmasına heç bir lüzum yox idi. Federasiyanı tam olaraq ələ keçirməyin ilk addımları 12 il öncə belə atıldı və bu gün də davam etməkdədir…

Bu illər ərzində uşaq-gənclər futboluna 100 milyonlarla vəsait xərclənib. Hətta indinin özündə, “ağlaşma” dövründə belə AFFA bu sahəyə hər il minimum 3-5 milyon maliyyə ayırır.

Qeyd olunan illik vəsaitin heç 10-15%-i “Sabahın Ulduzları” yarışlarına ayrılmamışdı.

“Neftçi”, “Bakı”, “İnter”, “Qarabağ” klubları, “Neftçi”, “Vətən” cəmiyyətləri, yerli uşaq məşqçilərinin fədakarlığı, futbola sevgisi sayəsində görülən işlər həyata keçirilirdi…

Bu gün üzdə olan istedadların əksəriyyəti 12-13 il öncə təməli qoyulan bünövrənin bəhrəsidir.

Mirabdulla Abbasov, Emil Balayev, Coşqun Diniyev, Fəhmin Muradbəyli, Mahir Mədətov, Namiq Ələsgərov, Elşən Abdullayev, Rail Məmmədov, Məqsəd İsayev və onlarla üzdə olan futbolçular, Əliyar Ağayev kimi hakimlər…Təəssüf ki, bilərəkdən, məkrli olaraq qarşısı alındı.

Bir Eddi İsrafilov, digər mənasız milliləşdirilənlərə xərclənən milyonlarla vəsaitin qarşılığında ölkədə, bölgələrimizdə onlara istedadlı futbolçular yetişdirmək olardı.

Azərbaycanda uşaq futboluna marketoloqlar rəhbərlik, nəzarət edirlər. Yarışların səviyyəsi qalsın bir yana, texniki məğlubiyyətlər rekord vurur. 10-12 yaşlı yerli uşaqlar yetərsay olmadığına görə meydana çıxmadan məğlubiyyətlə üzləşirlər. İstedadların üzə çıxması bir tərəfə, necə ola bilər ki, hansısa rayonda 10-15, 10-12 yaşında uşaq tapılmasın?!

Bunun adı futbol cinayətidir. Futbol ən kütləvi idman növüdür. Marketoloqların sayəsində futbolla yanaşı millətin sağlam genefondu məhv edilir.

Elxan Məmmədovla son 3-4 ildəki görüşlərimdə ümumi futbolla yanaşı uşaq futbolundakı durumla da bağlı fikirlərimi, təkliflərimi, iradlarımı bildirmişəm. Qısa vaxtda ayrılan vəsaitə uyğun çox böyük işlərin görülə biləcəyini vurğulamışam. “Sabahın Ulduzları” ilə də bağlı durumu baş katib gözəl bilir…

“Top çiləmə”, Berlin, məşhur klubların adına açılan uğursuz, mənasız layihələrə uzun illərdi hesabı itirilən milyonları xərcləməklə futbolun gələcəyi məhv edilib. “Mançester Yunayted” məktəbindən dəm vurulur, ingilisin “Neftçi”yə transferindən söz açılır. Verilişdə bildirildiyi kimi futbolun vətənindən olan “mütəxəssis” kateqoriyasını da Azərbaycanda alıb. Külü də alov edib qoyun başına ki, ingilisə göz dəyməsin.

“Neftçi”də bu günə kimi yetişmiş istedadların hamısını yerli bəyənmədiyiniz mütəxəssislər yetişdirib. Heç olmasa “dahi” ingilisinizi özəl klublarınızdan birinə göndərərdiz. Azərbaycan futbolu kimi onlar da batırlar…

Əlaqəli xəbərlər