Türkiyə Suriyanın şimalında əməliyyata başladı

suriya.jpgKürdlər növbəti dəfə yalnız buraxıldı, Vaşinqton Suriya-Türkiyə sərhədini Ankaraya verdi

ABŞ və Türkiyə arasında gözlənilən anlaşma oldu. Oktyabrın 7-də media Suriyanın şimalında iki ölkə sərhədində yerləşən ABŞ ordu qüvvələrinin geri çəkildiyi haqda xəbərlər yaydı. İlk olaraq Suriya demokratik qüvvələri koalisiyası ABŞ hərbi qüvvələrinin sərhəddən çəkilməsi haqda məlumat yayıb.

İlkin olaraq ABŞ ordusunun hissələri Tel-Abyad və Ras əl-Ayn rayonunda yerləşən iki müşahidə mərkəzini tərk edib. ABŞ qüvvələrinin bütövlükdə şimal sərhədlərindən, yəni Türkiyənin əməliyyat keçirmək istədiyi bölgədən çəkiləcəyi gözlənilir. Bu, Türkiyə ordusunun Suriyanın şimalında, Türkiyə-Suriya sərhədində qurmaq istədiyi “təhlükəsiz zona” yaradılması üçün faktiki olaraq yaşıl işıq yandırmaqdır.

Türkiyənin uzun müddətdir tələb etdiyi bu plana Vaşinqton müqavimət göstərib. Hətta prezident Ərdoğan iyunda Yaponiyada Trampla bu mövzuda razılaşdığı deyilsə də, sonradan Türkiyənin əməliyyatına imkan verilməyib. İki gün əvvəl Ərdoğan bildirib ki, Tramp bu əməliyyata razılıq versə də, komandasında müqavimət göstərənlər var. Lakin bazar günü Ərdoğan və Tramp arasında növbəti danışıqlar olub və bundan sonra çəkilmə xəbərləri yayılıb.

Bu telefon danışığından sonra Ağ Evdən yayılan açıqlamada “ABŞ-ın Türkiyə tərəfinin Suriyanın şimalında planladığı əməliyyatda yer almayacağı və bu əməliyyata dəstək verməyəcəyi” qeyd olunub. eyni zamanda açıqlamada Türkiyənin yaxın zamanda Suriyanın şimalına – Fərat çayının şərq sahilində - yönəlik əməliyyat üçün hərəkətə keçəcəyi bildirilir. Eyni zamanda açıqlamada Türkiyənin son iki ildə bölgədə ələ keçən İŞİD silahlılarına cavabdeh olacağı bildirilir.

Ötən gün ABŞ prezidenti Tramp da məsələyə münasibət bildirib. Prezident Tramp Twitter hesabında yazıb ki, ABŞ-ın bu sonu gəlməyən mənasız müharibədən qurtulmasının zamanı gəlib. “Bunların çoxu qəbilələrdir” yazan ABŞ prezidenti kürdlərin uzun illərdir Türkiyə ilə vuruşduğunu xatırladıb. Eyni zamanda qeyd edib ki, kürdlər İŞİD-ə qarşı müharibədə Amerikaya dəstək versələr də, bunun qarşılığında böyük miqdarsa silah-sursat və pul alıblar.

Donald Tramp yazıb ki, ABŞ hərbçiləri Suriyaya 30 günlük daxil olsalar da, orada çox uzun müddət qalıblar. İndi isə İŞİD-in 100 faiz məhv edildiyini xatırladan prezident İŞİD məhkumları ilə məşğul olmaq fikirlərinin olmadığını xatırladıb.

Xatırladaq ki, Türkiyə hələ 2012-ci ildən sərhəddə təhlükəsiz zonası yaratmaq istəsə də, müttəfiqlərdən dəstək ala bilməyib. Sonrakı illərdə isə Türkiyə antiterror əməliyyatları ilə Suriya ərazilərinə daxil olub. İndi isə Ankara kürdləri sərhəddən uzaqlaşdırmaq üçün Suriya-Türkiyə sərhədinin kürdlərin nəzarət etdiyi Cerablus-İraq sərhədi arasındakı sərhəd xəttində təhlükəsiz zonası yaratmağa çalışır. Türkiyənin planına əsasən adı çəkilən bölgədə 35-40 kilometr dərinlikdə İraq sərhədi ilə Cerablus arasındakı ərazidə “təhlükəsizlik zolağı” yaradılacaq. Türkiyə hərbi əməliyyatlarla kürdləri sərhəddən kənarlaşdıracaq və Suriyanın içərlərinə doğru böyük bir ərazini nəzarətə götürəcək.

Bununla Ankara həm YPG-ni öz sərhədlərindən xeyli uzaqda saxlamış olur (çünki PKK burdan rahat şəkildə Suriya və Türkiyə ərazilərinə keçid edə bilir – K.R.), həm də strateji olaraq kürdlərin ərazilərinin böyük hissəsini onlardan alır və faktiki olaraq muxtariyyət layihəsinə böyük zərbə vurmuş olur.

Türkiyə hökuməti bu əraziyə suriyalı qaçqınları yerləşdirməyi planlaşdırır. Prezident Ərdoğan BMT-dəki çıxışında “təhlükəsiz zolağında” 1 milyon qaçqını yerləşdirmək üçün kənd və qəsəbələrin salınması layihəsi haqda məlumat verib. 26 milyard dollar dəyərində layihəyə əsasən kürdlərin qovulub çıxarılacağı ərazidə hər birində 30 min əhalinin yaşayacağı 10 qəsəbə və hər birində 5 min insanın yaşayacağı 140 kənd tikiləcək.

Bir neçə aydır bölgəyə hərbi qüvvə toplayan Türkiyə ordusunun yaxın saatlarda sərhədi keçərək amerikalıların tərk etdiyi məntəqələrə daxil olacağı gözlənilir. Kürdlər müqavimət haqqında açıqlamalar yaysalar da, Türkiyə ordusuna qarşı ciddi müqavimət göstərəcəkləri ehtimal olunmur. Lakin bu əməliyyatın o qədər də rahat başa çatacağını düşünmək doğru olmaz. Bu əməliyyat Türkiyənin həm regionda nüfuzunun artması, həm də Suriyada mövqelərinin güclənməsi deməkdir.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”

Əlaqəli xəbərlər