NƏHAYƏT Kİ, "YASMİN" TİCARƏT MƏRKƏZİNDƏKİ OBYEKT SAHİBLƏRİNİN İDDİALARINA BAXAN BAKI APELLYASİYA MƏHKƏMƏSİ "XALQBANK"IN İSTƏYİNƏ UYĞUN OLMAYAN QƏRARDAD ÇIXARDI

İPOTEKA İLƏ YÜKLÜ EDİLƏN ƏMLAKIN MÜBAHİSƏLİ OLMAYAN HİSSƏLƏRİNİN HESABINA BANKIN TƏLƏBİNİN TƏMİN OLUNMASI HƏYATA KEÇİRİLƏ BİLƏR -- QƏRARDADIN ANA XƏTTİNİN QISA MƏZMUNU

       “Yasmin” Ticarət Mərkəzinin binasını qanunsuz ələ keçirməkdə israrlı olan "XalqBank" Açıq Səhmdar Cəmiyyətinin başında duranların, buradan 2008-2009-cu illərdə özlərinə ofis və obyektlər alan 30 nəfərdən çox iş adamının başlarına açdıqları oyunlar barədə, ölkə mətbuatı ilə bərabər, araz.az saytı da çoxsaylı yazılar dərc edib. Həmin yazılarda xüsusi olaraq o vurğulanıb ki, ticarət mərkəzinin baxımlı binasına göz dikən bankirlər, öz çirkli istəklərini həyata keçirmək üçün qurduqları gizli planlarını çox fərasətsiz şəkildə tərtib ediblər; Açıq-aşkar göz qabağında olanlar, bunun təsdiqi kimi qələmə verilib. Qeyd olunub ki, "XalqBank"da səlahiyyət sahibi olanların, hətta həmin ticarət mərkəzini tikən "Mars-M" MMC-yə 17 milyon dollar krediti qanunsuz vermələri də danılmazdır. Amma onların “krışaları” elə yüksəkdədir ki, buradan qanuni yolla özlərinə əmlak alan həmin 30 nəfər sahibkar belə birləşib, sözü bir yerə qoyaraq, xeyli vaxtdır mübarizə aparsalar da, bu bank sahiblərinin qanunsuz əməllərinin öhdəsindən gələ bilmirlər.


       Doğrudan da, belədir!
       Xeyli vaxtdır üz-gözlərindən narahatlıq əskik olmayan həmin obyekt sahiblərinin döymədikləri qapı, yazmadıqları ünvan qalmayıb. Lakin bunun da faydasını indiyədək görən olmayıb. Əksinə, "Yasmin"dən özlərinə qeyri-yasayış sahələri almaqla, külli miqdarda ziyana düşən həmin iş adamlarını buradan uzaqlaşdırmaq üçün, həmin iyrənc plan sahibləri hər cür iyrənc vasitəyə əl atmaqdan belə çəkinməyiblər. Konkret desək, həmin zərərçəkənləri öz investisiyalarından məhrum etmək üçün,  onları da, özlərinin qabaqcadan qurduqları tikinti fırıldağının qurbanına çevirə biliblər. Ən dəhşətlisi odur ki, həmin iş adamlarının külli miqdarda maddi zərərə salınmasıyla nəticələnən bu fırıldaqda, əvvəllər, aidiyyatı dövlət qurumları ilə bərabər, hüquq-mühafizə orqanlarının da əlləri olub. Aşağı instansiya məhkəmələri kimi, yuxarı instansiya məhkəmələri də, yuxarıda oturan kimlərinsə xatirinə törədilən bu qatı cinayəti ört-basdır etməkdən ötrü, qanundankənar qərar və qərardadlar çıxarmaqdan belə çəkinməyiblər. Elə, bunun acı nəticəli qarşılığıdır ki, adını çəkdiyimiz bankın səhmdarları, həmin iş adamlarının dəyərləri milyonlarla ölçülən halal mülklərinə əl qoya biliblər. Bir sözlə, illərin əzab-əziyyətləri hesabına topladıqları 5 milyon manatdan çox pulları müqabilində aldıqları obyektləri, artıq, həmin zərərçəkənlərin əllərindən çıxmaq təhlükəsi ilə üz-üzədir...
     ...Nəhayət ki, Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin yeni ilin yanvar ayının 8-ində çıxardığı bir Qərardad həmin iş adamlarının xeyli vaxtdır davam edən narahatlıqlarını bir qədər səngidə bilib. Hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçən həmin məhkəmə prosesində, zərərçəkən həmin vətəndaşların tələblərinin qismən də olsa təmin edilməsi hamı üçün gözlənilməz olub. Çünki buna qədər heç bir məhkəmə onların, doğrudan da, haqlı olduğunu təsdiq edən nəsə ortaya çıxarmayıb. Bakı Apellyasiya Məhkəməsi isə, Nərimanov Rayon Məhkəməsinin iddiaçı həmin sahibkarların "Yasmin"ə həbs qoymaq və hərracın dayandırılması tələbələrinin rəddi üzrə çıxardığı Qərardadını ləğv edərək, yenidən baxılması üçün işi həmin rayon məhkəməsinə göndərib. Zərərçəkənlər, buna, tam olmayan bir uğurları kimi qiymət veriblər və buna görə, bir-birlərinə təbrik də ünvanlayıblar...
       Bakı Apellyasiya Məhkəməsinin çıxardığı həmin Qərardadı, maraqlı olar deyə, nöqtəsinə, vergülünə toxunmadan, oxucularımızın da diqqətinə çatdırırıq:

"Azərbaycan Respublikası adından
                 QƏRARDAD
 
Bakı Apelyasiya Məhkəməsinin
Mülki Kollegiyası
Bakı şəhəri,  
2(103)-1166/2020
08.01.2020
 
 
       Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov.
        Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə,
      Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə,
      İddiaçılar Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı,
       Bağırova Natəvan Şəmistan qızının, Zamanov Ədalət Rəhman oğlunun vəkili və nümayəndəsi Həsənov Əkrəm Şirvan oğlunun,
     Cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili
Şahbazov Tural Şamil oğlunun iştirakı ilə,
      İddiaçılar Əliyev Elçin Vahid oğlu və digərlərinin cavabdehlər “ Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti və “Mars-M” firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qərardadından iddiaçılar Əliyev Elçin Vahid oğlu və digərləri tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,
           M Ü Ə Y Y Ə N   E T D İ:
      İddiaçılar Əliyev Elçin Vahid oğlu və digərləri cavabdehlər “ Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə və “Mars-M” firmasına qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti ilə “Mars-M” firması arasında bağlanmış 8 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
İddiaçılar eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan və cavabdeh “Mars-M” firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan əsas sahəsi 16.043,10 kv.metr olmaqla, ümumi sahəsi 16.100,50 kv.metr təşkil edən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, həmin əmlakın hərraca çıxarılmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
 xalqbank1    Ərizə belə əsaslandırılmışdır:
     Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-cu il tarixli qərarına əsasən cəmi 19.400.119.08 ABŞ dollarının Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank” xeyrinə tutulması, tutmanın “Mars-M” firmasına məxsus Bakı  şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,10 kv.metr olmaqla, ümumi sahəsi 16.100,5 kv.metr təşkil edən qeyri- yaşayış binasına yönəldilməsi qət edilmişdir. İddia tələbinin əsasını təşkil edən daşınmaz əmlak ilə bağlı iş icra mərhələsinə keçmiş və həmin əmlak hərrac nəticəsində özgəninkiləşdirilə bilər. İddianın təmin olunacağı təqdirdə belə qətnamənin icra edilməyəcəyinə dair əsaslı şübhələr var. Buna görə də, mübahisə predmeti olan və cavabdeh “Mars-M" firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,10 kv.metr olmaqla, ümumi sahəsi 16.100,50 kv.metr təşkil edən qeyri-yaşayış binasına həbs qoyulmalıdır ki, sonradan cavabdehlər qətnamənin icrasından yayına bilməsin.
       Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli Qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizələri təmin edilməmişdir. Həmin Qərardadla razılaşmayan iddiaçılar şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişlər.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.12.2019-cu il tarixli Qəradadı ilə şikayət təmin edilməmiş, baxılması üçün, Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
 
       Şikayət belə əsaslandırılmışdır:
 
       Məhkəmə nəzərə almamışdır ki, gələcəkdə eyni məsələ (“qanuni qüvvəyə minmiş qətnamənin icra icraatının dayandırılması”) hazırki mülki iş üzrə iddia ərizəsi təmin  edilərsə yaranacaqdır. Yəni, iddia ərizəsi təmin edilərsə “Xalq” Bank ilə “Mars-M” firması arasında bağlanmış 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi etibarsız hesab edilərsə, “Mars- M” firmasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,10 kv.metr olmaqla, ümumi sahəsi 16.100,50 kv.metr təşkil edən qeyri-yaşayış binası ən azı iddiaçılara aid olan hissədə yüklülükdən azad ediləcəkdir. Lakin həmin əmlak hərrac vasitəsilə satılacağı təqdirdə, qərardadda istinad edilən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234-cü maddəsini (“qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır”) hazırki mülki iş üzrə tətbiq etmək mümkünsüz olacaqdır.
     Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçılar Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Bağırova Natəvan Şəmistan qızı şikayətə uyğun izahat vermiş, şikayəti müdafiə etmiş və ərizənin təmin edilməsini xahiş etmişlər.
Məhkəmə kollegiyasının iclasında iştirak edən Zamanov Ədalət Rəhman oğlunun vəkili və nümayəndəsi Həsənov Əkrəm Şirvan oğlu şikayəti müdafiə etmiş və bildirmişdir ki, “Mars-M” firması iddiaçılarla alqı-satqı müqaviləsi bağlamış və ticarət mərkəzindəki qeyri-yaşayış sahəsini onlara satmışdır. Sonra həmin əmlakları girov qoymuş və ipotekya kredit götürmüşdür. Hesab edirlər ki, bu qanunsuzdur. Buna görə iddia vermişlər. İddia təmin edilsə gələcəkdə qətnamənin icrası mümkünsüz olar. Qanuni qüvvəyə minmiş Qətnamə ilə Bankın firmaya qarşı iddiası təmin olunmuş və borc tutulmuşdur. Konstitusiya Məhkəməsi həmin qətnamə üzrə şərh verərək vicdanlılıq məsələsini vurğulamış, halbuki nə apellyasiya məhkəməsi, nə də kasassiya məhkəməsi bu məsələyə ümumiyyətlə toxunmamışdır. Hərracdan əmlaklar satılsa və onu 3-cü şəxslər alsa artıq onlara qarşı iddia qaldıra bilməzlər. Çünki onlar vicdanlı alıcı olacaqlar. Bina faktiki olaraq 6 mərtəbə və 2 hissədən ibarətdir. Əmlakın dəyəri borc məbləğindən daha çoxdur. Yarımçıq binaya kupça verilmiş, bina satılmış, onlara isə sahibkar olaraq hər hansı bir məlumat verilməmişdir. İddiaçıların payına toxunmadan binanın dəyəri borcu üstələyir. Qanuni əsaslarla idiaçılara sıtılmış əmlakın hərraca çıxarımasına heç bir zərurət yoxdur. Əgər məqsəd bankın borunu ödətdirməkdirsə, satılmamış sahələr borcun ödənilməsinə kifayətdir.
        Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Şahbazov Tural Şamil oğlu şikayəti qəbul etməmiş və bildirmişdir ki, bank kredit verməklə 17.000.000 manat məbləğində pul itirmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunmalıdır.
       Məhkəmə Kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iştirakçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
 
      Mübahisə ilə bağlı dəyərləndirmə:
 
      Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1. maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir.
Həmin Məcəllənin 157.2. maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.
     İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianın təmin etmə tədbirlərinin tətbiq olunması ilə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 157.2. maddəsində göstərilən məqsəd o halda realizə olunur ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən  tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Qanun normalarından göründüyü kimi iddianın təmini tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunur. İddianın təmini tədbirinin tətbiqi iddianın əsaslılığı prezumpzsiyasına əsaslanır.
      Birinci instansiya məhkəməsi iddia təmin tədbiri barədə ərizəni rədd edərkən ona əsaslanmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan əsas sahəsi 16.043,10 kv.metr olmaqla, ümumi sahəsi 16.100,50 kv.metr təşkil edən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması, həmin əmlakın hərraca çıxarılmasına qadağa qoyulması qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasının qarşısını alır. Belə ki, mübahisəli əmlaka münasibətdə qanuni qüvvəyə minmiş qətnamə var və icraya yönəldilmişdir.
Məhkəmə iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək  hesab edir ki, iddia təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır.
       Əvvəla, birinci instansiya məhkəməsinin əsaslandığı qətnamə, eləcə də əmlakın
hərraca çıxarılması ilə bağlı sənədlər iş materiallarında mövcud deyil. Buna görə də qeyd olunan qətnamə ilə tutmanın məhz hazırda üzərinə həbs qoyulması tələb olunan  əmlaklara yönəldilməsini müəyyən etmək mümkün deyil. Hazırda qətnamənin icra vəziyyəti də məlum deyil. İşdə olmayan qətnaməyə istinad edərək ərizənin rədd edilməsi əsassızdır. Məhkəmə qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.
       Bundan başqa, üzərinə həbs qoyulması tələb olunan əmlaklar müqavilə əsasında iddiaçılara məxsusdur. İddiaçılarla bağlanmış əqdlər mübahisələndirilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş iddiaçılardan Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Hüseynov Anar Allahverən oğlunun iddiaları üzrə mübahisəli qeyri-yaşayış sahəsinin onların sahiblik və istifadəsinə verilməsi ilə bağlı tələblərinə dair qətnamələrdən görünür  ki, həmin əmlaklara iddiaçıların hüquqları tanınmışdır. Qeyd olunan məhkəmə qətnaməsinin ləğv olunmasına dair iş materiallarında sübut yoxdur.
İddianın təmini tədbirinin seçilməsi ilə bağlı yuxarıda qeyd olunan prosessual normaların tələbləri ondan ibarətdir ki, iddianın təmini tədbiri ilə iddia tələbi arasında qarşılıqlı əlaqə olmalıdır. Hazırkı işdə belə bir əlaqə mövcuddur. İddianın əsaslı olması prezumpzisayından çıxış edərək hesab etsək ki, hazırkı iddialar təmin olunacaq (heç olmasa onlara satılmış əmlaklara münasibətdə), həmin hissədə ipoteka ilə yüklü edilmiş əmlakın hərraca çıxarılmasında problemlər yaranacaq. Belə bir qətnamənin mövcudluğu əvvəlki qətnamənin həmin hissəsinin (iddiaçıların əmlakına aid hissənin) əsaslılığı üçün yeni açılmış hal ola bilər. Çünki iddiaçılar borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş binaya yönəldilməsi işi üzrə tərəf olmamışlar, onlar həmin prosesə cəlb edilməmişlər. Hansıki, həmin əmlaklar ipoteka ilə yüklü edilməmişdən əvvəl satıldığı üçün alıcılar həmin prosesə mütlək cəlb edilməli idilər. Qanunun müəyyən etdiyi bir prinsip var, əmlakı onun qanuni sahibi ipotekaya qoya bilər. “İpoteka haqqında” Qanunun
10.8 maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.
İddiaçılar əmlak ipoteka qoyulmamışdan əvvəl ona hüquq əldə etmiş şəxslərdirlər. Onların mülkiyyətin müdafiəsi ilə bağlı hazırkı iddiaları irəli sürməsi ilə bağlı mübahisəyə baxılan dövrdə əmlakların başqalarının adına keçirilməsinin dayandırılmasında bir qəbahət yoxdur. İcra sənədi əsasında hərrac baş tutacağı təqdirdə həmin əmlak ya tələbkar banka və yaxud başqa şəxsə satıla bilər. Bundan sonrpa icra üzrə icraat başa çatmış hesab olunur. Hətta, bundan sonra hazırkı iddia qaldırılacağı təqdirdə təmin tədbiri görülə bilər, əmlakın digər şəxslərin adına özələşdirilməsinə məhdudiyyət qoyula bilər. Çünki onda artıq qətnamənin icrasından söhbət gedə bilməz(icra başa çatdığına görə). Bu məntiqlə çıxış etsək əmlakın üçüncü şəxsin mülkiyyətinə keçməmişdən əvvəl məhdudiyyətin qoyulması daha məqsədəmüvafiq olar. Çünki mübahisəyə aidiyyəti olmayan vicdanlı alıcıların mübahisəyə qoşulması onların da hüquqlarını pozmuş olur.
      Məhkəmə Kollegiyası eyni zamanda bir məsləni də qeyd edir ki, tərəflər bankın xeyrinə tutulmalı borcun məbləğinin ipotekanın dəyərindən az olduğunu qeyd edirlər. Təmin tədbiri seçilərkən yuxarıda qeyd olunanlar nəzərə alınarsa gələcəkdə ipoteka ilə yüklü edilən əmlakın mübahisəli olmayan hissələrinin hesabına bankın tələbinin təmin olunması həyata keçirilə bilər.
Məhkəmə kollegiyası tərəflərə onu tövsiyyə etmək istəyir ki, əgər ipoteka ilə yüklü edilmiş əmlakın mübahisə doğurmayan hissəsi bankın tələbini təmin etmiş olursa, işə mahiyyəti üzrə baxılanadək hərracın keçirilməsində məhdudiyyətin qoyulması və yaxud, qismən qoyulmasında (idiaçılara aid olan hissələrin hərraca çıxaılmasına) tələbkar heç bir zərər çəkməyəcək.
Hazırkı işdə icra üzrə icraatın dayandırılması həmin işə üzrə tərəf olmuş şəxslərin vəsatəti əsasında (icra üzrə icraatı uzatmaq üçün) dayandırılmır. İddiaçılar əmlakı qanuni əsaslarla satın almış, həmin əmlaklar barəsində məhkəmə mübahisəsi olmuş və prosesə cəlb olunmamış şəxslərdirlər. Ona görə hazırkı işdə iddianın təminin tədbiri ilə icra icraatında tərəf olan şəxslərin vəsatəti əsasında təmin tədbirinin görülməsindən fərqləndirilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti var.
       Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.2, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
 
 Q  Ə  R  A R  A  A L D I:
 
      Şikayət qismən təmin edilsin.
Həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilsin və ərizəyə yenidən baxılması üçün iş materialları ilə birlikdə həmin rayon məhkəməsinə göndərilsin.
      Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
      
       Hakim:            İsmayıl Xəlilov".

      ...Bəli, paytaxt Bakının ən elitar ərazilərdən biri kimi tanıdığımız adıçəkilən Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" ticarət mərkəzinin binasından, 2008-2009-cu illərdə, üst-üstə 5 milyon manatdan çox pullarını ödəyib, özlərinə obyekt və ofislər alan həmin iş adamlarının başlarına müsibətlər gətirilib. "Mars-M” MMC-nin tabeçiliyində olan və elə, bu biznes qurumunun özü tərəfindən tikilərək, inşası 2010-cu başa çatdırılan həmin ticarət mərkəzi xeyli vaxtdır ölkənin müxtəlif instansiya məhkəmələrində qalmaqallar dolu mübahisə obyektinə çevrilib. Son vaxtlar isə, ictimai qınağa çevrilən bu qalmaqallar getdikcə daha da böyüyür.
      Dəhşət ondadır ki, indiyədək, heç bir məhkəmə sənədində, nəinki bu ticarət mərkəzinin ümumi sahəsinin ölçüsü, hətta mərtəbələrinim sayı belə düzgün göstərilməyib --  faktiki olaraq, 8 mərtəbəli olan bina, 5 mərtəbəli kimi qeyd edilib. Nədən belə, bilən yoxdur!
       Bu biabırçılıqların və xeyli vaxtdır davam edən qalmaqalların əsas baiskarı olan "XalqBank" ASC-nin başında duran imkan sahibləri isə, mürəkkəb tikinti quruluşu görkəmini olduqca cəlbedici edən bu ticarət mərkəzini ələ keçirməkdən ötrü, "Mars-M" MMC-nin hazırda həbsdə olan rəhbəri Mərhəmət Bəşirovun özünü də, özləri tərəfindən qabaqcadan hazırlanan hiylə və məkr dolu planın daha bir icraçısına çevirə biliblər.
      Xeyli vaxtdır ki, Yasamal Rayon Məhkəməsində də, Mərhəmət Bəşirova qarşı bu ittiham üzrə -- Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə cinayət prosesi gedir. Artıq, başa çatmaq üzrə olan bu məhkəmənin gedişindən belə açıq-aydın görünür ki, bu qatı cinayəti törədən cinayətkar qrup qanunsuz əməllərini ört-basdır etməyə çalışır. Məhz buna görə də, cinayət prosesində zərərçəkənlərin heç bir vəsatətləri təmin edilmir. Daha bir qurama prosesin getdiyinə şahidlik etdikcə, bu cür məkrli məhkəmə yanaşmasının məqsədi də hamıya aydın olur; Yəni, əgər, Mərhəmət Bəşirov 195.2-ci maddə ilə cəza alsa, deməli, belə çıxır ki, o, bankı aldadıb. Guya, bankın özü qanunsuz kredit verməyib, müştərisi ondan qanunsuz kredit alıb. Aldadılan bu bank isə, vicdanlı hesab olunacaq. Deməli, zərərçəkən sahibkarlar da, sonda, pullarını bankdan deyil, adına heç bir rəsmi əmlakı olmayan Mərhəmət Bəşirovdan tələb etməli olacaqlar.
       Artıq, başa çatmaq üzrə olan həmin məhkəmə prosesində prokuror Mərhəmət Bəşirova 6 il 6 ay cəza da istəyib. Belə görünür ki, hakim tərəfindən ona bir qədər də yüngül cəza veriləcək. Yekunda itirənlər isə, elə, o və digər zərərçəkənlər olacaq. Bir daha xatırladırıq ki, Yasamal Rayon Məhkəməsində gedən həmin prosesdə tanınmış hüquqşünaslar, bu iş üzrə zərərçəkmiş şəxslərin nümayəndələri və vəkilləri də özlərinin yekun məhkəmə çıxışlarında, yuxarıda sadaladığımız bütün qanunsuzluqları tam çılpaqlığı ilə məhkəmə heyətinin diqqətinə çatdırıb.
       Bu sirr deyil ki, ölkədə vicdan çərçivəsinə sığmayan belə pis hadisələrə çox şahidlik etmişik. Bankların iş adamlarına qarşı amansız olmaları, çoxdandır ki, adi hala çevrilib və bunlar ictimaiyyət tərəfindən heç vaxt birmənalı qarşılanmayıb. Elə, “XalqBank”ın “Yasmin”i zəbt etmək istəyi də, həmin amansızlıqlardan və çoxsaylı pisliklərdən biridir. Bu bank da, heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, “Yasmin”in binasını tam ələ keçirməyə köklənib. Onu da qeyd edək ki, törədilən bu qatı cinayət əməli, yalnız, bu işdə adları zərərçəkən kimi keçən iş adamlarına qarşı deyil, həm də dövlət başçısının ölkədə sağlam biznes mühitinin inkişafına və sahibkarlığa hərtərəfli dəstəyə hesablanan siyasəti əleyhinədir. 
     "Yasmin" ticarət mərkəzi ətrafında baş verən hadisələrin gedişi araz.az saytının diqqət mərkəzində olduğundan, yazının davamı olacaq. Saytımızı izləyin.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

 

Əlaqəli xəbərlər