Diplomat, polis, sürücü atası Səxavət Məmmədov

Onun ölümündən 23 il ötür

Bu gün 37 yaşında dünyadan köçən xanəndə Səxavət Məmmədovun ölümündən 23 il ötür. 1991-ci il sentyabrın 30-da bənzərsiz səsə malik, unudulmaz sənətkar avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Ertəsi gün doğulduğu Ağdamın Abdal-Gülablı kəndinin qəbiristanlığına son mənzilə yola salınan xanəndənin qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd ermənilər tərəfindən işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

Lent.az-ın məlumatına görə, Səxavət Əmirxan oğlu Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Səxavətin səsi "Segah"a yatımlı, ruhu "Segah"a bağlıydı. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" üstündəydi. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s. Onun səsi seçilən, analoqu olmayan bir səsiydi.

Səxavət Məmmədovdan geriyə vaxtilə yazılmış səsyazmaları, bir də 4 balası yadigar qalıb.

Qızı Sədaqət Məmmədova 1979-cu ildə dünyaya gəlib. Orta təhsillidir. Evdar qadındır. Dörd övladı var: Nigar, Röya, Həsən və Əli. Nigarla Röya ailə qurub. Həsən musiqi məktəbində təhsil alır. Əlinin isə beş yaşı var.

Bəxtiyar Səxavət oğlu Məmmədov 1984-cü il, dekabrın 23-də anadan olub. BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin beynəlxalq hüquq fakültəsini bitirdikdən sonra 2005-ci ildə Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının (Vestminster Universiteti) magistraturasına qəbul olub. 2006-cı ildə diplomatiya elmləri magistri dərəcəsini alıb. 2008-ci ildə BDU-da Beynəlxalq Hüquq ixtisası üzrə daha bir magistr diplomuna yiyələnib. Hazırda Xarici İşlər Nazirliyində II katib vəzifəsində işləyir. Tələbə yoldaşı Səkinə xanımla ailə qurub. İki övladı var. 3 yaşlı Cüneyt Səxavət və 3 aylıq Əskinaz Məmmədova.

Üçüncü övladı Orxan Məmmədov 1989-cu ilin noyabrında dünyaya gəlib. Məktəbi bitirəndən sonra 3 il polisdə işlədikdən sonra təhsilini davam etdirmək üçün Ukraynaya gedib. O. Məmmədov Kiyevdə hüquqşünaslıq üzrə sonuncu kurs üzrə təhsil alır. Subaydır.

Ailənin son beşiyi Şəhriyar Məmmədovdur. 1988-ci ilin yanvarında doğulub. Hazırda özəl şirkətlərin birində sürücü işləyir. Ailəlidir. İki yaşında oğlu var. Səxavət Şəhriyar oğlu Məmmədov.

Əlaqəli xəbərlər