“Evdə qal” karantin rejimi mənasızdır – Sərt karantin ləğv olunsun

tia 51889c736faf29439300dc23eb56b717 j4w30tguczkp6mvqnxf7 640x336Bu yaxınlarda bir qrup tibb mütəxəssisi Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflər paketindən ibarət müraciət ünvanlayıb. Müraciətdə karantin rejiminin yumşaldılması, nəzarətinsə gücləndirilməsi zərurəti vurğulanıb.

TİA.AZ  xəbər verir ki, müraciət müəlliflərindən bir olan professor Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Doktor, müraciətdə karantin rejiminin yumşaldılmasını təklif edirsiniz. Axı may ayında acı təcrübə göstərdi ki, bu, əhalidə araxayınlıq yaradır və nəticə etibarilə yoluxmanın artmasına gətirib çıxarır.

– May ayında karantin rejimi heç bir hazırlıq tədbiri görülmədən, insanların davranış təlimatlandırılması olmadan yumşaldıldı. İnsanlar sanki azadlığa çıxırmış kimi maskasız, sosial məsafə gözləmədən, karantin qaydalarını pozmaq şərtilə küçələrə axışdı. Buna görə də böyük bir yoluxma yarandı, bu, çox ciddi yanlışlıq idi.

Mən yenə də hesab edirəm ki, “evdə qal” karantin rejimi mənasızdır. İnsanlar SMS-lə küçəyə çıxırlar, işə gedirlər, avtobusa minirlər. İctimai nəqliyyatdakı duruma baxın, basabas, yoluxma potensialı var. Bir tərəfdən “evdə qal” çağırışı edilir, digər tərəfdən ictimai nəqliyyatda karantin qaydaları pozulur.

Bütün bunları, eləcə də insanların immunitet sisteminin yay fəslində payıza hazırlığını nəzərə alaraq düşündük ki, “evdə qal” karantinin ləğvi məqsədəuyğundur. Payızda karantin qaydaları sərtləşdirilməlidir. Marketlər, qapalı məkanlar, metrolar ciddi nəzarətdə saxlanmalıdır ki, insanlar maskasız ora daxil olmasınlar, sosial məsafə gözləsinlər, polisi gördükdə maska taxıb, polis getdikdən sonra çənələrinin altına çəkməsinlər. Çünki karantin qaydalarına riayət etsək, prosesə qalib gəlmiş olarıq. Yarımçıq “evdə qal” çağırışı isə effektsizdi.

Onsuz da bir çox insanlar müxtəlif yollarla rayonlara gedir, xaricə səfərə çıxanlar var. Mən hesab edirəm ki, insanlara daha rahat yolla qorunma vasitələrini öyrətməliyik, bunlar əlçatan yollardır. Məsələn, insan evdən çıxıb, harasa gedəndə ictimai nəqliyyata minir. Bilməlidir ki, mütləq əlləri dezinfeksiya olunmalıdır, maska taxmalıdır. Sosial məsafə gözlənməli, öpüşüb-qucaqlaşma təxirə salınmalıdır. Bunlar karantin davranışlarıdır və ona mütləq əməl olunmalıdır.

– Müraciətinizdə 15 sentyabradək ticarət obyektləri, restoranlar, təhsil müəssisələri və istirahət mərkəzləri kimi ictimai yerlərin hazırda bağlı olduğu kimi qapalı qalmasını, amma çimərliklərin, idman zallarının açılmasını təklif edirsiniz. Çimərliklərdə, idman zallarında virusun yayılma ehtimalı yoxdurmu? Axı birdən açılış kütləvi axına səbəb olacaq…

– Çimərliklər mütləq açılmalıdır, çünki açıq havadır. Burada insanlar sosial məsafə gözləsələr, heç bir problem olmayacaq. Çimərliklərin çoxusu özəldir və həmin özəl çimərliklər tutumundan artıq insanın oraya daxil olmaması şərtilə açıla bilər. Azərbaycanda dəniz kənarında kifayət qədər yer var ki, çimərliyə gedən insanların qəbul edə bilsin.

İdman zalları qapalı məkandır. Qapalı məkanda birinci qayda oranın normal havalandırma sistemi və kondisionerdir. Bilirik ki, kondisionerlərin virusun yayılmasında rolu var. Əgər standartlara cavab verən idman zalıdırsa, onun işlək vəziyyətdə olması mümkündür. Orada havalandırma sistemi normaldırsa, heç bir problemi yoxdur.

Hesab edirəm ki, karantin qaydalarını yumşalda bilərik. Əgər may ayında da belə yumşalma olsaydı, bu gün tamamilə başqa mənzərə ilə üz-üzə ola bilərdik.

– Medianın əhalini qorxutduğunu qeyd eləmisiz, daha çox maariflənmə istiqamətində materialların dərcini məqsədəuyğun saymısız. Sizcə, 6 aydır yetəri qədər maarifləndirmə aparılmırmı?

– Maarifləndirmə yetərli olmayıb ki, nəticə yoxdur… Yazılı media kifayət qədər iş görüb. Koronavirusla bağlı bütün saytlar kifayət qədər məqalələr dərc ediblər. ÜST-ün məlumatlarını çap ediblər, ayrı-ayrı ölkələrdə dünyanın aparıcı alim və mütəxəssislərinin fikirlərini yayımlayıblar. Bununla bağlı xeyli məlumatları mən də izləmişəm.

Amma televiziyanın bu sahədə işi çox yarıtmaz olub. Əsas iş onların öhdəsinə düşür, bu gün insanlar əsasən televizora baxır, internetdən istifadə etməyənlərin sayı kifayət qədərdir. Bu baxımdan hesab edirəm ki, televiziyaların üzərinə daha böyük məsuliyyət düşür. Yenə də hər şey nəticə ilə ölçülür. Əgər ortada real nəticə yoxdursa, deməli, işlər yetəri deyil.

– Maarifləndirmə istiqmətində hansı təklifləriniz var?

– Bütün televiziyalar və digər kütləvi informasiya vasitələri insanlarla dürüst davranmalıdır. Xüsusilə TƏBİB və Operativ Qərargah nümayəndələri, hansılar ki, birbaşa koronavirusun dinamikası, epidemoloji vəziyyət, ölkədəki gerçək durumla bağlı insanlara dəqiq məlumat çatdıra bilərlər. Bu gün hər kəs bilir ki, real statistika ilə elan olunan arasında fərqlər var. Xüsusilə xəstəxanalarda yer çatışmayanda insanlar əllərini üzdülər və həkim tanışlarından, dostlarından məlumat alaraq evdə müalicəyə başladılar. Həddən ziyadə antibiotikdən, müxtəlif müalicə üsullarından istifadə olundu, halbuki bunların heç birinin koronavirusun müalicəsinə heç bir təsiri yoxdur.

Bu mənzərə niyə yarandı? Çünki bu işlər peşəkar təşkil olunmadı. Ambulator və stasionar xidmət arasında uzlaşma düzgün qurulmadığı üçün ümumi nəticəyə mənfi təsir etdi. Biz real nəticəni – evdə müalicə olunanları, qeydiyyatdan keçməyənləri də saysaq, gündəlik yoluxmanın elan olunan rəqəmlərdən 4-5 qat artıq olduğu qənaətinə gələrik. Təəssüflər olsun ki, real vəziyyət budur.

Psixoloq məsələsi ölkəmiz üçün bəlalı məqamdır. Hərə bir diplom alaraq özünü psixoloq elan edib. Bizə peşəkar psixoloq lazımdır, onların imkanlarından istifadə olunmalıdır. Psixoloq və digər mütəxəssislərlə televerilişlər təşkil etmək vacibdir. İnsanlar qorxmasınlar, təşvişə düşməsinlər, diskriminasyadan qorxub xəstəliklərini gizlətməsinlər.

Xəstəlik gizlədildikdə təəssüf ki, ağır nəticə alınır. Bunların hamısı Çinin təşkili metodlarıdır, biz ondan istifadə edə bilmədik. Daha təcrübəli ölkələrin metodikası tətbiq olunmadı. Bu gün Gürcüstanda başqa, Azərbaycanda isə tamamilə başqa mənzərəni görürük.

– Təcrübəli ölkələrin metodikasından söz açdınız. Hansı ölkələrin təcrübəsinə müraciət etməyimiz daha məqsədəuyğundur?

– Azərbaycanda kifayət qədər peşəkar həkimlər var, onlara normal maaş verib, resurslarından istifadə etmək olar. Bizim həkimlər bu məsələdə çox fədakarlıq ediblər. Virusla mübarizədə dünyasını dəyişən xeyli həkimlərimiz var. Bütün bunlar az deyil, onların da əziyyəti, zəhməti qiymətləndirilməlidir. Bu baxımdan hesab edirəm ki, bizim həkimlərimiz bu işin öhdəsindən gəlmək imkanındadırlar. Xaricdən həkim dəvət olunmasına qətiyyən ehtiyac görmürəm.

Dünya təcrübəsi göz önündədir, ÜST-ün bülletenlərində təcrübə nəticələri çap olunur, bu məsələ şəffaf gedir. ÜST koordinator rolunu oynayaraq bu məlumatları ictimailəşdirir, bundan istifadə edə bilərik.

Başqa ölkədən gələn həkim guya nə edəcək? Onsuz da bu işdə bizim həkimlər qədər fədakar çalışanlar olmayıb. 8 saat xəstənin yanında olan həkimlər var ki, aylarla evinə getməyiblər. Bütün bunlar insanları maarifləndirən zaman deyilməli idi. Həkimlərin əziyyəti qiymətləndirilməli idi.

Sosial şəbəkələrdə həkimlərə təhqir dolu şərhlər hələ də yer almaqdadır. Məsələn, 8 saat çalışan həkimin maskasız fotosunu paylaşıb, altından müxtəlif ifadələr yazırlar. Həmişə xaricdən gələnlərə xüsusi qiymət veririk, özümüzünkülərə yox. Ona görə bu gündəyik.

– Necə düşünürsünüz, virusla mübarizədə dünyasını dəyişən həkimlərə “şəhid” statusunun verilməsi doğru olarmı?

– Əlbəttə. Yaxşı olar ki, həkimlərə “Qəhrəman həkim” statusu verilsin. Pandemiya müharibədir, burada da insanlar xalqın yolunda canlarından keçirlər. Həkimlərin statusunun olması ailələri üçün də psixoloji-mənəvi kompensasiyadır. O həkimlərə təqaüd kəsilməlidir, heç olmasa övladları 18 yaşına çatana qədər verilsin. Pandemiya səbəbilə dünyasını dəyişən həkimlərin xatirəsinə abidə ucaldıla bilər.

Bizim həkimlərdən biri yaxşı qeyd etdi, Bakıda Ayna Sultanovanın heykəli var. Kimdir o? Kommunizmə, sovetlərə xidmət edən biri… Müstəqil ölkənin paytaxtında onun heykəlinin olmasına nə lüzum var? Həmin heykəlin əvəzinə dünyasını dəyişən həkimlərə abidə ucaltmaq lazımdır. Ən azından həkim bilər ki, dünyasını dəyişsə də, Azərbaycan tarixində adı hörmətlə anılacaq.

– Yuxarıda ÜST-ün tövsiyələri barədə danışdınız. Sizcə, əhalidə ÜST-ə inamsızlıq nədən qaynaqlanır?

– Pandemiya bəşəriyyəti qəfil yaxaladığına görə ÜST-ü günahlandırmaq o qədər də ədalətli olmaz. Düzdür, bu təşkilatın nöqsanları üzə çıxdı, hiss olundu ki, işini yenidən qurmalıdır, belə situasiyalara hazır deyil. Pandemiya göstərdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin də səhiyyəsi buna hazır deyil. Yəqin ki, postpandemiya dövründə bunlar nəzərə alınacaq.

Bu baxımdan pandemiyadan sonra virusologiya sahəsinə xüsusi diqqət göstəriləcək. Bu cür məsələlərə bağlı gələcəkdə xüsusi alqoritmlərin hazırlanması işi aparılacaq.

– Evdə müalicə məsələsindən danışaq. Müraciədə tibbi hospitalizasiyanın yalnız COVID-19-a yoluxanlarda təsdiq olunmuş ağırlaşma əlamətləri meydana gəldikdə aparılmalı olduğu qeyd edilib. Sizcə, yoluxma hallarının artmasında evdə müəlicənin rolu yoxdurmu?

– Evdə müalicə düzgün təşkil olunmalıdır. Ambulator müalicə poliklinikanın nəzarəti ilə aparılmalıdır. Evdə müalicə o demək deyil ki, kimin ağlına nə gəldi eləsin. Onun üçün poliklinikada xüsusi qərargahlar yaradılmalı, həkimlər ayrılmalıdır. Həmin həkimlər xüsusi maaşla, geyimlə təmin olunmalıdırlar. Bu işə sosial şəbəkələr vasitəsilə görüntülü nəzarət etməlidirlər. Hansı xəstədə dəyişiklik olubsa, onu stasionara cəlb etməlidirlər. Xəstələrə həftədə bir neçə dəfə xüsusi geyimdə tibb işçiləri yaxınlaşıb, maraqlanmalıdırlar.

Bunların hamısı təşkil olunmalıdır. İnsan evdə həkim nəzarəti olmadan müalicə alırsa, bu onun həyatının təhlükəyə atılması deməkdir.

– Avqustun 5-ə qədər metronun fəaliyyətinə icazə verilmədi və səbəb kimi virusun yeraltı şəraitdə yayılması göstərildi. Siz necə düşünürsünüz, metro avtobuslardan daha təhlükəlidirmi?

– Metronun açılması məqsədəuyğundur. Metro bağlandıqdan sonra avtobuslara yük düşdü. Avtobuslar karantin qaydalarının pozulduğu əsas yerdir. Bu gün orada minlərlə insan işə gedib gəlir.Təkcə rəsmi məlumatlara istinad etməməliyik, real mənzərəni götürürük. Metro fəaliyyətini karantin qaydalarına uyğun davam etdirməlidir.

araz.az

Əlaqəli xəbərlər