Moskva görüşünün nəticələri: İstədiyimiz oldumu? - ŞƏRH

Moskva gorushu 89679 4341229823349035050 o

Ötən gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Bu, Qarabağın işğaldan azad edilməsindən sonra ilk görüş olduğu üçün dünya ictimaiyyətinin də xüsusi maraq dairəsində idi. Görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalandı.

Bəs Moskva görüşü və sözügedən bəyanat Azərbaycana, həmçinin Ermənistana nə vəd edir? Görüşün tərəflər arasında münasibətlərə təsiri nədən ibarət olacaq?

araz.az  Azsiyasət.com-a istinadən xəbər verir ki, mövzunu bakupost.az-a şərh edən politoloq İlqar Vəlizadə bildirdi ki, 10 noyabrda qəbul olunan üçtərəfli bəyanatdan sonra regionda bir çox suallar ortaya çıxmışdı:

"Əsas suallar belə idi ki, sülhməramlıların missiyası və funksiyası nədən ibarət olacaq, üçtərəfli sazişin müddəaları, xüsusilə də 9-cu bənd necə həyata keçiriləcək, hansı formada reallaşacaq? Eyni zamanda, erməni tərəfinin bəzi təxribatçı addımları da ondan xəbər verirdi ki, bəyanatda göstərilən müəyyən məsələlərin yerinə yetirilməsində maraqlı deyillər. Amma Moskva görüşündə bu məsələlər öz həllini tapdı. Belə ki, bəyanatın 9-cu bəndinin tələblərinə uyğun olaraq regionda bütün dəhlizlər açılmalıdır və bununla bağlı artıq üçtərəfli İşçi qrupu yaradılıb. İşçi qrupunun rəhbərləri hər üç tərəfdən baş nazirlərin müavinləri olacaq. Onlar konkret təkliflər hazırlayacaq. Yəni hansı dəhlizlərin açılmalı olduğu, onların həcmi və parametrləri ilə bağlı müəyyən təkliflər ərsəyə gələcək. Bu təkliflər də toplanaraq dövlət başçılarına təqdim olunacaq və nəticədə son qərarı onlar verəcək”.

İ.Vəlizadə qeyd etdi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizlər də açılacaq:

“Bu quru yolu xətti vasitəsilə Türkiyə ilə də rabitə qurmağa imkan verəcək. Bu, Türkiyə ilə münasibətlərin inkişafına əlavə bir təkan olacaq, həmçinin daha sıx əlaqələrin qurulmasına şərait yaradacaq. Məlumdur ki, ötən illərdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa olunub. Türkiyə ilə ticari əlaqələr məhz bu yol üzərində qurulub. Yeni yol isə əlavə nəqliyyat dəhlizidir. Yeri gəlmişkən, keçən il Türkiyənin Qars şəhərindən İğdır şəhərinə qədər dəmir yol xəttinin tikilməsi ilə bağlı qərar verildi. Çox güman ki, yaxın müddətdə həmin dəmir yolu inşa olunacaq və daha sonra Naxçıvanla birləşəcək. Beləliklə, bu, Azərbaycanı Türkiyə ilə birləşdirəcək, eyni zamanda gələcəkdə Rusiyanı da Azərbaycan vasitəsilə Türkiyə ilə birləşdirən dəmir yol xətti olacaq”.

Politoloq görüşün digər detallarına da toxundu:

“Görüş həm üçtərəfli, həm də ikitərəfli formatda keçirildi. Bu baxımda düşünürəm ki, 4 saat davam edən görüşdə bütün məsələlər, o cümlədən, Rusiya sülhməramlıları ilə bağlı məsələ də müzakirə edilib. Çox güman ki, Azərbaycan tərəfi Ermənistanın bəzi təxribatçı addımlarından da danışıb. Bununla bağlı müəyyən qərarların qəbul edilməsini gözləməyə dəyməzdi, amma bütün hallarda böyük ehtimalla Azərbaycan tərəfi öz narahatçılığını bildirib. Düşünürəm ki, qarşı tərəf bundan müəyyən nəticələr çıxararaq gələcəkdə bu cür təxribatçı addımlara yol verməyəcək”.

Xatırladaq ki, 10 yanvar tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalanıb və sənədə əsasən bu ölkələr arasında İşçi qrupu yaradılacaq. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək.

Bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşma əsasında digər istiqamətlər müəyyən ediləcəkdir.

Əlaqəli xəbərlər