VHP-nin dəvəti ilə müxalifət bir araya gəldi – Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu

interpress 1129b04e6effdfd12d8b0a77b69b1934 hca9nij478opuqm10f5t 640x336İnterpress.az xəbər verir ki, bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibəti ilə tədbir keçirilib. “Bölgədəki siyasi durum və Azərbaycan-Türkiyə münasibətlərinin prespektivləri” mövzusunda keçirilən tədbirdə ölkənin millət vəkilləri, siyasi partiya sədrləri və ictimai xadimlər qatıblar.

Türkiyə və Azərbaycanın istiqlalı yolunda şəhid olanların ruhunu bir dəqiqəliki sükutla yad etdikdən sonra tədbiri açan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı dünyanın hazırki siyasi gedişatı və Türk Dünyasının qarşısında duran məqsədlər haqda danışıb: “XXI əsr dünyaya yeni qaydalar gətirdi. Bu yalnız pandemiya və onun nəticələri ilə bağlı deyil. Əslində 2001-ci ilin 11 sentyabrında baş verən məlum olaylar dünyada yeni siyasi düzənin qurulmasına başlanğıc oldu. Böyük güclər geopolitik maraqlarını təmin etmək üçün açıq ən müxtəlif bəhanələrlə yeni işğalçılıq siyasətinə başladı. 20 ilə yaxındır davam edən bu gedişat Asiya qitəsini müharibə meydanına çevirib. Dünya yenidən bölüşdürülür, dünyanın siyası xəritəsi yenidən cızılır. 100 il öncə də eyni proses Azərbaycan və bütövlükdə Türk Dünyasının böyük itkiləri ilə başa çatdı. Azərbaycan dövlət müstəqilliyini və tarixi ərazilərinin böyük hissəsini itirdi, Türkiyə Osmanlı imperatorluğunun məğlub durumu ilə barışmağa məcbur oldu, Orta Asiya türkləri bütövlükdə Rusiya əsarəti altına düşdü. Bu ağır nəticələrin bir hissəsini yalnız 100 il sonra aradan qaldırmaq mümkün oldu. İndi keçmişdən dərs götürmək, yeni səhvlərə yol verməmək üçün daha düzgün inkişaf yolu seçmək lazımdır.

Yüz il öncə Nuru paşanın Azərbaycandan başqa Güney Azərbaycanda da savaşı, hətta sovet əsarəti altında belə, sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsi idi. Eyni zamanda Şərqin ilk Cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət , iki dövlət” həqiqətinin real təzahürü idi. O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyaya “ Bir millət, iki dövlət ” yerinə “Türk birliyi!” ideasını həyata keçirmək zamanıdır. Bu Azərbaycanın siyasi qüvvələrinin və bütün Azərbaycan xalqının istəyidir.”

Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa 15 sentyabr olayının tariximizdə müstəsna bir gün olduğunu və bu tarixin Türkiyə Azərbaycan qardaşlıq münasibətlərinin tarixi təsdiqi olduğunu bildirdi. Millət vəkili bu gün hər iki dövlətin tarixi ənənələrini davam etdirir.

Tədbirə telefonla Türkiyədən İYİ partiya başqanı Meral Akşener də qatılaraq iştirakçıları salalamladı. Meral xanım Türkiyə və Azərbaycanın həm dövlət, həm də xalq olaraq hər zaman bir birinə dəstək olduğunu və bu birliyin bundan sonra dahada güclənəcəyinə inandığını bildirdi.

Tədbirə telefonla həmçinin Türkiyədən MHP başqan yardımçısı Atilla Kaya və Türk Dünyası Qazeteçilər Federasiyonunun başqan yardımçısı Türer Yener də qatılaraq Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının zamanın tələbi olduğunu bildirdi.

Tədbirdə həmçinin Ədalət Partiyasından Sədr müavini Elxan Şükürlü, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı, AMEA əməkdaşı, alim Yasəmən Qaraqoyunlu çıxış etmişdir. Çıxışlarda Azərbaycan-Türkiyə münasibətlərinin hərbi ittifaqa qədər yüksəlməsinin, Türk dövlətlərinin iqtisadsi-siyasi-hərbi birliyinə nail olunmasının vacibliyi vurğulanıb.

İnterpress.az

Əlaqəli xəbərlər