JURNALİST "İNTİM VİDEOLARLA ŞANTAJ" İTTİHAMI ÜZRƏ TƏQSİRLƏNDİRİLMƏSİNİ QƏBUL ETMİR

WhatsApp Image 2019-03-09 at 06.16.31.jpeg

TOĞRUL TAĞIYEV QAYNI MAHMUD RASİMOĞLUNUN "TORBASINI NECƏ TİKİB"?!

Bakı Ağır Cinayətlər Məhkəməsində daha bir jurnalistin məhkəməsi başlayıb və prosesin hazırlıq iclası keçirilib. Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Rasimoğlunun (Tağıyevin) cinayət işini hakim Fikrət Qəribovun sədrliyi ilə, Əfqan Hacıyev və Telman Hüseynovdan ibarət məhkəmə kollegiyası araşdırır. 


araz.az xəbər portalı redaksiyasına daxil olan məlumatda deyilir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasından sonra, saxlanıldığı Bakı 1 saylı İstintaq Təcridxanasına gətirilən jurnalist, burada quru aclıq aksiyasına başladığını bəyan edib. Bu barədə, onun təcridxana rəisi Elnur İsmayılova və məhkəmə heyətinə yazılı məlumat verdiyi də gələn xəbərlər sırasındadır. Məlumatda o da bildirilir ki, bu, Mahmud Rasimoğlunun birinci aclıq aksiyası deyil: “Jurnalist həbs olunandan "intim videolarla şantaj” ittihamı üzrə təqsirləndirilməsini qəbul etmək istəmir. Bu səbəbdən, ötən ilin iyul ayının 3-dən bəri, o, üç dəfə belə sərt tədbirlər keçirməyə qərar verib ki, səsini eşidən olsun. Çünki təcridxanada saxlanıldığı səkkiz ay ərzində, onunla doğmalarının belə görüşunə imkan verilməyib. Həbsi gizli saxlandığı üçün, jurnalist həmkarlarının da, onun tutulmasından uzun zaman xəbərləri olmayıb".
Etibarlı mənbəmiz həmin xəbərində Mahmud Rasimoğlunun həbsinin sifarişli olduğunu israrla bildirir. Qəti olaraq deyir ki, qondarma ittihamla təqsirləndirilən sayt rəhbərinin həbsinin baiskarlarından biri onun öz yeznəsi -- iş üzrə zərərçəkən qismində tanınan Toğrul Tağıyevdir. Digər əsas fiqur isə, Respublika Prokurorluğunun yüksək çinli vəzifə sahibidir: "Mahmud Rasimoğlu yeznəsinin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən saxlanılıb. Toğrul Tağıyev şikayətində bildirib ki, qaynı ondan haqqında intim videoları yayacağı hədəsi ilə 120 min manat pul tələb edib. Lakin mən tam əminəm ki, bu şikayət əsassızdır. Mahmud Rasimoğlu Togrul Tağıyevdən və yüksək çinli həmin prokurorluq əməkdaşından öz borcunu istəyib. Mahmud prokurora 400.000 manat qiyməti olan mülkünü satıb. Uzun zaman pulunun yarısını ala bilməyib. Restoranda görüş olub və pulunu verməmək üçün, onu qurama bir oyunla şərləyərək, tutdurmağa nail olublar.
Cinayət işində Toğrul Tağıyevin intim videoları və onun şantaj edilməsi barədə sübut olmadığı üçün, istintaq orqanı işə digər şəxslərlə bağlı epizodlar da əlavə edib. Bütün istintaq müddətində Toğrul Tağıyevin intim videolarla bağlı şantaj edilməsi qeyd edilsə də, sonda, rəhbərlik etdiyi istehsal sahəsi ilə bağlı yazılar yayacağı adı ilə jurnalist tərəfindən hədə-qorxu gəlindiyi ittihamda xüsusi vurğulanıb. Onu da nəzərinizə çatdırım ki, əvvəllər polis əməkdaşı olan Toğrul Tağıyev, indi Gəncədə metal maqnatıdır.
Borcunu verməmək üçün, qaynını bəlaya salan yeznə, onun həbsindən sonra da fırıldağa əl atıb. Nə sayt rəhbərinin ailəsinin, nə doğma və yaxınlarının, nə də həmkarlarının və dostlarının onun həbsi barədə danışmalarına imkan verməyib. Elə, deyib ki, boş şeydir, Mahmud tezliklə həbsdən çıxacaq. İstədiyinə nail olandan sonra, hamı "qatarın otdüyünü görüb". Beləcə, Mahmudun ailəsini gözləri yaşlı qoyub. İndi yeznə öz qaynına daha ağır cəza verdirmək üçün "baş sındırır".
İstintaq zamanı kobud prosessual pozuntulara yol verildiyi, təqsirləndirilən şəxsin müdafiə və digər hüquqlarının kobud şəkildə pozulduğu, işə saxta sübutlar qoyulduğu, onun lehinə olan sübutların isə, qanunsuz olaraq, cinayət işinə daxil edilmədiyi şübhəsizdir. Bu səbəblər əsas olduğundan, cinayət işinin qondarma olduğu da şübhə doğurmur".
Xatırladırıq ki, həbsinə ötən ilin iyul ayında qərar verilən Mahmud Rasimoğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilib. Onun cinayət işi üzrə 4 nəfər -- “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Abbasov, “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Bədəlov, “Yuxa” restoranının sahibi Azər Həsənov və qaynı Toğrul Tağıyev zərərçəkmiş şəxs qismində tanınıblar. İttihama görə, guya, sayt rəhbəri barələrində intim və sairə. xarakterli məlumatlar yayacağı adıyla şantaja əl ataraq, qaynı Toğrul Tağıyevdən 120 min, Elçin Bədəlovdan 80 min, Xaliq Abbasovdan 20 min və Azər Həsənovdan 5 min manat pulu hədə-qorxu ilə tələb edib.
Sonda onu da nəzərinizə çatdırırıq ki, məlumatlarının dəqiqliyinə şübhə etmədiyimiz mənbənin verdiyi həmin xəbərdə marağımıza səbəb çox məqamlar olduğundan, onların bəzilərinin dəqiqləşdirilməsini vacib bildik. Bu səbəbdən, məlumatların çoxunu dərc etmədik. Araşdırmalarımızdan sonra bizi izləyin!

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər