"Toppuş bacı" obrazı ilə şöhrət qazanmış və bu yaxınlarda onkoloji xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatı keçirmiş əməkdar artist Tünzalə Əliyeva bir həftədən artıqdır ki, yerli telekanalların efirinə, eləcə də sosial şəbəkələrə çıxaraq tanınmış və adi insanlardan ona maddi köməklik göstərmələrini xahiş edir. Aktrisanın xəstəliyindən istifadə edərək camaatdan pul yığması, ölkə ictimaiyyətinin və o cümlədən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin qəzəbinə səbəb olub. Həkim bildirib ki, Tünzalə Əliyeva artıq sağalıb, səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir, lakin bütün Azərbaycandan kömək istəyir. Aktrisanın bu addımı bu gün də ciddi şəkildə tənqid olunmaqdadır.