Azərbaycanda təhlükəli dərmanlar satılır? – ŞƏRH

Derman01.jpg
Həkimlərdən ABŞ Dövlət Departamentinin açıqlamasına münasibət  
 
ABŞ Dövlət Departamentinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən hollaqramlı dərmanlar istisna olmaqla dərman almamaq barədə tövsiyəsi rəsmi qurumlar tərəfindən narazılıqla qarşılanıb.
 
Səhiyyə Nazirliyi isə cavabında qeyd edib ki, ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına verdiyi tövsiyənin Azərbaycan səhiyyəsinə heç bir aidiyyəti yoxdur.
 
Maraqlıdır, Azərbaycan həkimləri bu məsələdə hansı fikirdədilər? 
 
Toplum Tv həkimlərin Azərbaycan səhiyyəsi barədə rəylərini təqdim edir:
 
"DÖVLƏT DEPARTAMENTİNİN TÖVSİYƏSİ İLƏ RAZIYAM”
 
Həkim Vasif İsmayıl Azərbaycanda həqiqi dərman tapmağın çətinliyindən danışıb:
 
"Sözün açığı, ABŞ departamenti ilə razıyam. Mən də dərman alarkən seçilmiş apteklərdən almalı oluram. Bu yerlərin xaricindəki apteklərdən dərman almağa çalışıram. Səbəb isə dərmanların həqiqiliyinə olan şübhəmdir. Tibbi xidmət məsələsinə gəldikdə ABŞ departamentinin çağırışı ilə qismən razıyam. Çünki Azərbaycanda tibbi xidməti yaxşı həyata keçirən həkimlər və qurumlar var. Sadəcə, bunları tapmaq üçün kömək lazımdır. Bu isə özü ayrıca bir bacarıq tələb edir. Problem də məhz bundadır. Bu gün sən vətəndaş kimi bilməlisən ki, Azərbaycanda hansı xəstəxana və həkimlər işlərini tam yaxşı görə bilir. Mən bu şəxsləri və qurumları bildiyim üçün mənim üçün elə də problem olmur. Bu mətbəxin içində həkim olduğum üçün bunları bilirəm”.
"Həkim mətbəxində olmayan insan haradan bilsin ki, hansı həkimə getsə daha effektiv olar?”sualına cavabında isə Vasif İsmayıl bildirib ki, standartlaşma olsa bu problem aradan qalxar:
"Hesab edirəm ki, bu problemlər müəyyən qurumlarımızın işi ilə əlaqəlidir. Ölkədə sözügedən xidmətlərin standartlaşdırılmasına çalışmaq lazımdır. Azərbaycanda müayinə və müalicə mövzusunda çox ciddi iş gedir, amma dərman preparatlarında ciddi problemlər hələ də qalmaqdadır. Düşünürəm ki, bu problemin əsasında devalivasiya və Səhiyyə Nazirliyinin verdiyi qərarlar dayanır”.
 
Həkim eyni zamanda insanlara təklif olunan dərmanların əksəriyyətinin saxta olduğunu vurğulayıb:
 
"Artıq Azərbaycanda brend olan dərman da qalmayıb, bütün dərmanlar kopya-nüsxədir. Sadəcə, müəyyən apteklərdə brend-saxta olmayan dərmanlar var, onların da gərək yerini biləsən”.
 
"BELƏ BƏYANATIN MƏHZ BU DÖNƏMDƏ VERİLMƏSİ XEYLİ TƏƏCCÜB DOĞURUR”
 
Tibbi məsələlər üzrə ekspert, həkim Adil Qeybulla ABŞ-ın bu açıqlamasının təsadüfi olmadığını nəzərə çatdırıb:
 
"Əslində, Azərbaycan səhiyyəsindəki durumu müqayisə etsək 1990-cı və 2010-cu illərdə durum bundan heç də yaxşı olmayıb. İnsafən götürsək, səhiyyənin maddi texniki bazasında xeyli dəyişikliklər olub. Türkiyədən, Almaniyadan və Avropanın digər ölkələrindən xeyli kadrlar uzmanlıq keçərək ölkəmizə qayıdıb. Yəni durumun pisləşməyini demək doğru olmazdı. Düzdür, dərman bazarında xeyli problem və xaotik durum var, hətta bazarda aşağı keyfiyyətli dərmanlara tez-tez rast gəlinir. Bununla belə, ABŞ departamentindən belə bəyanatın məhz bu dönəmdə verilməsi xeyli təəccüb doğurur”.
Adil Qeybulla da hesab edir ki, Azərbaycan öz səhiyyəsini Qərb Standarlarına uyğunlaşdırımalıdır:
 
"Əgər ABŞ daim öz vətəndaşlarına bunu demiş olsaydı, düşünmək olardı ki, onlar, həqiqətən də, bizim səhiyyəmizlə razılaşmırlar. Hesab edirəm ki, bu çıxışda münasibətlər də öz sözünü deyib. Bundan əlavə biz öz səhiyyəmizi Qərb standartlarına uyğunlaşdırmağa çalışmalıyıq ki, bu cür söz-söhbətlər olmasın. İcbari tibbi siğorta olsun, ölkəndə dərmanların dövlət reystri və formakapiyası olsun. Azərbaycan ərazisində istifadəsinə icazə verilən hər bir dərmanın mənşəyi də bəlli olmalıdır. Biz öz üzərimizdə işləyərək səhiyyəmizi qərb standartlarına uyğun duruma çatdırmalıyıq ki, kiminsə bizə deyiləsi sözü qalmasın”.
 
Ekpsert bildirir ki, Azərbaycan səhiyyəsi standartlara cavab versə, həm insanlar məmnun qalar, həm də bu cür xoşagəlməz tövsiyə və bəyanatların şahidi olmarıq. 
 
Ofelya Ramilqızı
Toplum.Tv

Əlaqəli xəbərlər