Qərbi Azərbaycan İcması bəyanat verdi: “Üzümüz İrəvana, Zəngəzura doğrudur!”

qacqinlaq-cemiyyeti.jpgQərbi Azərbaycan İcması bütün Ermənistanın ermənilərdən boşaldılmasını və azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılmasını tələb edən bəyanatla çıxış edib.

İcmadan Araz.az daxil olan bəyanatda deyilir:

“31 ildir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı Ermənistanın bölgədəki terrorçuluq və işğalçılıq siyasəti ilə üz-üzədir. 100 il əvvəl Azərbaycan Cümhuriyyətinin icazəsi ilə Azərbaycanın tarixi İrəvan xanlığı ərazisinin 9 min kv. km-lik hissəsində İrəvan şəhəri mərkəz olmaqla tarixdə ilk erməni dövləti yaratmaq fürsəti əldə edən ermənilər sonradan Azərbaycanın digər tarixi torpaqları hesabına bu qondarma dövlətin ərazisini 29,8 min kv. km-ə qədər artırdılar. Həmin tarıxı Azərbaycan torpaqlarında aparılan etnik təmizləmə və erməniləşdirmə siyasəti və bir-birini əvəz edən deportasiya və soyqırımlar nəticəsində yüz minlərlə azərbaycanlı əhali öz ata-baba yurdlarından qovulub çıxarıldı, on minlərlə insan vəhşicəsinə qətlə yetirildi. Bölgədə maraqları olan beynəlxalq güclərin dəstəyi ilə 200 ilə yaxın davam edən bu qeyri-insani siyasətin təkcə son mərhələsində – 1988-ci ildə 250 min nəfər azərbaycanlı öz ev-eşiyindən vəhşicəsinə qovuldu. Az sonra ermənilər Azərbaycan Respublikasının da 20 faiz ərazisini işğal etdilər və daha bir milyona yaxın soydaşımız öz ölkəsində yurd-yuvasından didərgin salındı, dinc əhali qətlə yetirildi, əsir götürüldü.

Bütün bunlar dünyanın gözü qarşısında baş versə də, Ermənistan rəhbərləri və siyasətçiləri həyasız bəyanatları ilə öz cinayətlərinə haqq verməkdə davam edirlər. Bir müddət əvvəl Ermənistanda hakimiyyətdə olan Köçəryan, Sarkisyan kimi qatillərin sırtıq bəyanatlarını bu gün baş nazir Paşinyan tutuquşu kimi təkrar edir. Xocalı soyqırımı zamanı faşizmin daha dəhşətli erməni variantını dünyaya nümayiş etdirən bu toplumun “lideri” Paşinyan həmin cinayəti guya ermənilərin törətmədiyi kimi sərsəm bəyanat səsləndirməkdən də çəkinmir.

Bu günlərdə erməni politoloqu Anuş Sedrakyan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar zamanı Azərbaycan tərəfin Qarabağdan qovulan azərbaycanlı qaçqınların öz torpaqlarına qayıdıb, öz evlərində yaşaması tələbinə qarşı “onda bu münaqişəyə qədər Bakıda və Sumqayıtda yaşamış ermənilər də həmin şəhərlərə qaytarılmalarını tələb etməlidirlər” iddiasını irəli sürüb.

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq bəyan edirik ki, əgər ermənilər Bakıdakı, Sumqayıtdakı evlərinə dönmək iddiasındadırlarsa, 1918-1920-ci, 1948-1953-cü və 1988-1991-ci illər soyqırımları və deportasiyaları zamanı Ermənistandan qovulmuş və bu gün sayı milyonlara çatan azərbaycanlı əhali olaraq biz də tarixi yurdlarımız olan bütün Ermənistanın ermənilərdən boşaldılmasını və insanlarımızın öz ata-baba yurdlarına qaytarılmasını tələb edirik. Bütün dünyaya bəyan edirik ki, həmin ərazilər son qarışına qədər tarixi Azərbaycan torpaqları, Azərbaycanın tarixi İrəvan, Naxçıvan, Gəncə, Qarabağ xanlıqlarının əraziləri olub və o ərazilərdə min illər boyu azərbaycanlılar yaşamışlar. Artıq biz bu tarixi haqsızlığa son qoyulmasını, insanlarımızın həqiqi sahibi olduqları ata-baba yurdlarına qaytarılmasının təmin edilməsini tələb edirik.

Əgər ermənilər indiki Ermənistanın keçmişdə ermənilərin vətəni olduğunu iddia etməkdə davam edərlərsə, biz də bütün dünya alimlərini Ermənistana dəvət edirik, qazıntılar aparılsın, əgər həmin ərazilərdən 250 il əvvələ aid bir dənə erməni kəllə sümüyü tapılarsa, iddiamızdan əl çəkməyə hazırıq. Əks-təqdirdə, Qərbi Azərbaycan İcması olaraq, milyonlarla insanın Ermənistandakı ata-baba yurdlarına qaytarılması məsuliyyətini öz üzərimizə götürürük. Üzümüz ata-babalarımızın məzarları yatan yurdlarımıza – İrəvana, Zəngəzura, Göyçəyə və bütün Qərbi Azərbaycana doğrudur!”.

Əlaqəli xəbərlər