Tərtər rayonunda xüsusi qayğıya ehtiyacı olan şəxslərin iştirakı ilə ictimai müzakirələr keçirilib

20191025054028-30290-49.jpgƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində İctimai Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupu ilə tərəfdaşlıq çərçivəsində Tərtər rayonunda Regional Peşə Təlim Mərkəzində “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda İctimai Müzakirə təşkil olunub.

Müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Tərtər Məşğulluq Mərkəzinin əməkdaşları, Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupun rəhbəri Zaur Quliyev, Şura üzvləri İradə Rzazadə, Məmmədhəsən Həsənov, layihə iştirakçıları, icma rəhbərləri, özünüməşğulluq proqramına müraciət edənlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan BAMF-ın vitse-prezidenti Ramil Əzizov ölkədə aparılan uğurlu sosial islahatlar və həyata keçirilən layihə barədə iştirakçılara məlumat verib. “Sosial yardım asılılığından kiçik sahibkarlığa doğru” mövzusunda təqdimat edən işçi qrupun rəhbəri Zaur Quliyev özünüməşğulluq proqramı, proqrama müraciət qaydaları, özünüməşğulluq proqramının sosial yardım asılılığına təsiri və fəaliyyət istiqamətləri haqda danışıb.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla işləyən qeyri-hökumət təşkilatlarının, tədbir iştirakçıların fikirləri dinlənilib, təkliflər səsləndirilib. Müzakirələrdə qeyd olunan təkliflərin, tövsiyyələrin layihə çərçivəsində nəzərdə tutulan ekspertlər vasitəsi ilə çeşidlənərək müvafiq qurumlara təqdim ediləcəyi və vətəndaşların ərizə müraciətlərinin sosial əlaqələndirici vasitəsi ilə diqqətdə saxlanılaraq müşayət olunacağı bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ictimai müzakirələrə qatılıblar. ƏƏSM Naziri Sahil Babayev aparılan sosial maarifləndirmə işlərinin əhəmiyyətini qeyd etməklə, gələcəkdə bu cür tədbirlərin davamlılığının artırılmasını vurğulayıb, həyata keçirilən mütərəqqi sosial islahatlardan danışıb. Umud Mirzəyev mövcud resurslardan istifadə etməklə regionlarda peşə təhsili və həssas qruplardan olan şəxslər üçün bilik və bacarıqların artırılması istiqamətində fəaliyyətlərin təşkilinin vacibliyini diqqətə çatdırıb və görülən işlərdən danışıb.
Nazir Sahil Babayev eyni zamanda BAMF-ın Tərtər rayonunda fəaliyyət göstərən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı sosial reabilitasiya mərkəzi”ndə də olub. Mərkəzdə 50-dək sağlamlıq imkanları məhdud uşaqlara yarımstasionar şəraitdə göstərilən xidmətlər haqda məlumat verilib. Mərkəzdə funksional qiymətləndirmə aparılmaqla uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları tətbiqi nazirin diqqətinə çatdırılıb.

Əlaqəli xəbərlər