Professor: “Vardanyanın siyasi perspektivi yoxdur”

1651745416_qabil-huseynov-2.jpg

“Ruben Vardanyan Rusiyanın vassalıdır. Bu adam pullarını əyri yollarla, çirkli vasitələrlə Rusiyada qazanıb, bu ölkənin rəhbərliyinə itəat edir. Rusiya Vardanyan vasitəsi ilə təkcə Qarabağın ermənilər yaşayan hissəsində deyil, Ermənistanda da öz planını həyata keçirməyə çalışır. Bu plan əvvəl üstüörtülü olsa da, indi aşkardır”.

araz.az Reyting.az-a istinadən bildirir ki, bunu  sabiq dövlət müşaviri, professor Qabil Hüseynli Qarabağda separatçı fəaliyyətlə məşğul olan milyarder Ruben Vardanyanın BBC-yə müsahibəsini şərh edərkən deyib.

Q. Hüseynli bildirib ki, Rusiyanın planına görə Vardanyan öncə Qarabağdakı ermənilər arasında uğur qazanıb onlara rəhbərlik etməli, daha sonra Ermənistanda hakimiyyətin olimpinə keçməlidir: “Buna layiq olub-olmaması öz yerində, amma Ermənistanda onu qəbul etmirlər. Həmçinin Ermənistan elitası bu şəxsə inanmır. Əksinə, əhalinin böyük hissəsi onun Rusiyanın adamı olduğunu və Kremlin planlarını həyata keçirdiyini bildirir. Vardanyan BBC-yə müsahibəsi zamanı da bunları ortaya qoydu”.

Professor xatırladıb ki, Vardanyan Ermənistanın quberniya kimi Rusiyanın tərkibinə daxil olması ilə bağlı təklifin müəllifidir: “Sonra da dediyi sözə düzəliş edərək deyib ki, Ermənistan Rusiya və Belarusun iştirak etdiyi ittifaq dövlətinə daxil ola bilər. Ermənistanda isə siyasi şüur elə formalaşıb ki, hər hansı bir dövlətin tərkibinə daxil olmaq müsbət qarşılanmır. Ona görə də, Vardanyanın populist çıxışları və pul vədləri əks-səda doğurmur. Odur ki, adam həm Ermənistan siyasi elitası, həm də Qarabağdakı ermənilər tərəfindən iqnor edilir. Çünki onlar hesab edirlər ki, Vardanyana qədər vəziyyətləri pis deyildi, o gələndən sonra isə yol bağlanıb, Azərbaycanla münasibətlər yenidən gərginləşib. Üstəlik, bu pisləşmənin haraya aparıb çıxaracağı da məlum deyil. Qısası, bu adamın ermənilər arasında dayağı olmadığı kimi, siyasətdə də piyadadır. Bunlar onun BBC-yə müsahibəsi zamanı da üzə çıxıb”.

Q. Hüseynli qeyd edib ki, R. Vardanyan tanınmış media qurumu olan BBC-yə müsahibəsi zamanı aparıcının məntiqli sualları qarşısında aciz qalıb, ələlxüsus da Ukrayna savaşı ilə bağlı suallardan yayınmağa cəhd edib: “Əslində bunun özü də onun Rusiya layihəsi olduğunu, Sarksiyan-Köçəryan yolu ilə getdiyini göstərir. Hesab edirəm ki, Vardanyanın son müsahibəsi zamanı işlətdiyi fikirlər onu cəzalandırmaq üçün yetərlidir”.

Professor sonda diqqətə çatdırıb ki, Vardanyan jurnalistin suallarına cavabında Ermənistanın baş naziri Paşinyana müxalifətdə olduğunu da gizlədə bilməyib. “Əslində Vardanyan sahədə güclü deyil, onun bütün gücü dilindədir. Hesab edirəm ki, Vardanyan kimi qeyri-sistemsiz fiqurun siyasi perspektivi yoxdur”, - Q. Hüseynli əlavə edib.

araz.az xəbər portalı.