Şəhid ailəsini tikinti şirkətinin mənafeyinə qurban verən hakim Əsəd Mirzəliyev öz əməlləri barədə hələ açıqlama verməyib...

semseddin-eli.jpgŞəmsəddin Əliyev:“Ali Məhkəmənin sədri Ali Məhkəmənin hakimlərinə çıxardıqları hökmlərlə bağlı hər hansı bir açıqlama verməyi qadağan edib”

Əli Orucov:” Təəssüf ki, bəzi hakimlər cəzasızlıqlarına o qədər arxayın olurlar ki, hətta şəhid ailələrinin də haqlarına girir, onların maraqlarını kimlərinsə tapşırığına, puluna satırlar”

Məlum olduğu kimi, Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovun iddiası əsasında Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin çıxardığı qərarla aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə məxsus ev onların əlindən alınaraq iş adamına verilib. Şərurlu İsfəndiyar şəhidin ailəsini məhkəməyə verib və hakimin ədalətsiz qərarı nəticəsində bu məsələ baş verib. Hadisə barədə məlumat yayılar-yayılmaz, media bu işin üzərinə getdi və artıq iki gündür sosial mediada, mətbuatda geniş müzakirələr gedir.

Hadisəni müşahidə edənlər bildirir ki, hakimin iş adamının xeyrinə qərar çıxarması iş adamı ilə aralarında ciddi işbirliyinin mövcud olmasına dair etimalları ortaya qoyur.

Hakimin çıxardığı qərarın ədalətsiz olduğunu deyən S.Axundovun həyat yoldaşı bildirir ki, məhkəmədə hakim açıq-aşkar iş adamının tərəfini tutduğunu sərgiləyib. Bu məsələdə hakim Ə.Mirzəliyev heç də Şərurlu İsfəndiyardan az tənqid olunmur. Əsas məqmlardan biri odur ki, indiyə kimi Ə.Mirzəliyev şəhid ailəsinin zərərinə, iş adamının xeyrinə çıxardığı hökmlə bağlı heç bir açıqlama verməyib, fikir bildirməyib.

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində bildirdi ki, iş adamının şəhid ailəsinə qarşı hərəkətini qətiyyətlə pisləyir. “Bu, vəzifədən sui-istifadədir. O sosial üstünlüyünə güvənərək şəhid ailəsinin üstünə gedib. Hətta o mülk, daşınmaz əmlak sənədlə iş adamı İsfəndiyar Axundovun özünə məxsus olsaydı belə, o, şəhid ailəsinə qarşı bu cür addım atmamalı idi. Çünki şəhidlər Azərbaycan xalqına sədaqət göstərən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan insanlardır. Əgər imkanlı bir Azərbaycan vətəndaşı olan iş adamı şəhid ailəsinə bir mənzili güzəştə gedə bilmirsə, demək onun özündə vətənə sədaqət prinsipi yoxdur. Vətənə sədaqət bizim konstitutsiyamızda ehtiva edilən bir vəzifədir. Hesab edirəm ki, Şərurlu İsfəndiyarın şəhid ailəsini məhkəməyə verməsi yanlış addımdı. Bu, müharibə şəraitində yaşadığımız bir dönəmdə milli mentalitetimizə, eləcə də dövlətçiliyimizə zidd bir haldır. O ki qaldı Ali Məhkəmənin hakiminin bu sayaq davranmasına, burada peşəkar hakimlər toplaşıb”.

Ş.Əliyev qeyd etdi ki, hakim Ə.Mirzəliyevin çıxardığı hökmlə bağlı açıqlama verməməsinin səbəbi Ali Məhkəmənin rəhbəri Ramiz Rzayevin çıxardıqları məhkəmə qərarları ilə bağlı hakimlərə danışmaq üçün icazə verməməsi ola bilər. “Ali Məhkəmənin sədri Ali Məhkəmənin hakimlərinə çıxardıqları hökmlərlə bağlı hər hansı bir açıqlama verməyi qadağan edib. Çünki bu yaxınlarda Mətbuat Şurasında Ali Məhkəmənin kollegiyası arasında görüş keçirildi. Ramiz müəllim orada da dedi ki, hakimin jurnalistə, mətbuata hər hansı bir açıqla verməsini yasaqlamışam, ona görə ki, hakimin çıxardığı qərar yalnız qanuni qüvvəsini alandan sonra onu yaya bilərlər”-deyə Ş.Əliyev qeyd etdi.

Politoloq Əli Orucov isə baki-xeber.com-a bildirdi ki, bəzi hakimlərin şəhid ailələrinin əleyhinə hökm çıxarması halları mövcuddur. Ə.Orucov hesab edir ki, bu cür ədalətsiz qərarlar çıxaran hakimlər maddi cəhətdən güclülərin mövqeyini dəstəkləyir. “Təəssüf ki, bəzi hakimlər cəzasızlıqlarına o qədər arxayın olurlar ki, hətta şəhid ailələrinin də haqlarına girir, onların maraqlarını kimlərinsə tapşırığına, puluna satırlar. Hakimlər belə məqamlarda şəhid ailələrinin xeyrinə qərar çıxarmaq əvəzinə bunun əksini edirlər”-deyə bildirən Ə.Orucov hesab edir ki, hakim ictimaiyyət qarşısında verdiyi qərarla bağlı açıqlama verməlidir.

İradə SARIYEVA /baki-xeber.com/

Əlaqəli xəbərlər