“Çıxış yolu Qarabağda antiterror əməliyyatına başlamaqdır”

Qafar CakmakliABŞ və Fransa vətəndaşlarının Qarabağ separatçıları ilə növbəti təmasları; çıxış yolu nədir? Ekspertdən və XİN-dən reaksiya...

İşğalçı Ermənistan Qarabağ məsələsinin dinc yolla həll olunması istiqamətində göstərilən təşəbbüslərin üstündən xətt çəkmək üçün əlindən gələni etməkdədir. İrəvandakı “erməni başbilənlər” belə hesab edirlər ki, Qarabağ məsələsi bitib və bundan sonra geriyə doğru addımların atılmasından söhbət gedə bilməz.

Bugünlərdə Ermənistanın müdafiə naziri David Tonoyan növbəti dəfə yerli jurnalistlərə açıqlamasında cəfəng fikirlər səsləndirib. “Nikol Paşinyanın ”Qarabağ - Ermənistandır, nöqtə" bəyanatına dünyadan gələn reaksiyalara erməni diplomatlar cavab verirlər", deyən Tonoyan jurnalistin “Qarabağ konfliktinin həllini necə təsəvvür edirsiniz” sualına cavabında çox “irəli” gedib. O, “Qarabağ məsələsi həll edilib” cavabını verib. “Yalnız qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll edilib” - Tonoyan sərsəm cavabının sonunda bildirib.

Ermənistanın müdafiə naziri unudub ki, vaxtilə Seyran Ohanyan da eyni mövqedəydi, lakin 2016-cı ilin aprel döyüşləri onun iddialarını alt-üst etdi. Görünür, Tonoyan və onun kimilərin yaddaşını təzələmək üçün Azərbaycan növbəti sarsıdıcı planı işə salmalıdır.

Yeri gəlmişkən, Qoşulmama Hərəkatının Azərbaycanda keçirilməsi və sədrliyin Bakıya həvalə edilməsi, üstəlik, qurumun toplantısında 120 dövlətin Qarabağ məsələsində işğalı qınaması mühüm hadisə olaraq qiymətləndirilir. Türk politoloq və ekspert Engin Özər Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünü şərh edərkən deyib ki, bu Sammit Qarabağ münaqişəsinin dünya gündəminə gətirilməsində müstəsna rol oynayacaq.

“Tonoyan və onun kimilər başqa nə deyə bilərdilər ki? Şəxsən mən ermənilərdən fərqli cavablar gözləmirəm. Dəfələrlə demişik ki, Ermənistanda belə hesab edirlər ki, Dağlıq Qarabağ məsələsi həll edilib. İndi ermənilər başqa ərazilərlə bağlı siyasət aparmaq barədə düşünürlər”.

Ermənişünas alim Qafar Çaxmaqlı bu sözləri “Yeni Müsavat”a açıqlamasında söylədi. O bildirdi ki, işğal altında olan digər Azərbaycan rayonlarını da Dağlıq Qarabağa birləşdirmək barədə düşünürlər: “Onlar indi Naxçıvanla bağlı ciddi fəaliyyət göstərməkdədirlər. Ermənilər Türkiyənin Şərqi Anadolu vilayətləri ilə bağlı aktiv fəaliyyətdədirlər. Onların başına ciddi bir zərbə dəyməsə, çox quduracaqlar. Məncə, Tonoyan kimilərinə cavab başqa cür olmalıdır və biz bunu mütləq etməliyik. Çıxış yolu Dağlıq Qarabağda antiterror əməliyyatlarına başlamaqdır”.

Bugünlərdə Qarabağ separatçıları yenə Fransadan gələn heyətlə saziş imzalayıb. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, separatçı qurumun oyuncaq “xarici işlər naziri” Masis Mailyan İrəvanda Fransanın Overn-Rona-Alp regional şurasının sədri Loran Voke ilə görüşüb və onunla “sənəd imzalayıb”. Bundan əvvəl fransızlar bu kimi “müqavilələri” Qarabağda imzalayırdılar. Görünür Fransa məhkəmələri Bakının təsirli müraciətlərini nəzərə alıb Qarabağdakı qondarma rejimlə imzalanan “sənədlərin” qanunsuz olduğu barədə qərar verəndən sonra məkanın dəyişdirilməsi ideyası ortaya çıxıb. Ancaq bu da heç nəyi dəyişmir.

Azərbaycan XİN də məsələ ilə bağlı müvafiq mövqeyini bəyan edəcək. Bu haqda qəzetimizə mətbuat xidmətindən bildirildi.

Onu da qeyd edək ki, eyni vaxtda digər həmsədr ölkədən, ABŞ-dan bir qrup erməni Xankəndinə gəlib. Bir sıra hallarda ABŞ Dövlət Departamentindən, həmçinin digər ölkələrin paytaxtlarından öz vətəndaşlarına guya “təhlükəsizlik tədbirləri” çərçivəsində, əslində isə qərəzli olaraq, “Azərbaycana getməyin” məzmunlu çağırışlar edilir. Ancaq Qarabağa gələnlərə bu qədər həssas münasibət müşahidə olunmur. Hansı ki, bu bölgədə hər an dəhşətli müharibə başlaya bilər.

XİN-in mətbuat katibi Leyla Abdullayeva dedi ki, ABŞ Dövlət Departamentinin rəsmi səhifəsində Qarabağa səfərlər etməmək barədə xəbərdarlıq yer alır. Ancaq bu da qanunsuz səfərlərə mane olmur.

Q.Çaxmaqlı hesab edir ki, bunlarla mübarizənin yolu elə antiterror əməliyyatı keçirib öz torpaqlarımızda suveren haqlarımızı bərpa etməkdir: “Biz Xankəndindəki separatçılara nə qədər etiraz etsək də, adamların adını ”qara siyahı"ya salsaq da, onlar gəlib-gedəcəklər. Qarabağın sərvətlərini daşıyan xarici şirkətlərin sayı da gündən günə artacaq. Çünki onlar Azərbaycanın gücünü hiss etmirlər".

Q.Çaxmaqlı həmsədr ölkələrin vətəndaşlarının qanunsuzluğu haqda danışarkən dedi ki, hər hansı çağırışların heç bir əhəmiyyəti yoxdur: “Fransanın da, ABŞ-ın da mövqeyi neçə illərdir ki, bəllidir. İndi Tonoyanın ”Qarabağ məsələsi həll edilib" deməsinin arxasında da bu çağırışların olmaması və ciddiyyətin tapılmamasıdır. Həm də Paşinyan və tonoyanlar arxayındırlar ki, Dağlıq Qarabağı Azərbaycana qaytarmaq üçün bu Qərb ölkələrinin heç bir təşəbbüsü olmayıb. Əksinə, onlar Minsk Qrupu çərçivəsində gedən danışıqlarda nə yolla olur-olsun, Qarabağın Azərbaycanın nəzarətində qalmaması üçün çalışıblar. Danışıqların nəticə verməsi elə bu deməkdir".

Bu arada məlum olub ki, yaxın zamanlarda liderlər səviyyəsində hər hansı görüş olmayacaq. Əslində həmsədrlərin bölgəyə səssiz-səmirsiz keçən səfəri də bundan xəbər verirdi. Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşü planlaşdırılmır, nazirlərin görüşünün yaxın aylarda baş tutacağı gözlənilir. Virtualaz.org bildirir ki, bu barədə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan açıqlayıb. “Ölkə liderlərinin görüşü hələ planlaşdırılmır. Görüşləri xarici işlər nazirləri səviyyəsində davam etdirməyi planlaşdırırıq. Növbəti görüş gələn aya gözlənilir. Bu, ölkə başçıları səviyyəsində görüşün hazırlığı üçün əsasdır”, - deyə Mnatsakanyan İrəvanda Bolqarıstan xarici işlər naziri Yekaterina Zaxariyeva ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Erməni diplomat vurğulayıb ki, görüşlərin gündəliyində Qarabağ münaqişəsinin dinc yolla həlli, sülh şəraitində nizamlanmanın mümkün olduğu mühit, konkret addımlar və razılaşmalar barədə məsələlər var.

“Ümid edirəm ki, yaxın gələcəkdə sazişlərin icrasına xidmət edən addımlar ata biləcəyik. Hələlik xüsusi olaraq kağız üzərində yazılmış sözlər ətrafında danışıqlar aparmırıq. Lakin bu, o demək deyil ki, tərəflərin öhdəliklərinin mütənasibliyini formalaşdırmaq üçün zəruri olan prinsip və parametrlər ətrafında işləmirik”, - deyə Z. Mnatsakanyan qeyd edib.

Əslində D.Tonoyanın sərsəmləməsi fonunda danışıqlara yer qalmır...

E.PAŞASOY

Əlaqəli xəbərlər