Obyekt sahibi Abşeronun Baş memarı Akif Əliyevdən narazıdır -- TƏƏCCÜB DOĞURAN SƏBƏB

WhatsApp Image 2020-05-15 at 23.11.48.jpgArtıq neçə vaxtdır ki, Dövlət Təhlükəsizlik Xidmətinin bəzi dövlət qurumlarında və rayon icra hakimiyyətlərində keçirdiyi xüsusi əməliyyatlar, ictimai diqqəti, ölkənin digər bu kimi dövlət qurumlarına başçılıq edən rəhbər şəxslərin fəaliyyətinə yönəldib. Rezonans doğuran bu həbslər göstərir ki, məmur özbaşınalığına, rüşvət və korrupsiyaya qarşı mübarizə artıq hakimiyyət üçün prinsipə çevrilib. Bu sensasion həbslər barədə danışarkən, dövlət rəhbərinin özünün tutulan yüksək çinli dövlət məmurları haqqında kəskin ifadələr işlətməsi, oxşar halların digər nazirlik və rayonlarda da baş verdiyini söyləməsi, bu səbəbdən prosesin davam edəcəyini vurğulaması iqtidarın bu məsələdə sonadək israrlı olacağını göstərir. Bütün bunlar isə, eyni istiqamətli əməliyyat tədbirlərinin bundan sonra da davam edəcəyinə içtimai inamı da xeyli gücləndirib. Məhz buna görədir ki, cəmiyyətin sosial şəbəkələrdəki fəal üzvləri digər dövlət qurumlarında və rayonlarda da oxşar əməliyyatların keçirilməsinə çağırışlar edirlər.

Çünki bu əməliyyatlarda ortaya çıxarılacaq korrupsiya, maxinasiya, saxtakarlıq və rüşvətlə bağlı dəhşət doğuracaq faktlar da, həmin sakinlərin daha çox qəzəbinə səbəb olan cinayət epizodlarıdır. Bu səbəbdən də, müxtəlif rayonların və qurumların yüksək vəzifəli səxslərini hədəf göstərənlər, Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının həmin yerlərdə də eyni vəziyyətlə üzləşə biləcəklərini qətiyyətlə bildirirlər.
Abşeron Rayon İcra Hakimiyyətində, eləcə də bu rayonun digər idarə və müəssisələrində yüksək vəzifə tutanlar da, fəal sakinlər tərəfindən siyahıları çoxdan tərtib olunmuş arzuolunmaz kreslo sahibləridir. DTX-ya çağırış edən abşeronlular, onların vəzifə başında törətdikləri saysız-hesabsız qanunsuz bəd əməllər barədə nələr danışmırlar?! Qeyd edirlər ki, öncə bu rayonda icra başçısının müavini postunu tutan, sonra rayon rəhbəri vəzifəsini zəbt edən İradə Gülməmmədova ilə bərabər, onun, yüksək vəzifə verməklə, ətrafına topladığı yaxın adamları rayonun əksər narazı sakinlərinin başlarına açmadıqları oyun qalmayıb. DTX maskalılarını əməliyyat keçirməyə dəvət etməklə təsəlli tapan həmin narazılar başçının və onun yaxınlarının adlarını daha çox torpaq satmaqda, sahibkarlıq fəaliyyətinə əngəl olmaqda, vətəndaşların problemlərinə laqeyd yanaşmaqda hallandırırlar. Həmçinin bildirirlər ki, icra başçısının özü Abşeronun yaşayış məntəqələrinin, üstəlik, rayon mərkəzi Xırdalan şəhərinin problemlərini bir kənara qoyaraq, yalnız öz şəxsi biznesini çiçəkləndirməklə məşğul olmağı qarşısına əsas məqsəd qoyub. Konkret desək, 2015-ci ildən Abşerona rəhbərlik edən, icra başçısı olduğu dövrdən bu günədək rayonda “kraliça” adı ilə gündəmi tutan İradə Gülməmmədovanın idarəetmə təcrübəsi barəsində danışılanlardan da belə qənaətə gəlmək mümkündür ki, o, bu məsul vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Çünki, öncə də vurğuladığımız kimi, başı daha çox öz biznes şəbəkəsini genişləndirməyə qarışır. Hətta rayonda hədsiz sosial narazılığın yaranması barədəki ilginc faktlar və ciddi iddialar belə, Abşeronu şəxsi təsərrüfatlarına çevirməyi bacaran xanım başçını və onun ətrafına topladığı yaxınlarını tutduqları yoldan çəkindirmir.
Yuxarıda göstərilənlərin acı nəticəsidir ki, rayon sakinləri başçıdan olduğu qədər, onun ətrafına topladığı və vəzifə sahibi etdiyi yaxınlarından da bir o qədər narazıdırlar. Bunu, şikayətçi Orxan Bəylərovun bu yaxınlarda araz.az-ın redaksiyasına ünvanladığı şikayət məktubunda göstərilən xoşagəlməz hallar da təsdiq edir. Bir sözlə, bu yazının əvvəlindəki oxşar epizoda haşiyə təsiri bağışlayan bu şikayət məktubu Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsınin müdiri – baş memar Akif Əliyevin, eləcə də, indiyədək özlərini qoçu dəstəsinin üzvləri kimi tanıdan həmin şöbənin əməkdaşlarının daha bir özbaşınalıqları və qanunsuz əməlləri barəsindədir.
Şikayətçinin yazdığına görə, təməli 2012-ci ildə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167 ünvanında qoyulan, tikililərinin çoxfunksiyalılığı və modern keyfiyyətləri ən müasir standartlara cavab verən, bütün bunlara görə də, dövrünü qabaqlayıb, sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bir məkana çevrilən yaşayış kompleksi kimi yaxşı tanıdığımız "AAAF Park" Yaşayış Kompleksində Akif Əliyevin dəstəsindəki Murad və Tural adlı iki nəfərin öz şəxsi obyektində onun başına gətirdikləri qanqaraldıcı və çox təəssüfləndiricidir:
"Mən bir müddət əvvəl "AAAF Park" Yaşayıs Kompleksinə məxsus tikinti şirkətindən, ticarət obyekti yaratmaqdan ötrü, qeyri-yaşayış sahəsi aldım. Və köhnə olduğuna görə, obyektin təmir-bərpa işlərini yeniləməyə qərar verdim. Elə, işə başladığım gün, 90 - OT - 026 və 10 - CL - 888 nömrəli avtomobillərdə obyektə gələn Tural və Murad adlı təkəbbürlü iki nəfər, orada işləyən təmir ustasına yaxınlaşaraq, özlərinin kimliyini belə təqdim etmədən, israrla ondan işi dayandırmağı tələb ediblər. Əks halda, polis çağıraraq, onu türməyə basdıracaqları ilə hədələyiblər. Usta isə, obyekt sahibi kimi, mənim ora getməyimdən sonra, bu tələbin mümkün olub-olmamasını zorla, olduqca kobud və qaba təsir bağışlayan bu iki nəfərə başa sala bilib. Bu cavab onları qane etmədiyi üçün, ağızlarına gələni və tezliklə yenə gələcəklərini deyərək, oradan uzaqlaşıblar. Bir müddət keçdikdən sonra isə, yenidən gələrək, təhdid dolu sözlərlə yenə ustanı hədələməyə başlayıblar. Usta isə, əvvəlki kimi, eyni sözləri əndazələrini aşan bu insanlara çatdıraraq, həm də mənimlə görüşmələrinin vacibliyini onlara başa sala bilib.
Az sonra, həmin iki nəfərlə baş tutan görüşümüz zamanı mənə məlum oldu ki, onlar Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsınin müdiri – baş memar Akif Əliyevin işçiləridir. Onlar, müdir tərəfindən, əsasən, belə qanqaraldıcı və xoşagəlməz "missiyaların" həyata keçirilməsi üçün "səfərbər olunurlar".
Söhbət zamanı Turalla Murad müdirlərinin yanına getməyimin vacibliyini məndən israrla tələb etdilər.
Mənsə, onlara, bu məsələdə Akif Əliyevlik heç nəyin olmadığını bildirdim. Dedim ki, yeni bir obyekt və ya bina tikdirmirəm ki, ondan nə isə xahiş edim. Mövcud olan bir yeri təmir elətdirirəm, ora da hələ "AAAF Park"a məxsusdur. Ortada, hətta rayon İcra Hakimiyyətlik də heç nə yoxdur. Onlarsa, ağına-bozuna baxmadan, mənə, qanundan danışmağa başladılar. Elə başa düşürdülər ki, guya, mən, hər bir hədə-qorxudan çəkinən savadsız və səriştəsizin biriyəm. Bir sözlə, məni zorla başa salmaq istəyirdilər ki, guya, bu obyekt qanunsuz tikilidir və təmir etdirməklə, özümü təhlükəyə atıb, xataya salıram. Onlara cavabım isə bu olurdu ki, obyekt qanunsuz tikilidirsə, akt tərtib edərək, protokol açsınlar, cəriməsi varsa, onu da ödəməyə hazıram. O ki qaldı təhlükəsizlik və qanunsuzluq məsələlərinə, bunlara da, yalnız, Fövqəladə Hallar Nazirliyi rəy verə bilər. Çünki rayon İcra Hakimiyyətinin bu tikintiyə mudaxilə etməsinə heç bir əsas yoxdur. Təmirə mane ola da bilməz. Mövcud qanunlarımız bunu deyir. Sonda, konkret olaraq, izah etməklə, onları başa salmaq istədim ki, cənab prezidentimizin sərəncamları, eləcə də şəhərsalma və tikinti məsələləri ilə məşğul olan dövlət qurumlarının qəbul etdikləri qərarların norma və tələbləri də, mən dediklərimə əsas verir.


Yuxarıda dediklərim onların xoşlarına gəlmədiyindən, cızıqlarından çıxardı. Bundan sonra, onlar mənim özümə də hədə-qorxu gəlməyə başladılar. Dedilər ki, belə getsə, Akif Əliyev obyekti sökdürə də bilər. Mənsə cavabında bildirdim ki, nə istəsə, etsin. Sökməyə də, narazılıq etmirəm, amma, mənə, buna əsas verən hüquqi bir sənəd verib, akt tərtib etsin. Bu sözlərdən sonra, özlərindən çıxıb, daha da hirslənən həmin şəxslərin mənə sözləri bu oldu ki, guya, qanun da, hüquq da onlardır və istədiklərini edə bilərlər.
Mənsə onlardan bunu soruşdum ki, Akif Əliyevin yanına getsəm, bu, qanunimi olacaq?! Axı, harda yazılıb ki, onun sözü qanundur?! Bu sualların əvəzində isə, onlardan: "Bu rayonda belədir!" -- cavabını aldım.

Belə çox mübahisələrimiz oldu. Sonda, bu iki nəfərlə "səmimi söbətdən" aydın oldu ki, mütləq, Akif Əliyevin yanına getməliyəm və ona 2500 manat verməliyəm ki, bu obyektlə işi olmasın. Mən yenə getmədim müdirlərinin qəbuluna. Əvəzində, may ayının 4-dən başlayan intriqa xarakterli mübahisəmiz mayın 9-nadək davam etdi. Mayın 9-da isə, mübahisələrimiz özünün kuliminasiya nöqtəsinə çatdı. Həmin gün bunlar içi zibil, tullantı və torpaq dolu "KAMAZ" markalı yük maşınını, özüm oradan çıxandan sonra, obyektin qabağına sürdürüblər. İçəridə təmirlə məşğul olan və onların hərəkətlərinə etiraz edən həmin ustanı zorla polis maşınına otuzdurub və maşının içindəkiləri obyektin qabağına tökdürməklə, sanki, təsəlli tapmaq istəyiblər. Mən onların bu xoşagəlməz və gülüş doğuran hərəkətlərinin səbəbini özlərindən soruşduqda, Akif Əliyevin bərk əsəbiləşdiyini, hələ, onların belə çox hərəkətlər etmələrinə göstəriş verəcəyini dedilər. Mənsə onlara, Akif Əliyevin İcra Hakimiyyətinin məsul işçisi olduğunu dedim. Bildirdim ki, axı, İcra Hakimiyyətinin işi təmizləməkdir, abadlaşdırmaqdır, üstəlik, əhalinin rifahı naminə, onların qarşılarındakı çətinliklərin aradan qaldırılması və vəziyyətin yaxşılaşdırılması üçün iş görməkdir, bu cür zibilləmək yox! Bu yerdə, onların son sözləri də qəribə oldu: "Nə deyirsən, de! Qanun bizik və istədiyimizi də edə bilərik!".
Bir redaksiya olaraq, bu qənaətdəyik ki, Abşeronun Baş memarı Akif Əliyev şöbəsində çalışan əməkdaşların əməllərindən tam olaraq bixəbərdir. Çünki onlar nə etdiklərini bilmirlər -- hərəkətləri təəccüb və gülüş doğuran Tural və Murad kimi! Fikrimizcə, baş memar belə bir xoşagəlməzlikdən xəbərsizdirsə, bu o deməkdir ki, artıq, o, əməkdaşları üzərində nəzarəti də tam itirib. Əgər belə deyilsə, yəni baş verənlər şöbə müdirinə sonradan məlum olubsa, o, buna mütləq reaksiya verməli, səbəbkar həmin işçilərini mütləq cəzalandırmalıydı. Qabaqcadan bilib, belə bir hadisəyə reaksiya vermirsə, onda, bu, o deməkdir ki, əməkdaşlarına göstərişi də özü veribmiş.
Yazıda adları çəkilən şəxslərin və səlahiyyətli qurumların mövqelərini dinləyib, dərc etməyə də hazırıq.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər