YEL ÇƏRŞƏNBƏSİNDƏ BAKI METROSUNDA QORXUNC QƏZA -- ŞAHİD HƏYƏCANI

WhatsApp Image 2019-03-13 at 15.00.51sssaa.jpg"BAYRAM GÜNÜ TƏHLÜKƏYLƏ ÜZ-ÜZƏ QALAN METROPOLİTENİ BÖYÜK FACİƏ YAŞAMASINDAN ALLAH QORUDU!”

"Doğrudan da, qədim inanclarımızla dolu Novruzun ilahi gücü var. Belə olmasaydı, dünən -- insan yaradılışının maddi əsasını təşkil edən, yaz gəlişinin xəbərçiləri suyu və odu hərəkətə gətirən Yelin adına hafizələrimizdə əbədiləşmiş əziz Bahar bayramı çərşənbəsi günü böyük təhlükəylə üz-üzə qalan Bakı Metrosu özünün pis gününü yaşayardı. Deposunda baş verən qorxulu qəzanın üzləşdirdiyi böyük faciədən ölkənin strateji əhəmiyyətli bu böyük obyektini Böyük Allah qorudu!..", -- bayram çərşənbəsi günü baş vermiş qorxulu həmin qəzanın şahidi olmuş metro işçisi araz.az-ın əməkdaşına bu sözləri həyəcanla danışdı:

"Nərimanov" stansiyasında sərnişinlər düşəndən sonra qatarı depoya baxışa aparan maşinist əsl təhlükə ilə üz-üzə qalıb. Baxış nöqtəsinə çatmağa xeyli qalmış depo ərazisində şəkildə gördüyünüz qorxu və dəhşət yaranıb. Qatarı hərəkətə gətirən "başmaq" deyilən nasaz qurğu yerindən qoparaq, yüksək gərginlikli təmas relsinə dəyib. 825 volt gərginlikli həmin təmas nöqtəsi əsl darmadağın yaradıb.
Yaxşı kı, bu hal yolda, yəni hansısa stansiyanın birində olmayıb. Yoxsa, belə bir gərginlik qatarda olan sərnişinlərin hamsını külə döndərərdi. Bu, metroda dəhşətli hesab edilən hadisələrdən biridir. Son illər belə halla çox üzləşsək də, bu, rəhbərlikdə heç kimi narahat etmir. Bunun qarşısını almağın yeganə yolu odur ki, metro üçün xaricdən alınan mal-materialların keyfiyyəti yüksək olsun. Lakin metropolitenin bu sahəyə məsul vəzifə sahibləri bu sahədən də, sanki şəxsi ticarət obyekti kimi yararlanaraq, istədiklərini edirlər. Onların dəhşətli cinayət qoxuyan belə əməllərinin qarşısını alan, metronun bu bəlasına əncam çəkən isə, tapılmır ki, tapılmır.


Bu şəkillər də, mənim yaşadığım bu dəhşətin bir səhnəsidir. Baxanda, hər şey aydın görünür..."
...Qorxunun gətirdiyi təlaşdan dili hələ topuq vuran şikayətçi, metropoliten rəhbərliyinə ittihamlar yağdırmaqla da hirsini soyuda bilmirdi.
İllərdi işlədiyi və özünə doğma sandığı bu müəssisənin təhlükə ilə üz-üzə qaldığını deyən təcrübəli metropolitençinin sözlərinə görə, son illər "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində işə qəbulda təcrübə və peşəkarlıq nəzərə alınmadığından, işi ustalıq və ehtiyat tələb edən bu müəssisə belə qəzalarla tez-tez üzləşir:
"Belə ciddi problemlərlə bağlı müvafiq qurumlara müraciət edib, kömək ala bilməyincə, hər bir pis məsələni ictimailəşdirmək qərarına gəlmişik. Bəlkə, bundan sonra üzləşdiyimiz təhlükələrdən xilas ola bilək. Yoxsa, bir gün böyük faciəylə üz-üzə qalacağıq. Ölüm insanın alnına bir dəfə yazılır, göz yumulub, açılınca həyat bütün varlıqlar üçün bitir.
Metropoliten rəhbərliyi isə yaddan çıxarır ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur. Qatarların və sərnişinlərin təhlükəsizliyini təmin etmədən, iş rejimini getdikcə daha da gərginləşdirən metropoliten rəhbərliyi anlamaq istəmir ki, gecə yuxusuz qalmış maşinistlərin sərnişinləri mənzil başına təhlükəsiz çatdırması böyük riskdir.
Zədəli qatarlarla və digər nasaz avadanlıq-aparatlarla bağlı belə tükürpədici faktlar həddən-ziyadə çox olsa da, rəhbərlik bunların qarşısını almaq üçün yaxşı heç nə etmək istəmir. Sadəcə, baş verən belə qorxulu qəzaları ətrafdan gizlətməyə çalışırlar. Guya, bilmirlər ki, bunun axırı böyük faciələrdir. Hər dəfə belə təhlükələr yaşananda bizi inanclı bayramlarımızın ilahi gücü qorumayacaq ki?!.”.

Məhi ELSEVƏR,
araz.az.

Əlaqəli xəbərlər