"XALQ BANK" PREZİDENT SİYASƏTİNƏ QARŞI: BANK "YASMİN" SAHİBİNİN MÜƏMMA DOLU HƏBSİ İLƏ, 30 NƏFƏRDƏN ÇOX İŞ ADAMINA AĞIR ZƏRBƏ VURUR -- FAKT


MƏHKƏMƏ DƏ, ÇIXARDIĞI YÜNGÜL CƏZA HÖKMÜ İLƏ, BU BANKIN DƏSTƏKÇİSİ OLDUĞUNU SÜBUT EDİR VƏ BİZNES MƏRKƏZİNDƏN ÖZLƏRİNƏ OBYEKTLƏR ALAN SAHİBKALARIN HÜQUQLARININ TAPDANMASINA İMKAN YARADIR

Paytaxt Bakının ən elitar ərazilərindən birində, Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" ticarət mərkəzi ətrafında baş verən qalmaqallı hadisələrin gedişi ölkənin bir çox mətbu orqanları kimi, araz.az xəbər portalının da diqqət mərkəzindədir.

Bu barədə əməkdaşlarımızın qələmə aldıqları silsilə yazılarda, "Mars-M” MMC-nin tabeçiliyində olan, elə, bu biznes qurumunun özü tərəfindən də tikilərək, inşası təqribən on il əvvəl başa çatdırılan xüsusi görkəmli bu ticarət mərkəzinin xeyli vaxtdır ölkənin müxtəlif instansiya məhkəmələrində qalmaqallar dolu mübahisə obyektinə çevrilməsinin səbəbləri açıqlanır. Bir daha xatırladırıq ki, "Yasmin"ə aid əsas, lakin üzücü təsir bağışlayan daha bir məhkəmə prosesi xeyli müddət əvvəl başa çatıb. Yasamal Rayon Məhkəməsində gedən həmin prosesdə, "Xalq Bank" ASC-nin iddiası əsasında, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2. və 308.2. maddələri ilə ittiham edilərək, cinayət məsuliyyətinə cəlb olunan və prokurorun 6 il 6 ay cəza tələb etdiyi "Mars-M" firmasının sahibi Mərhəmət Bəşirovu hakim Hüseyn Səfərov 4 il 6 ay azadlıqdan mərhum edib.
Qeyd edək ki, həmin yazılarımızda 2008-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin, ümumilikdə, beş milyon manatdan çox qiymətləndirilən dəyərini tam ödəməklə,
"Yasmin"in binasından özlərinə obyektlər alan 30 nəfərə yaxın iş adamının başına müsibətlər gətirildiyi xüsusi vurğulanıb. Yazılarımızda, son vaxtlar bu qalmaqalların getdikcə daha da böyüyərək, ictimai qınağa çevrilməsinin səbəbləri də açıqlanıb. Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda ətraflı məlumatların olduğu yazılarımızda o da göstərilib ki, həmin iş adamlarına oradakı obyektlərini özlərinin bizneslərinə uyğunlaşdırıb, işə başlayandan bir qədər sonra məlum olub ki, ticarət mərkəzinin binası “Xalq Bank”a girov qoyulub. Bina sahibi bankdan külli miqdarda -- 17 milyon dollar ipoteka krediti götürüb və bu pulu banka qaytara bilməyib. Bank məhkəməyə müraciət etməklə, kreditin təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin kredit məbləği ilə əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin edib. Lakin çıxarılan hökmdə iş adamları Afət Ağazadənin, Sahib Quliyevin, Azər Mahmudovun, Akif Mahmudovun, Fuad Ramazanovun, Natəvan Bağırovanın, Əliağa Məmmədovun, Anar Hüseynovun, Zülfüqar Kazımovun, Yalçın Məlikovun, Adil Məmmədovun, Ədalət Zamanovun, Vüqar Həsənovun, Elçin Əliyevin, Qalıb Məmmədovun... pullarının hansı hesabdan qaytarılmasına aydınlıq gətirilməyib. Halbuki onlar aldıqları obyektlərini, həm də külli miqdarda pul xərcləyərək, təmir etdirib və öz fəaliyyətlərinə bağlı təyinata uyğun istifadə ediblər. Təəssüf ki, ”Mars-M" firmasının və “Xalq Bank” ASC-nin bəzi vəzifəli şəxslərinin çirkin niyyətlə qurduqları və icra etdikləri plan nəticəsində, artıq, onlar əmlaklarından məhrum olmaq üzrədirlər.
Sahibkarların həmin əmlaklarını faktiki olaraq ələ keçirən “Xalq Bank” ASC, hətta binaya mühafizə yerləşdirməklə, onların öz sahələrinə girişinə, qanuni əsaslarla aldıqları əmlaklarından təyinatına uyğun istifadə etmələrinə mane olmaqla yanaşı, illər əvvəl “Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmələr mərhələsində də, bu əmlakları ələ keçirməni leqallaşdırmaqla məşğuldur. Vətəndaşların milyonlarla dəyərində olan əmlaklarından məhrum olmasına görə isə, yalnız bir nəfər -- “Mars-M” firmasının təsisçisi Mərhəmət Bəşirov cinayət məsuliyyətinə cəlb edilməklə, guya, qanunsuzluğa hüquqi qiymət verilir və qanunsuzluğu etmiş şəxsin məsuliyyətə cəlb olunması görüntüsü yaradılır. Bu da, “Xalq Bank” ASC-nin qurduğu oyunun bir hissəsidir: Cinayət işi məhz onun müraciəti əsasında başlanılıb və bu qanunsuzluğun bir tərəfi olmasına baxmayaraq, özünü zərərçəkmiş şəxs qismində tanıda bilib. Əslində, həm qanunsuzluğa düzgün hüquqi qiymət verilməyib, həm də bu qanunsuzluğu etmiş “Xalq Bank” ASC-nin aidiyyatı vəzifəli şəxsləri məsuliyyətdən tamamilə kənarda qalıblar.
Doğrudan da belədir: "Xalq Bank" ASC-nin başında duran imkan sahibləri, mürəkkəb tikinti quruluşu görkəmini olduqca cəlbedici edən bu ticarət mərkəzini ələ keçirməkdən ötrü, "Mars-M" MMC-nin hazırda həbsdə olan rəhbəri Mərhəmət Bəşirovun özünü də, özləri tərəfindən qabaqcadan hazırlanan hiylə və məkr dolu planın daha bir icraçısına çevirə biliblər. Bu azmış kimi, "Yasmin"dən özlərinə qeyri-yasayış sahələri alanları buradan uzaqlaşdırmaq üçün, onların belə başlarına istədikləri oyunu açmaqdan çəkinməyiblər. Konkret desək, külli miqdarda ziyana düşən həmin zərərçəkənləri öz investisiyalarından məhrum etmək üçün, hər vasitəyə əl atmaqdan çəkinməməklə, onları da, özlərinin qabaqcadan qurduqları tikinti fırıldağının qurbanına çeviriblər. Ən dəhşətlisi odur ki, həmin iş adamlarının külli miqdarda maddi zərərə salınmasıyla nəticələnən bu fırıldaqda, əvvəllər, aidiyyatı dövlət qurumları ilə bərabər, hüquq-mühafizə orqanlarının da əlləri olub. Hazırda isə, aşağı instansiya məhkəmələri kimi, yuxarı instansiya məhkəmələri də, törədilən bu qatı cinayəti ört-basdır etməyə çalışırlar. Elə, bunun acı nəticəli qarşılığıdır ki, adını çəkdiyimiz bankın rəhbərləri, həmin iş adamlarının dəyərləri milyonlarla ölçülən halal mülklərinə əl qoya biliblər. Bir sözlə, illərin əzab-əziyyətləri hesabına topladıqları külli miqdarda pulları müqabilində aldıqları obyektləri, artıq, həmin zərərçəkənlərin əllərindən çıxmaq təhlükəsi ilə üz-üzədir.
Bəli, artıq, başa çatmış bu məhkəmənin də gedişindən açıq-aydın göründü ki, bu qatı cinayəti törədən cinayətkar qrup qanunsuz əməllərini ört-basdır etmək üçün, öz üzvünü himayə etməyə çalışıb. Məhz buna görə də, cinayət prosesində zərərçəkənlərin heç bir vəsatətləri təmin edilməyib. Daha bir qurama prosesin getdiyinə şahidlik etdikcə, bu cür məhkəmə yanaşmasının məqsədi də hamıya aydın olub. Yəni, əgər, Mərhəmət Bəşirov həmin maddələrlə cəza alsa, deməli, belə çıxır ki, o, bankı aldadıb. Guya, bank özü qanunsuz kredit verməyib, müştərisi ondan qanunsuz kredit alıb. Aldadılan bu bank isə, vicdanlı hesab olunacaq. Deməli, zərərçəkən sahibkarlar da, sonda, pullarını bankdan deyil, adına heç bir rəsmi əmlakı olmayan Mərhəmət Bəşirovdan tələb etməli olacaqlar. Göründüyü kimi, yekunda itirənlər də, elə, zərərçəkən sahibkarlar olacaqlar.
Bu sirr deyil ki, ölkədə vicdan çərçivəsinə sığmayan və pislik dolu belə hadisələrə çox şahidlik etmişik. İş adamlarını aldadaraq, milyonçuya çevrilən, sonda, yüngül həbs cəzası alan belələrinin cəzalarının yarı hissəsini çəkməmiş azadlığa buraxılmaları da, çoxdandır ki, adı hala çevrilib və bunlar ictimaiyyət tərəfindən heç vaxt birmənalı qarşılanmayıb. Elə, “XalqBank”ın başında duranların “Yasmin”i zəbt etmək istəkləri həmin çoxsaylı pisliklərdən biri idi və istəklərinə nail oldular da. Yəni, heç bir qanun və vicdan çərçivəsinə sığmayan vasitələrlə, ən əsası isə, qanunsuz təşkil etdirdikləri hərracla, 60 milyon manata yaxın qiyməti olan "Yasmin"i vur-tut 22 milyona bu bankın adına ala biliblər. Bir sözlə, pis niyyətli həmin insanlar, artıq, “Yasmin”in binasını tam ələ keçirməyə hazırdırlar...
...Yasamal Rayon Məhkəməsində gedən həmin prosesdə tanınmış hüquqşünas, bu iş üzrə zərərçəkmiş şəxslərdən birinin nümayəndəsi və vəkili olan Əkrəm Həsənov özünün yekun məhkəmə çıxışında da, yuxarıda sadaladığımız bütün qanunsuzluqları tam çılpaqlığı ilə məhkəmə heyətinin diqqətinə çatdırıb. Maraqlı olsun deyə, vəkil Əkrəm Həsənovun 27 dekabr, 2019-cu il tarixli həmin çıxışını, nöqtəsinə, vergülünə toxunmadan, bir daha, oxucularımızın diqqətinə çatdırırıq:
"Möhtərəm hakim!
Baxılan iş ibtidai istintaq çərçivəsində o qədər qanunsuz aparılıb ki, bu proses çərçivəsində zərərçəkən şəxslər təqsirləndirilən şəxs Mərhəmət Bəşirovun İttiham Aktında göstərilən cinayət əməllərini törətməməsini sübut etmək zorunda qalıblar. Niyə? Ona görə ki, əslində, Bəşirov daha ağır cinayətlər törədib və biz ehtimal edirik ki, o, bunları "XalqBank" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “XalqBank”) ilə birgə edib.
Sadəcə, ibtidai istintaq kimi, bu məhkəmə prosesi də, kobud qanun pozuntuları ilə və "XalqBank"ın maraqları çərçivəsində aparıldığı üçün, bu məsələlər tədqiq olunmadı. Belə ki, bizim heç bir vəsatətimiz təmin olunmadı. "XalqBank" nə kredit dosyesini, nə daxili kredit qaydalarını təqdim etmədi, nə də kreditin verilməsi barədə bankın qərar vermiş rəsmi şəxslərini dindirmədi. Bunlar edilsəydi, aşkar olacaqdı ki, Bəşirov sözügedən cinayətləri törətməyib. Sadəcə, ona da, "XalqBank"a da ittihamın məhz bu cür olması sərf edir.
Əslində, nə baş verib? Biz hesab edirik ki, zərərçəkmiş şəxslər "XalqBank"ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdır. Bu fırıldaqda aidiyyatı dövlət orqanları da iştirak edib. Hazırda isə, hüquq-mühafizə orqanları və məhkəmə törədilmiş cinayəti ört-basdır edərək, zərərçəkmiş şəxslər olan sahibkar vətəndaşları investisiyalarından məhrum etmək istəyirlər -- işin qısa mahiyyəti də, elə, budur".
Sonda onu da qeyd edək ki, "Xalq Bank"ın başında duranlar tərəfindən törədilən bu qatı cinayət əməli, yalnız, bu işdə adları zərərçəkən kimi keçən iş adamlarına qarşı deyil, həm də dövlət başçısının ölkədə sağlam biznes mühitinin inkişafına və sahibkarlığa hərtərəfli dəstəyə hesablanan siyasəti əleyhinədir.

"Yasmin" ticarət mərkəzi ətrafında baş verən hadisələrin gedişi araz.az saytının diqqət mərkəzində olduğundan, yazının davamı olacaq. Saytımızı izləyin.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

 

Əlaqəli xəbərlər