Həbsdəki jurnalist Seymur Həzi azadlığa çıxır

Seymir-hezi.jpg

2014-cü il avqustun 30-da həbs edilən  AXCP funksionerinin 5 illik cəza müddəti həftəsonu başa çatır

Həbsdəki jurnalist, AXCP funksioneri Seymur Həzinin cəza müddəti bitmək üzrədir. Siyasi məhbus avqustun 29-da azadlığa buraxılacaq.

S.Həzinin həyat yoldaşı Nigar Həzi isə  paylaşdığı son statuslardan birində narahatlıq ifadə edib.

Sitat: “Seymur Həzi  bu ayın 29-u çıxmalıdır. Ölkədə gördüyümüz pis təcrübələrə əsasən, kəsinliklə deyə bilmirəm ki, çıxacaq. Ortadan bir şey çıxartmasalar, çıxacaq həbsxanadan”.

Nigar Həzi ile ilgili görsel sonucu

S.Həzinin vəkili Şəhla Hümbətova isə narahatlığa heç bir əsas görmür: “Sosial şəbəkələrdə bu barədə heç bir yazı görməmişəm. Məndə bu cür düşünməyə əsas verən heç bir məlumat yoxdur. Seymuru bir neçə gün əvvəl görmüşəm. Vəziyyəti çox yaxşıdır. Çıxmağa tam hazırdır, pozitiv, enerjilidir. İnanıram ki, o, ayın 29-da planda olduğu kimi azadlığa çıxacaq. Səhər saatlarında azadlığa buraxılması gözlənilir. Amma bu elə bir şeydir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyindən çox şey asılıdır. Bu barədə bizə heç nə deyilməyib. Sözün açığı, ötən həftə Seymurla görüşdüm. Onunla artıq sağollaşdıq ki, bir də azadlıqda görüşərik. Amma sonradan düşündüm ki, vaxt ayırıb 29-na qədər gedib görüşüm. Sadəcə, məhkəmə proseslərim olduğu üçün zaman ayırmaq bir az çətinləşib”.

Məhbusun qardaşı Teymur Həziyev də ümidlidir: “Atamgil hər həftə onunla görüşə gedirlər. Telefonla həftədə bir dəfə danışır. İnşallah, yəqin ki, azadlığa buraxılacaq. Özü də buna inanır”.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov ile ilgili görsel sonucu

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bunları dedi: “Mən yalnız cinayət cəzalarının icrası, yəni Penitensiar Xidmətin bilavasitə fəaliyyəti ilə bağlı hər hansı bir mülahizə söyləyə, mövqe nümayiş etdirə bilərəm. Sadəcə olaraq, hansısa bir məhkumun gələcəkdə siyasi fəaliyyətlə məşğul olub-olmayacağı barədə nəsə deməyim yersiz olardı. Sizin adını çəkdiyiniz şəxs digər məhkumlar kimi eyni hüquq və vəzifələrə malikdir. Həmin hüquq və vəzifələri icra edir. Digər tərəfdən, hər hansı bir şəxs cəza müddəti bitdiyinə görə azadlığa çıxmamışdan öncə bütün məşğulluq idarələrinə, aidiyyəti orqanlara müraciət edirik ki, həmin şəxsin işlə təmin olunmasında, onun ailə-məişət problemləri varsa, bunun həll edilməsində yaxından iştirak etsinlər. Bu bizim bilavasitə funksiyamızdır ki, onu Penitensiar Xidmət olaraq yerinə yetiririk. Biz məsələlərə sırf hüquq prizmasından yanaşırıq. Penitensiar Xidmət əməkdaşlarının vəzifə borcları ondan ibarətdir ki, cəzaların icrası və çəkilməsi qaydalarına ciddi riayət etsinlər. Hər kəs qanunlara riayət etsə, onun hər hansı bir problemi olmur”.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı qəbul etmir. “Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əlaqəli xəbərlər