"Kredit vermirlər" deyən sahibkarı mənim yanıma göndərin" - BANKİR

faiq-huseynov.jpg"Unibank"ın İdarə Heyətinin sədri Faiq Hüseynov "Banklar biznesə kredit vermirlər" iddialarına öz münasibətini bildirib.

 Marja-nın məlumatına görə, jurnalistlərlə görüşən təcrübəli bankir biznes krediti üçün yeni müraciətlərin az olduğunu, sahibkarların və ya şirkətlərin çoxunun tələblərə cavab vermədiyini qeyd edib: "Banklarda biznes kreditləri vermək üçün vəsait var. Bu gün bəzi banklar biznesə 10% ilə manat, 5-7% ilə dollar kreditləri təklif edirlər. Birincisi, biznes kreditləri üçün müraciətlər çox deyil. İkincisi, kredit almaq istəyənlər girov təqdim edə bilmirlər, biznesləri şəffaf deyil, sənədləri qaydasında deyil və s. "Banklar mənə kredit vermirlər" deyən sahibkarları mənim yanıma göndərsinlər, mən faizsiz kredit verə bilərəm, əgər kredit almağa uyğun şirkətdirsə. Bu yaxınlarda sahibkarların və bank rəhbərlərinin iştirakı ilə keçirilən bir müzakirələrdə iştirak edirdim. Əksər sahibkarların şikayətləri Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin restrukturizasiyasının olmaması ilə bağlı idi. Sahibkarlığın İnkişafı Fondunun şərtlərində restrukturizasiya nəzərdə tutulmayıb. Sonra sahibkarlardan biri durub dedi: "1 milyon manatlıq layihəmi maliyyələşdirmək üçün özümün 500 min manatım var, 500 min manat da banklardan götürmək istəyirəm, amma girovum olmadığımdan banklar mənə kredit vermirlər". Mənə söz verilsəydi, ondan soruşardım ki, hörmətli sahibkar, siz hansı məhsulu istehsal edəcəksiniz? Tutaq ki, zeytun. Mən də deyərdim ki, mənə girovsuz, borca 1000 kq zeytun verərsən? Yəqin ki, cavabı "yox" olacaqdı".

Hüseynov əlavə etdi ki, bir çox şirkətlərdə rəsmi sənədləşmə çox aşağı səviyyədədir, əksər əməliyyatlar qeyri-rəsmi şəkildə, nağd aparılır: "Tam şəfafflıq təmin edilməlidir. “Sədərək”, “Binə”, “Dərnəgül”də çalışan sahibkarlar tələb olunan sənədləri təqdim edə bilmirlər. Çünki nağd şəkildə işləyirlər. Bu ticarət mərkəzləri Azərbaycanın qeyri-neft sektorunun mühüm bir hissəsidir, il ərzində bir neçə milyard dollar dövriyyələr baş tutur. Gəlirlər bizdən kredit almağa, verə bilmirik. Çünki qeyri-rəsmi işləyirlər, biz onların maliyyə vəziyyətlərini təhlil edə bilmirik. Həmin sahibkarların rəsmi işləmələri təmin edilsin, biz də kredit ayırmağa baxaq".

 Bankir bildirdi ki, bu gün "Unibank"da izafi likvidlik mövcuddur: “Banklarda, məsələn, elə bizim bankda kifayət qədər vəsait var. Amma biznes gəlib istəmir, təlabat yoxdur. Biz də faizlərimizi aşağı salıb Mərkəzi Bankın notlarını, dövlət istiqrazlarını alırıq. Bu ilin əvvəlindən Unibankın depozit portfeli cüzi azalıb, ancaq biz bundan çox narahat deyilik. Çünki cəlb etdiyimiz vəsaiti sata bilmirik. Biznes kreditləri üçün müraciət edən yeni müştərilər çox azdır. Köhnə müştərilərin çoxu devalvasiyadan sonra iflas olublar, qalanlar da biznesi genişləndirmirlər. Unibank-ın Bakıda 5 ixtisaslaşmış biznes filialı fəaliyyət göstərir. Bu filiallar heç bir pərakəndə satış etmirlər. Biznes filiallarının əməkdaşları müştəri tapmaq üçün qapı-qapı müraciət edirlər".

 "Unibank"ın sədri girov məsələsinə toxunaraq bildirdi ki, rayon mərkəzlərində deyil, kənd yerlərində girov məsələsi böyük problemdir: "Kənd yerində girov götürülən evi satmaq mümkün deyil. Kənddə yaşayanların çoxu bir-biri ilə ya yaxın, ya da uzaq qohum olurlar. Evi kimə satacaqsan?! Nə deyirəm, kəndlərdən girov götürülməsinin və onun satışının yolunu tapsınlar".

 Hüseynov bankların qarşılaşdığı çətinliklərdən birinin girovun müsadirəsi və satışı ilə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə, kreditlər qayıtmayan zaman həmin kreditlərə görə qəbul edilmiş girovların kreditgötürənin əlindən alınması zəif icra edilir: “Bu gün İcra xidməti məhkəmə qərarlarını vaxtında icra etmədikdən sonra, mən əmlakı girov olaraq necə qəbul edim?! Mən o riski üzərimə götürsəm, sabah kredit qayıtmasa və əmlakı da onun əlindən ala bilməsəm, bankın kapitalı azalacaqdır. Çünki bank qayıtmayan kreditə görə öz gəlirləri və ya kapitalı hesabına ehtiyat yaradır. Kreditlər qayıtmadıqda yaradılan ehtiyata görə bank zərər ilə işləyir və kapitalı da azalır”.

 Sədr hərracların fəaliyyətindən də razı deyil, bu xidmət üzrə tariflərin tənzimlənməsinə ehtiyac olduğunu hesab edir: “Bu sahədə təkmilləşməyə ciddi ehtiyac var”.

 Hüseynov bildirdi ki, bu gün artan istehlak kreditləri biznes kreditlərinin canlanmasına səbəb olmur: “Nəzəriyyəyə görə, əhali aldığı kreditləri xərcləyirsə mağazaların satışları artmalıdır. Dolayı yolla bizneslərin satışları artdığından əlavə malların alınması və ya istehsal olunması üçün vəsaitə ehtiyacları yaranmalı və bu ehtiyacın ödənilməsi üçün banklara müraciət olunmalıdır. Biz əhaliyə istehlak kreditləri ayırsaq da, biznesin yeni kreditlər üçün müraciətləri çox azdır. Əhali istehlak krediti alırsa ələ pul keçir, onlar mağazaya, restorana getməlidirlər. Ancaq bu gün alıcılıq qabiliyyətinin aşağı olduğunu müşahidə edirik. Baş aça bilmirəm, biz əhaliyə pul veririkə, niyə biznesin yeni kreditlərə təlabatı yoxdur? Əhali aldığı kreditləri hara yönəldir? Ehtimal ki, ya borclarını bağlayırlar, ya da idxal olunan malların satışının artması vasitəsilə xaricə gedir”.

 Hüseynov bildirdi ki, hazırda "Unibank"ın kredit portfelinin 51%-ni istehlak, 40%-ni biznes, 9%-ni ipoteka kreditləri təşkil edir: “Biznes kreditlərinin xüsusi çəkisinin 40% olması kiçik nisbət deyil”.

 Onun sözlərinə görə, milyardlarla manat dövriyyə bank sektorundan kənardadır, əgər həmin dövriyyələr rəsmiləşərsə banklarda kredit faizləri də aşağı düşəcəkdir.

 Hüseynov əlavə etdi ki, vəzəiyyətdən çıxış yolu iqtisadi islahatları sürətləndirməkdir. Sədrin fikrincə, bu islahatlar son illərdə xeyli sürətlənib və bank sektoru bu prosesi nikbinliklə izləyir.

Əlaqəli xəbərlər