DİASPOR RƏHBƏRİ ÖLKƏNİN BİRİNCİ VİTSE-PREZİDENTİNƏ BÖYÜK İNAMININ İFADƏSİ OLAN AD GÜNÜ TƏBRİKLƏRİNİ ÇATDIRIB

Mehriban Aliyeva 0503201901

"Mehriban xanım Əliyevanın, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi, daha yüksək və məsul dövlət vəzifəsinə gətirilməsi, xaricdə yaşayan soydaşlarımıza da böyük ruh yüksəkliyi verdi. Çalışdığı bütün məsul vəzifələrdə dövlət və xalq qarşısında xidmətlərinin ümummilli lider Heydər Əliyevin və onun layiqli varisi İlham Əliyevin rəhbərlikləri ilə aparılan uzaqgörən və məqsədyönlü dövlət siyasətlərindən bəhrələnməsi, həmvətənlərimizin ona bu böyük inamının ifadəsiydi. Bir də ki, böyük öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra və İlham Əliyevin hakimiyyəti dönəmində hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi, Mehriban xanım Əliyevanın ümumi inkişafa hesablanan bütün xoşməramlı işlərinin -- mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafındakı səmərəli fəaliyyətinin, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğindəki, həmçinin, Azərbaycanın bir müsəlman ölkəsi olaraq, qəbul etdiyi mühüm tarixi addım kimi, digər layihələrinin reallaşdırılmasında, genişmiqyaslı xeyriyyəçilik işlərində, ən ağrılı Qarabağ problemimizin həllində danılmaz xidmətlərinin respublika ictimaiyyəti, beynəlxalq və dövlət qurumları tərəfindən daim yüksək dəyərləndirilməsini, hətta, bütün bunlara görə, onun "Heydər Əliyev" ordeni ilə təltif edilməsini də, hamı yaxşı bilirdi", -- mərkəzi ofisi Novosibirsk şəhərində yerləşən Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist Mirkazım Seyidovun ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya ad günü münasibəti ilə ünvanladığı təbrik məktubu bu sözlərlə başlayır. Diaspor rəhbəri səmimi duyğularla zəngin həmin təbrikində Mehriban xanım Əliyevanın bir çox işlərinin, ölkədə bütün sahələrdə başlayan qlobal miqyaslı inkişaf üçün güclü təməl olduğunu da xüsusi vurğulayır:

edinstvo loqo"Bu fikrimizi, məsul vəzifə sahibi olaraq, onun, bütün dövrlərdə çalışdığı istənilən sahəyə yeniliklər gətirməklə, qazandığı çoxsaylı uğurları, ictimai atmosferada haqqında çoxdan formalaşan xöş aura da bir daha sübut edir. Tutduğu bütün böyük vəzifələrdəki
çətin hər bir yolu inamla getməsi Mehriban xanım Əliyevanın vətəndaşlıq ləyaqətinə və dəyərlərə olan hörmətindən irəli gəlir. Ümumilikdə götürdükdə, humanist vəzifələr postunda onun həyata keçirdiyi və planlaşdırdığı hər bir xoşməramlı işi dövlətimizə aid zəruri inkişafa hesablandığından, bunlar insanların xəyal və arzularına qovuşmasına da xoi zəmin yaradır. Bu, dövlətdəki ikinci yüksək vəzifə postu sahibinin, Azərbaycan cəmiyyətində vətəndaşlıq amili statusunun yüksəldilməsinə xidmətinin ən bariz nümunəsidir. Respublikanın son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyduğu da inkaredilməz bir həqiqətdir və bu inkişafda belə ölkənin Birinci vitse-prezidentinin xüsusi xidmətləri danılmazdır".
Təbrik müəllifi Mehriban Əliyevanın paytaxt Bakıda tanınmış ailədə anadan olduğunu bildirir. Onun atasının Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anasının isə, mərhum şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, ərəb ədəbiyyatı sahəsindəki əvəzsiz mütəxəssis Aida Nəsir qızı İmanquliyeva olduğunu qeyd edir: "Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhərindəki 23 saylı orta məktəbi qızıl medalla bitirib. Bundan sonra, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə isə, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə akademik Krasnovun rəhbərliyi altında Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işə başlayıb.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə, Azərbaycan, ingilis və rus dillərində çap olunan "Azərbaycan - İrs" jurnalını təsis edib. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də digər sahələrdə - musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində də şedevrlər yaratmış ölkə kimi tanınmağa başlayıb.
Bunu qeyd etmək vacibdir ki, bu Fondun əsas məqsədi də, ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətlərindən biri də, onun ən müxtəlif sahələrdə humanitar fəaliyyətindən ibarətdir".
Xulasəsini verdiyimiz bu təbrikin sonunda Mirkazım Seyidov şəxsən öz adından və rəhbəri olduğu diaspor təşkilatı üzvləri adından Mehriban Əliyevaya möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə geniş və məsuliyyətli fəaliyyətində davamlı uğurlar arzulayır.

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər