Masallını sarsıdan ölüm hadisəsi - VƏSATƏT - YENİLƏNİB

17 yaşlı mərhumun əsl qatili isə, azadlıqda - öz kefindədir!

Teymur Əliyev: “Prokuror köməkçisi Qasım Ağayev, qanun çərçivəsinə sığmayan hərəkətləri ilə, ailəmizə bu sarsıdıcı ölümdən betər zərbələr vurur"

k-119-09-2017-3.jpegBu ilin may ayının 27-də Masallı rayonunun Boradigah qəsəbəsində baş verən gözlənilməz bir ölüm hadisəsi böyükdən-kiçiyə hamını kədər məngənəsində boğdu. Bir qrup şəxs tərəfindən döyülərək, öldürülən Qazax Sosial İqtisad Kollecinin tələbəsi, 17 yaşlı Kənan Əliyevin ölümü nə qədər kədərli və sarsıdıcı idisə, sonradan bu qanlı olayın istintaq işini aparan müstəntiq, rayon prokurorunun köməkçisi Qasım Ağayevin qanunsuz hərəkətləri bir o qədər qanqaraldıcı və üzücü oldu. O, hətta: “Oğlumun əsl qatili niyə azadlıqda gəzir?!” - deyə, çəkdiyi qəm-qüssə, kədər dolu haraylarıyla bütün bölgəni ayağa qaldıran, göz yaşları hələ də qurumayan mərhum atası, ikinci qrup əlil, Yeni Azərbaycan Partiyasının rayon fəalı Teymur Əliyevi belə: "İstintaq gedir!" -deməklə, başdansovdu cavablarıyla yandırıb yaxır; Sanki bu olay həyat şirinliklərini tam dadmayan bir gəncin ölümüylə nəticələnməyib - gündəlik rastlaşdığımız adi bir hadisədir...

Əvvəlcədən planlaşdırılmış qətl hadisəsi
k-119-09-2017-1.jpeg"...Lakin bu, təsadüfi bir hadisə deyildi, artıq çoxlarına da bəlli olduğu kimi, oğluma qarşı qabaqcadan qurulan bir oyun idi. Bir sözlə, bir qrup şəxs tərəfindən əvvəlcədən planlaşdırılıbmış. Qatillər Kənandan qisas almaq üçün, ona qarşı olduqca amansız olublar !" - deyərək, kədərdən boğulan, göz yaşlarını saxlaya bilməyən mərhum atası "İrəvanın səsi" qəzetinin bölgədə olan əməkdaşına onu da bildirib ki, oğlu Qazax Sosial İqtisad Kollecində təhsil alsa da, son zəngi keçmiş sinif yoldaşları ilə birgə keçirmək üçün, hadisədən on gün öncə qəsəbəyə gəlib: “Sonradan mənə məlum oldu ki, Kənan çoxdan bu cinayətkar qrupun təzyiqinə məruz qalıbmış. Həmin gün isə, onlar fürsət taparaq, növbə ilə oğlumu döyüblər. Və nəticədə, oğlum dünyasını dəyişib”.
Əslində, hadisə belə baş verib: Bu ilin may ayının 20-dən başlayaraq, Kənan Əliyev, keçmiş sinif yoldaşları ilə bərabər, oxuduqları Boradigah məktəbinin həyətində, son zəngə hazırlıq məqsədi ilə, təmizlik işləri aparıblar. Bu iş məktəb direktoru Azər Mirzəyevin də, müəllim kollektivinin də ürəyincə olub və mayın 27-dək davam edib. Həmin gün axşamçağı, - təqribən saat 17-18 radələrində, Kənan Əliyev, sinif yoldaşları Əmrah Heybətzadə və İsmayıl Quluzadə ilə bərabər, “son akkord iş” həyata keçirirlərmiş. Belə ki, həmin məktəbin həyətində ki Əmrahın şəhid əmisi Qeysər Heybət oğlu Məmmədovun abidəsini rəngləyirlərmiş. Bu zaman həmin əraziyə “07” markalı “682” dövlət nömrə nişanlı bir maşın gəlib. İbrahim Rükabzadə və Həsənağa Həsənov giriş qapısını açaraq, həmin maşını məktəbin həyətinə salıblar. Qısası, maşından düşən 5 nəfərdən 3-ü – Şahin Şahbazov, Cavid Dadaşov və Elgün Ağayev də, onlarla bərabər Kənanın işlədiyi tərəfə gediblər. (Onu da qeyd etməyi vacib bilirəm ki, onlardan 3-nün 28, digər ikisinin isə, 17-18 yaşları var. Gəldikləri maşındakı maqnitofonun səsini də gücləndiriblər. Belə çıxır ki, əvvəlcədən planlaşdırdıqları bu davanın səs-küyünün ətrafa yayılmasını istəməyiblər). Kənanla mübahisə ediblər. Öncə, Boradigah məktəbini Kənandan bir il əvvəl bitirən Həsənağa Həsənov onun yaxasından tutub, kənara çəkərək, qəfildən sifətinə güclü kəllə zərbəsi endirib. Mərhum atasının sözlərinə görə, zərbə o qədər güclü olub ki, rəhmətliyin sınan dişinin izi hələ də Həsənağanın alnında qalıb:
“Belə qəfil və ağır zərbəni gözləməyən oğlum, ağrıdan qıc olaraq, yerə çöküb. Həkim-ekspert rəyinə görə, bu zərbədən onun beyninə qan sızıb və bərk sarsıntı keçirib. Güc-bəla ayağa qalxmaq istəyən və tam özünə gəlməyən oğlumu, sinif yoldaşları kənara çəkmək istəsələr də, gələnlər buna imkan verməyiblər. Bu zaman İbrahim Rükabzadə rəhmətliyə yaxınlaşıb, sinif yoldaşlarına deyib ki, Kənanla onun da söhbəti var. Və fürsətdən istifadə edərək, o da Kənanın başına yumruqla ağır zərbə vurub. Kənan buna tab gətirməyib və yerə yıxılıb, vəziyyəti bundan sonra kəskin pisləşib, üzünə su çiləsələr də, özünə gəlməyib. Onun ölümcül halda olduğunu görənlər Kənanı maşına qoyaraq, xəstəxanaya çatdırmaq istəyiblər. O, aldığı qəfil zərbələrdən yolda dünyasını dəyişib. Kənanı maşında qucağına alan Elgün Ağayevin dediyinə görə, o, yolda bir dəfə gözünü açıb, sonra keçinib...
Bütün bunları mənə hadisədən bir həftə sonra Əmrah Heybətzadə danışıb. Deyilənlərə görə, davaya səbəb isə, guya, oğlumun Həsənağanın hansısa sözünü başqasına çatdırması olub....”

“Zərbələr o qədər ağır idi ki, Kənan tab gətirməyib, yolda keçindi”

 k-119-09-2017.jpeg

Mərhum atası Teymur Əliyev

Əməkdaşımız hadisənin şahidi olan Elgün Ağayevlə də söhbətləşib. İndiyədək sarsıntı içində olduğunu bildirən hadisə iştirakçısının sözlərinə görə, dostlarının zəngi ilə evdən çıxıb: “Guya, çayxanaya çay içməyə gedirdik. Lakin qəfildən səmti dəyişib, maşını məktəb həyətinə saldılar: “Burada Həsənağa Kənanla bir qədər mübahisə etdi və bildirdi ki, guya, onun arxasınca danışıb. Kənan isə, buna kəskin şəkildə etirazını bildirdi. Beləcə, arada xoşagəlməz söhbətlər oldu və Həsənağa qəfildən başla onun sifətinə, dodaq nahiyəsinə zərbə endirdi. Zərbə o qədər güclü oldu ki, hətta Kənanın sınan dişi Həsənağanın alnını bərk, dərindən yaraladı, az müddətdə zərbə vuranın özünün köynəyi al qana boyandı. Kənan zərbədən aşağı çökdü. Bundan sonra, İbrahim Kənana yaxınlaşıb, yumruqla başına zərbə endirdi. Bir də gördüm ki, Kənan yerə yıxılıb. Onu qucağıma alıb, maşına qoydum, ona zərbə vuranlarla bərabər xəstəxanaya aparmaq istədik. Xəstəxanaya az qalmış Kənanın rəngi qaraldı və nəfəsi kəsildi. Nə qədər çalışsaq da, onu ayılda bilmədik.”
Hadisənin iştirakçısı olan Əmrah Heybətzadə də əməkdaşlarımızla söhbətində təxminən eyni fikirləri səsləndirib. Deyib ki, öncə İsmayılın arada aparıb gətirdiyi hansısa sözlərə görəsə, Həsənağa ilə Kənanın mübahisəsi olub: “Sonra biz onları bir-birlərindən ayırmaq istədik. Lakin bacarmadıq. Həsənağanın qəfildən Kənanın sifətinə kəllə zərbəsi endirməsi bizim üçün gözlənilməz və çaşdırıcı oldu. Özümü itirdim, çünki Kənan aşağı çökmüşdü, nəfəsi tutulmuş və huşunu itirmişdi. Həsənağanın üstü isə, qana boyanmışdı. İsmayıl da qaçıb aradan çıxmışdı. Kənan tərəfindən ortada tək qalmışdım. Onun üz-gözünə su vurub, birtəhər ayılda bildim. Onu zorla ayağa qaldırmaq istəsək də, o, müvazinətini saxlaya bilmir və səntirləyirdi. Bu zaman, İbrahim onu kənara çəkib, yumruqla başına zərbə endirdi. Yerə yıxıldığını görüb, onu maşına qoyduq. Mən maşında olmasam da, uşaqlar deyirlər ki, Kənanı xəstəxanaya çatdıra bilməyiblər, o, yolda keçinib...”

“Müstəntiq nə etdiyini bilmir, yalnız cinayətkarları həbsdən qurtarmağa çalışır”
Atası deyir ki, Kənanı sonuncu vuran 17 yaşlı İbrahim hazırda həbsdədir: “Lakin oğlumu ilk vuran və onu ölümcül vəziyyətə salan Həsənağa, bu işdə ona yardımçı olmağa gələn bibisi oğlanları Şahin Şahbazov və Cavad Dadaşovla bərabər azadlıqda gəzirlər. Müstəntiq, sanki nə etdiyini bilmir. İstintaq prosesi zamanı ağlasığmaz və qanqaraldıcı qanunsuz hərəkətləri ilə bizi təngə gətirib. Sanki başa düşmək də istəmir ki, bu təsadüfi hadisə deyil, planı əvvəlcədən qurulmuş ağır cinayət hadisəsidir. Cinayət işi də, CM-in 126.3 maddəsi ilə açılıb. Əslində isə, bu cinayət işi CM-in 120.2.1 maddəsi ilə aparılmalıdır.
Ailəmiz həyəcan və gərginlik içindədir. Min bir əziyyətlə böyütdüyümüz ilk övlad itkisi bizim üçün çox ağır və dəhşətlidir. Kənanın vəhşicəsinə, qəddarcasına öldürülməsi bizi necə yandırırsa, onun qatillərinin azadlıqda gəzmələri də, bizim üçün o qədər dözülməz və utancvericidir.
Doğrudan da, rayon prokurorluğunun bu qanlı olayla bağlı apardığı istintaq bizim üçün utandırıcıdır, ürəyimizcə deyil. Çünki, oğul itkisinə məruz qalan ata, övladının əsl qatilini belə cinayət məsuliyyətinə cəlb etdirə bilmir. Özünüz deyin, bu biabırçılığa, bu iyrəncliyə övlad itkisi görən hansı valideyin tab gətirər?!. Vallah, az qala, özümü öldürmək istəyirəm. Axı, bundan artıq nə edə bilərəm ki?!. Oğlumun əsl qatili Həsənağa Həsənovun yaxınlarının imkanları böyükdür. Atası Vüqar Həsənovun isə, qəribə xasiyyəti var. Oğlu cinayət törədən gün, yaxınlarına üz tutub, əl açıb, dil töküb, tez oğlunu həbsdən xilas etdirib. Həsənağaya köməkçi olmuş cinayətkar bacısı uşaqlarını da, o, beləcə həbsdən qurtara bilib. Bu səbəbdən, oğlumun əsl qatili bircə gün həbsdə qalıb. Mənsə, kasıbam, belə şeylər əlimdən gəlmir. Yaxınlarıma ağız açıb, dil tökə də bilmirəm.
Bu faciəni ictimailəşdirməkdə məqsədim isə, yalnız ona görədir ki, oğlumun qanı yerdə qalmasın.
Müstəntiqlə bacarmıram. İndiyədək mənə təsəlliverici bir söz belə deməyib. Onsuz da, bizə olan olub, dəyən dəyib, heç olmasa qatilləri gözümüz önündə görməyək.
Ona görə də, istintaq prosesinin ədalət, vicdan və qanun çərçivəsində aparılmasını istəyirik. Başqa məqsədimiz yoxdur...”.
Əməkdaşımızın söhbətləşdiyi qəsəbə sakinləri də, mərhum atasının, şahidlərin dediklərinə qəlb yanğısı ilə şərik çıxıblar: “Çox məyusuq. Bu necə istintaq prosesidir ki, əsas qatil və ona dəstək verənlər məsuliyyətə cəlb olunmur, azadlıqda gəzirlər?!. Bu hal bizim üçün də təəssüfləndiricidir. Bəyəm, haqq, ədalət budur!?”.
k-119-09-2017-2.jpegÇoxlarının qəzəb və nifrətinə səbəb olan bu suala cavab almaq üçün, biz də, bir neçə dəfə prokuror köməkçisi Qasım Ağayevlə əlaqə saxlamaq istədik. Cəhdlərimiz boşa çıxanda isə, mərhum atası: “- Görüşə cəhd etməyin! - dedi: - O, heç mənimlə görüşmək istəmir, sanki mən cinayətkar atasıyam. Onunla son görüşüm də mənə sarsıdıcı anlar yaşatdı. Mənə, hər dəfə olduğu kimi, bu dəfə də başdansovdu cavablar verdi. Oğlumun cəsədi qəbirdə soyumamış verdiyi iyrənc təkliflərini o, bir daha təkrarladı. Dedi ki, onsuz da Həsənağanın günahı yoxdur, Kənan xəstə olub, guya, “sudurğaya” - qıcolmaya görə təqaüd alıb, ata kimi bu halı təsdiqləsəm, bildirsəm ki, o, “sudurğadan” keçinib, onda işi düz-qoş edib, İbrahimi də həbsdən buraxa bilər. Və bundan sonra hər şey mənim üçün də yaxşı olar.
Müstəntiqin belə iyrənc təklifləri mənə oğul itkisindən betər dağ şəkir. Qəzəblənirəm və nə edəcəyimi bilmirəm. Axı, ağır və dəhşətli övlad itkisi görmüş bir ata kimi, mənə heç nə lazım deyil, yalnız cinayətkarların həbsini istəyirəm.
Axırıncı görüşümüz zamanı onu da müstəntiqin diqqətinə çatdırmışam ki, oğlum böyrək probleminə görə xəstəlik təqaüdü alıb, “sudurğası” olmayıb. Belə xəstə əsl qatil - Həsənağadır və o, buna görə də təqaüd alır...”

Məktəb direktoru Azər Mirzəyevin də dünya vecinə deyil !
Qəsəbə sakinləri ilə söhbətlərmiz zamanı onlar vacib bir məqama da toxunublar. Qeyd ediblər ki, ölüm hadisəsinin baş verdiyi ərazi məktəb həyətidir. Amma bu qanlı olaya görə, nə məktəb direktoru Azər Mirzəyevin, nə də digər məsul şəxslərin xətirlərinə dəyən olmayıb. Halbuki, qonşu kənd məktəbinin həyətində baş vermiş təsadüfi bir hadisəyə görə, direktorun “gününü göy əskiyə büküblər”. Artıq səkkiz aydan çoxdur ki, yazığın istintaqa, məhkəməyə gedib-gəlməkdən “canı boğazına yığılıb”. Nədi, nədi hansısa bir uşaq məktəb hasarını aşmaq istəyərkən, ayağı büdrəyərək, yıxılıb və beyin zədəsi alıb (?!).
Mərhum atası:
- Qəsəbənin, rayonun digər vəzifəli şəxsləri kimi, Azər Mirzəyev də məktəb həyətində baş vermiş bu ağır ölüm hadisəsinə görə, narahat olmadı. Dünya heç vecinə də deyil. Məni yanına çağırıb, təsəlli belə vermədi. Demədi ki, burada oğul itirmişəm, dərdim nədir?!.
Azər müəllim kimi, Həsənağa Həsənovun qohum və yaxınlarının da, dünya veclərinə deyil Hətta məni hədələməkdən belə çəkinmirlər. Adi bir misal: Həsənağanın əmisi Çingiz Həsənov yolda məni görüb, üstümə gəldi, qəzəblə qışqırıb, dedi ki, niyə yazmışam ki, cinayətkar qardaşı oğlunun cibində biçaq da olub!. Guya, belə şeylər yazmağım, mənə ağır başa gələcək.
Məni daha çox narahat edən Həsənağanın atası Vüqar Həsənovdur. Bildiyini edir, elə bil oğlu adam öldürməyib, heç narahat da deyil. Şahidlərin məndən üz döndərməsi üçün hər cür biabırçılığa əl atır. Ötən şənbə günü - sentyabrın 9-da müstəntiqin yanında olandan sonra, yenə də şahidlərin qapısına gedib - bacısı oğlu Şahinlə bərabər. Əmrahın atası Azər Məmmədova deyib ki, guya, istintaqda daha məni saya salan yoxdur. Oğlu izahatı dəyişsə, hər şey yaxşı olar. Eyni sözü Elgünə də deyiblər.

“Qasım Ağayev şahidləri hədələyib, təhqir etməkdən də çəkinmir.
Sanki öləni qəbirdən çıxarıb, ona iş vermək istəyir”

k-119-09-2017-4.jpegBu sözləri də bizə - onlarla söhbətlərimiz zamanı – həm mərhum atası, həm də əsl şahidlər dedilər. Vacib məqamlar kimi, onu da vurğuladılar ki;
.... - müstəntiq işdəki vacib məqamları ört-basdır etmək üçün, əsas dəlil və sübutları aradan çıxarır. Hətta bu cinayət işində, əsas fiqur kimi, azyaşlı İbrahim Rükabzadənin adını qabartmağa da nail olub. Cinayətin təşkilatçısı və əsl qatil olan Həsənağa Həsənovun qohumlarına elə şərait yaradıb ki, onlar İbrahimi şirnikləndirə biliblər, o da hər şeyi boynuna götürüb. Guya, azyaşlıdır deyə, ona az iş düşəcək və onu da, tezliklə həbsdən buraxdıracaqlar. Artıq, İbrahim aldandığını başa düşüb və qohumlarının dediyinə görə, çox narahatdır. Nə edəcəyini də bilmir;
... - belə iyrənc və biabırçı metodlarla müstəntiq cinayət işini bağlamaq üzrədir. Sentyabrın 27-də istintaq prosesinin müddəti başa çatır. Mərhum atasının isə, üz tutmadığı, yazmadığı ünvan, döymədiyi qapı qalmayıb. Lakin onun haqlı şikayətlərinə indiyədək nə cavab verən, nə də müstəntiqin xətrinə dəyən tapılmayıb. Hətta, Teymur Əliyevin ölkə başçısına, birinci vitse-prezidentə, Baş prokurora yazdığı və tutarlı faktlarla, sübut-dəlillərlə zəngin olan şikayət məktubları belə onun vecinə olmayıb. Baş prokurorluqda mərhum atasını qəbul edənlər isə, ona yalnız təsəlli veriblər. Deyiblər ki, guya bu iş çoxdan nəzarətdədir. Lakin indiyədək işdə nəzarət “ab-havası” hiss edilməyib;
.... - Qasım Ağayev hadisənin şahidi olan şəxsləri söyüb, təhqir etməkdən, onlara hədə-qorxu gəlməkdən də çəkinmir: Onların həqiqəti deməsinə bu yolla mane olur. Məsələn, bu ilin iyul ayının sonunda Teymur Əliyev şahid Əmrah Heybətzadə ilə bərabər, onun qəbulunda olublar. Müstəntiq izahatı alandan sonra, şahidi təhqiramiz ifadələrlə biabır edib. Bu isə, Əmrahın atası Azər müəllimi bərk qəzəbləndirib. Teymurun üstünə gəlib ki, oğlunu, bir daha şahid kimi, müstəntiqin yanına aparmasın.
Bu üsulla Qasım Ağayev əsl şahidləri də mərhum atasından uzaqlaşdırmaq istəyir. Əvəzində, hadisə baş verdiyi gün məktəbdən xeyli aralı olan futbol meydançasında və idman zalında olanları şahid kimi işə cəlb edir və onlardan saxta izahatlar almaqla, bildiyini edir. Hadisəni görməyənlər əsl həqiqəti necə deyə bilərlər?! Beləcə, müstəntiq işi şəxsi maraqları naminə elə “fırlatmaq” istəyir ki, guya, Kənan Əliyev zərbədən yox, əvvəlcədən xəstə olduğu üçün “sudurğadan” keçinib.
... - Həsənağa Həsənovun bibisi oğlanlarını da yada salan tapılmayıb. Əslində, hadisə iştırakçıları və əsl şahidlər kimi, onlar çoxdan istintaqa cəlb edilməliydilər. Şahin Şahbazov və Cavid Dadaşov isə, indiyədək gördüklərini deməyiblər. Lakin Elgün Ağayev və Əmrah Heybətzadə başları üstündəki Böyük Allahdan qorxduqlarından, axıradək hadisə yerində nə görüblər, onu da yazacaqlarını hamıya çatdırıblar. Amma müstəntiq buna imkan vermir. O, hətta hadisə iştirakçısı və əsl şahidlərdən birinə - İsmayıl Quluzadəyə elə şərait yaradıb ki, yaxınları onu da aradan çıxara, istintaqdan yayındıra biliblər. Halbuki, o, bu qanlı olayın əsas səbəbkarıdır - arada “söz aparıb-gətirən”, cinayət törədən şəxsləri ölənin üstünə qaldıran, araya “nifaq toxumu səpən” olub. Nəticədə qan tökülüb, adam ölüb;
..... - müstəntiq ekspertlə əlbir olaraq, əsas sübutları da istintaqdan yayındırmağı bacarıb. Rəhmətə gedənin bir dişinin sınması, eləcə də, ona başla zərbə vuran Həsənağa Həsənovun paltarının qan içində olması... epizodları demək olar ki, istintaq materiallarına düşməyib. Bu detalları nəzərə almayan ekspert də, zərbə nəticəsində Kənan Əliyevin alnında qızartı əmələ gəlməsi faktını, beyinə qan sızma kimi dəyərləndirib. Həsənağanın qan içində olan paltarı isə, evlərində olub. Bunu görənlər də çoxdur. Lakin evə baxış zamanı da, müstəntiq bu paltarları götürməyi məsləhət bilməyib;
... - üstəlik, müstəntiq hal şahidlərini də aldada bilib. “Morqdakı” meyidi onlara ötəri göstərib, daha doğrusu, üstünü açmağa imkan verməyib. Beləcə, bu cinayət işində əsas detal olan Kənan Əliyevin dişinin sınmasını hal şahidləri İnqilab Rufullayevə və Yusif Hacıyevə göstərməkdən vaz keçib. Özü saxta izahat tərtib edib və onlara göstərib, oxutmadan zorla imza atdırıb. Hazırda onlar da adlarına yazılan bu saxta izahatlardan imtina edir, və yenidən izahat vermək istədiklərini bildirirlər...
... Bu yazıya son olaraq, onu da bildirmək istəyirik ki, doğrudan da, bütün bölgə qarışıq, ətraf-yaxın yaşayış məntəqələrini də sarsıdan bu qətl hadisəsinin istintaq prosesinin gedişi nəinki mərhum atasını, onun dostlarını və digər yaxınlarını, eləcə də, çoxlarını narahat edir. Bu narazı insanlar kimi, biz də hesab edirik ki, bu sarsıdıcı ölüm hadisəsi, xüsusən də, müstəntiq, prokuror köməkçisi Qasım Ağayevin qanunsuz hərəkətləri ya yuxarı instansiyalar tərəfindən obyektivlik, ədalət və vicdan çərçivəsində araşdırılmalı və əsl qiymətini almalı, ya da iş Masallı rayon prokurorluğundan alınıb, qonşu rayonlardan birinin prokurorluğuna verilməlidir, yoxsa...

... Mərhum atasının dediyi kimi: “Sanki günahkar öləndir, müstəntiq Qasım Ağayev onu qəbirdən çıxarıb, iş verəcək.”
Bu, acı həqiqətin, əsil reallığın iç üzüdür! Nəticəni özünüz çıxarın!

Məhi ELSEVƏR,
“İrəvanın səsi” qəzetinin xüsusi müxbiri.
Bakı – Masallı – Boradigah - Bakı.

REDAKSIYADAN: Mərhum atası Teymur Əliyevin son məlumatına görə, sentyabrın 18-də müstəntiq Qasım Ağayev ona teleqram göndərib. Bildirib ki, sentyabrın 20-də cinayət işinin istintaqını bitirir. Teymur Əliyevin işlə tanış olmasını istəyib. Teleqramda o da qeyd edilib ki, yalnız bir nəfər - İbrahim Rükabzadə 126-cı maddə ilə məhkəmə qarşısına çıxarılacaq. Bu da müstəntiqin bir qanunsuzluğu. Teymur Əliyev onu da bildirdi ki, Bakıdan tutduğu vəkil-nümayəndəsi Mehman Əliyevlə bir həftə əvvəl müstəntiqin qəbulunda olublar. Lakin müstəntiq Ar. Respublikası Cinayət Prosesual Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq, onun istintaq materialları ilə tanış olmasına imkan verməmişdir. Bu qanunsuzluğu qəbul etməyən Mehman Əliyev Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubova Vəsatət ünvanlamışdır. Vəsatəti olduğu kimi dərc edirik:

 



Azərbaycan Respublikası Baş prokurorunun 1-ci müavini cənab Rüstəm Usubova


İş üzrə hüquqi varis Əliyev Teymur İsrafil oğlunun vəkili Əliyev Mehman Əlizaman oğlu tərəfindən
Ünvan : Bakı şəhəri, Nizami rayonu, A. Manafov, 16. Tel: 050 538 73 93.


V Ə S A T Ə T


(Müstəntiqin qanunsuz hərəkəti, iş üzrə qəbul edilmiş qərarlarla və ekspertizanın rəyi ilə tanış edilməsi, şahidlərin yenidən təzyiq edilmədən obyektiv və sərbəst ifadələrinin alınması, əməlin düzgün tövsif edilməsi barədə )
Cənab prokuror !
Masallı rayonu, Boradigah qəsəbəsi M. F. Axundov küç., 30/1 ünvanında yaşayan Əliyev Kənan Teymur oğlunun döyülərək, öldurlməsi ilə bağlı Masallı rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş, hüquqi varis Əliyev Teymur İsrafil oğlunun hüquqlarının müdafiəsi ilə əlaqədar, mən 13.09.2017-ci il tarixində Masasllı rayon prokurorluğunda olaraq, işin istintaqını aparan, prokuror köməkçisi vəzifəsində işləyən Qasım Ağayevin qanunsuzluq etməsi və işin istintaqını düzgün, obyektiv, hərtərəfli araşdırmaması ilə əlaqədar iradımı bildirsəm də heç bir nəticəsi olmamışdır.
Qeyd edim ki, iş üzrə mənimlə müqavilə bağlanana qədər, zərərçəkmiş kimi dəfələrlə müxtəlif orqanlara müraciət etməyinə baxmayaraq, heç kim bu işi obyektiv araşdırmamış, iş üzrə əsl günahkar olan Həsanağa adlı şəxsin məsuliyyətə cəlb edilməsi təmin edilməmişdir .
İş üzrə zərərçəkmişin hüquqi varisinin bildirdiyinə görə, Əliyev Kənanın öldürülməsində əsl səbəbkar Həsənağanın cinayət məsuliyyətinə cəlb edilməməsi üçün, prokurorluq orqanı onun qohumları ilə qeyri-qanuni əlaqəyə girmiş, ona görə də, işin istintaqını aparan Qasım Ağayev Həsənağanı cinayət məsuliyyətindən kənarda saxlamışdır.
Təkzibedilməz bu faktlar, aşağıdakı təkzibedilməz hallarla təsdiqini tapsa da, heç bir müsbət nəticəsi olmamışdır.
İşin halları:
27.05.2017-ci ildə hüquqi varisin oğlu Kənan Teymur oğlu Əliyev, dostları olmuş Heybətzadə Əmrah Azər oğlu və İsmayıl adlı şəxslə birlikdə məktəbin həyətindəki şəhid abidəsinin abadlaşdırılması ilə məşğul olduqları vaxt, təxminən saat 5-6 radələrində, Cavid adlı şəxsin avtomaşını məktəbin həyətinə daxil olmuş və avtomaşını onların 8-9 metrliyində saxlamışdır. Həmin vaxt avtomaşından Həsənağa, İibrahim, Şahin, Cavid və Elgün düşmüşlər. Həsənağa Kənanın yanına gəlmiş, onunla qısqanclıq zəminində mübahisə etmiş, onu nəlayiq sözlərlə təhqir edərək, qəflətən başı ilə güclü zərbə ilə Kənanın ağzından vurmuşdur. Kənan zərbənin təsirindən hüşunu itirmiş və yerə yıxılmışdır. Bu zaman Əmrah cəld Kənana yaxınlaşmış, onu yerdən qaldırmış , lakin Kənan özündə olmamış və bir neçə dəqiqədən sonra nisbətən özünə gəlmişdir. Həmin vaxt İbrahim adlı şəxs Kənanaın üstünə gələndə, Əmrah onun qabağını kəsmiş, “ -Bura dalaşmağa gəlmisiniz” - demiş , lakin ibrahim gülə-gülə: “ - Kənan mənim sinif yoldaşımdır ”- dediyindən, orada olanlar sakitləşmiş və bir növ İbrahimin sözünə inandıqlarından , Kənanaın qarşısından bir iki addım kənara çəkilmişdir. Bu zaman İbrahim güclü yumruq zərbəsi ilə Kənanın üz nahiyəsindən vurmuşdur.
Həmin vaxt, Həsənağanın kəllə zərbəsindən özünə tam gəlməyən Kənan, İbrahimin zərbəsindən yerə yıxılmış və bunu görən Elgün, qaçaraq, onun başını yerdən qaldırmış və qıçının üstünə qoymuş, Əmrah qaçaraq, butulkada sy gətirmiş və suyu Kənanın üzünə səpmişlər. Lakin Kənan ayılmadığı üçün, orada olanlar - Əmrah , Elgün , İsmayıl , Cavid və Şahin onu Cavidin avtomaşınına qoyaraq, xəstəxanaya yola düşmüşlər. Avtomaşında Elgün Kənanın başını qucağında saxlamışdır. Bir neçə dəqiqədən sonra, Kənan xəstəxanaya çatdırılmamış, yolda vəfat etmişdir.
Baş vermiş hadisə ilə əlaqədar Masallı rayon prokurorluğunda AR CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Sonradan isə, iş üzrə yalnız İbrahim cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilsə də, Həsənağa barədə heç bir qanuni tədbir görülməmişdir.
Əliyev Kənan Teymur oğlunun ölümünün əsl səbəbkarı Həsənağa olmasına baxmayaraq, o, cinayət məsuliyyətindən kənarda qalmışdır . Halbuki, məhz Həsənağa Əliyev Kənanla mübahisəni ayırd etmək və onu cəzalandırmaq üçün (razborka) İbrahimi, Sahini, Cavidi hadisə yerinə gətirmişdir. Elgünü isə, yolda çayxanaya getmək adıyla zəng edərək, çağırmış, lakin çayxana əvəzinə, onu “razborka" yerinə gətirmişdir. Qeyd edim ki, Elgün avtomaşında gəldiyi müddətdə “razborka ” barədə söhbət olmamışdır. Buradan belə çıxır kı, Həsənağa və İbrahim əvvəlcədən bu məsələni özlüklərində danışıb, razılaşdırmış və digər şəxslərdən gizli saxlamışlar.
Hadisə barədə Heybətzadə Əmrah və Ağayev Elgünün yazdıqları ərizələrdən də müəyyən etmək olur ki, Həsənağa və İbrahim, Kənanı cəzalandırmaq üçün, yanındakı yoldaşlarını hadisə yerinə gətirmişlər.
Təsadüfi deyil ki, Həsənağa ilkin olaraq özü baş zərbəsi ilə Kənanaın ağız nayihəsindən ölümcül vurmuş, bu zərbədən sonra Kənanın beynində silkələnmə olmuş, beyninə qan sızmış və bundan sonra İbrahimin yumruq zərbəsi onun beyninə qansızmanı sürətləndirmiş və nəticədə, aldığı zərbələrdən vəfat etmişdir.
Qeyd edim ki, Həsənağa və İbrahim məhz Əliyev Kənan Teymur oğlunu öldürmək üçün məktəb həyətinə gəlmiş, beləcə Kənanı da öldürmüşlər. Bu hərəkətlərinə görə, Həsənağa və İbrahim barədə AR CM-nin 120.2.1 və 120.2.2-ci maddələri ilə cinayət işi açılmalı olduğu halda, nədənsə prokurorluq yalnız İbrahim barədə AR CM-nin 126.3-cü maddə ilə cinayət işi açmışdır. Prokurorluğun bu hərəkəti çox şübhəli və məqsədli olmuşdur.
Hadisə yerində olmuş şahidlərin bəziləri özlərini görməməzliyə vuraraq, iş üzrə əsl təqsirli şəxs olan Həsənağanı məsuliyyətdən yayındırmaq istəyirlər və bu işdə onları istiqamətləndirən isə, işin istintaqını aparan prokuror köməkçisi Qasım Ağayevdir. Qasım Ağayevin hərəkətinin şübhəli və qərəzli olmasına dəlalət edən başqa bir hal ondan ibarətdir ki, iş üzrə şahid və Kənana kömək etmiş Əmrahın üstünə qışqırması, onu təhqir etməsi və Həsənağanın günahının olmamasını deməyə məcbur etməsi halıdır.
Bununla bağlı, mən, istintaqın gedişi ilə maraqlanmaq üçün, Masallı rayon prokurorluğunda köməkçi Qasım Ağayevin qəbulunda olmuş, vəkillik qurumunun Orderini, zərərçəkmişin hüquqi varisinin Etibarnaməsini təqdim etmişəm və iş üzrə qəbul edilmiş Qərarlarla və Ekspertiza rəyləri ilə tanış olmaq istəmişəm. Lakin prokuror köməkçisi Qasım Ağayev AR CPM -in tələblərini pozaraq, məni iş üzrə qəbul edilmiş qərarlarla və ekspertizanın rəyləri ilə tanış etməkdən imtina etmişdir. Bu hal da, prokurorluğun işi düzgün isintaq etmədiyini, tez-tələsik işi məhkəməyə göndərmək və iş üzrə əsl təqsirkar Həsənağanın cinayət məsuliyyətindən kənarda saxlamaq məqsədi daşıdığını bir daha sübut edir.
Lakin, buna baxmayraq, işə təqdim edilmiş və şifahi məlumatlardan da, işə əlavə edilmiş ekspertin rəyindən də müəyyən etmək olur ki, Əliyev Kənanın ölüm səbəbi, Həsənağanın onun ağız nayihəsindən vurduğu “kəllə ” zərbəsindən beyninə qansızma nəticəsində olmuşdur. Lakin istintaq orqanı bu faktı bütün vasitələrdən istifadə etməklə, gizlətməyə çalışır. Halbu ki, istintaq orqanı təcrübədən də bilir ki, bir yumruq zərbəsindən insan ölməz, Həsənağanın Kənana vurduğu “kəllə” zərbəsi olmadığı təqdirdə, o, ölməzdi.
Prokuror köməkçisi Qasım Ağayevin hərəkəti AR CPM-nin 92-ci, 101-ci, 102-ci maddələrinin tələblərinə ziddir və kobud qanun pozuntusu deməkdir. Çünki:
- AR CPM-in 92.9.1.-ci maddəəsinin tələbinə əsasən, işdə iştirak edən vəkil “şübhənin və ya ittihamın mahiyyətini bilmək “, (maddə - 92.9.6) etirazlar etmək və vəsatətlər vermək, (maddə - 92.9.7) cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokolunda qeyd edilməsini tələb etmək, (maddə - 92.9.8) özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; (maddə - 101.5.7) etirazlar etmək və vəsatətlər vermək , ( maddə -101.5.8 ) cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək, (maddə - 101.5.9) özünün və ya təmsil etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolu ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolunda yazılanların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək.
AR CPM–in 101.5.14-ci maddəsinə əsasən, zərərçəkmişin vəkili və nümayəndəsi “cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və təmsil etdiyi şəxsin, habelə özünün hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və cinayət prosesini həyata keçirən orqandan öz xahişi ilə bu qərarların surətini əldə etmək“, (101.5.15-ci maddə) "təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və ya hərəkətlərindən, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından şikayət vermək“ , (maddi - 101.11) Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi şəxsən və ya təmsil etdiyi şəxsin nümayəndəsinin köməyi ilə hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir“.
Cinayət prosesi zamanı zərər çəkmiş şəxsin nümayəndəsi (maddə - 102.2) “Cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər. Mülki iddiaçı və ya mülki cavabdeh qismində hüquqi şəxsin nümayəndəsi kimi müvafiq hüquqi şəxsin rəhbəri də vəsiqə təqdim etməklə cinayət prosesində iştirak etməyə buraxıla bilər, (maddə - 102.6) zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: maddə - 102.6.1 “ittihamın mahiyyətini bilmək"; maddə 102.6.2. “bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək “; maddə - 102.6.5 , etirazlar etmək və vəsatətlər vermək; maddə -102.6.6. “cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək; maddə - 102.6.11. “cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirmək hüquqlarına da malikdir.
Cənab prokuror!
Bir daha bildirirəm ki, mən, bu işlə əlaqədar rayon prokurorluğunda Qasım Ağayevin qəbulunda olmuşam və iş üzrə qərarlarla və ekspertin rəyləri ilə tanış olmaq istəsəm də, prokuror köməkçisi qanunu tələblərinə əməl etməmiş və iş üzrə zəruri sənədlərlə tanış etməmişdir.
Hazırda iş üzrə şahidlik edən Əmrah və Elgünün üzərinə ismarışçıları göndərir, onlara təzyiq etməklə, Həsənağanın və İbrahimin xeyrinə ifadə verməyi və ilkin ifadələri dəyişdirməyə təhrik edirlər. Eyni zamanda, prokuror köməkçisi Qasım Ağayev Kənanı baş zərbəsi ilə vurub, öldürən Həsənağanı məsuliyyətə cəlb etmir. Açıq-aşkar yalandan deyir ki, güya, şahidlər Həsənağanın Kənanı vurmasını görmədiklərini deyiblər. Bu, tamamilə düzgün deyildir. Belə ki, Əmrah və Elgün AR Baş prokuroru Z. Qaralova və Masallı rayon prokuroru Allahverdi Novruzova ünvanladıqları ərizələrində, “ Kənanın baş zərbəsi ilə Həsənəğa və yumruq zərbəsi ilə İbrahim tərəfindən vurulduğunu bildirmişdilər”. Lakin işi aparan Qasım Ağayev göstərilən faktları nəzərə almır və həmin ifadələrin şübhəli olduğunu bildirir. Eyni zamanda, qeyd edim ki, iş üzrə şahid Əmrah Heybətzadənin bildirdiyinə görə, prokuror köməkçisi Qasım Ağayev onun sözlərini təhrif etmiş və iş materiallarına onun ifadəsi kimi yazmışdır. Sənəddəki, imzanın ona məxsus olmadığını da bildirmişdir. Lakin Qasım Ağayev göstərilən halları nəzərə almır və güya, sonradan quraşdırılmış olduğunu bildirir.
Bu hal ona dəlalət edir ki, işin istintaqını aparan Qasım Ağayev qərəzlidir, məqsədli şəkildə iş üzrə cinayət etmiş şəxsi - Həsənəğanı müdafiə edir.
Masallı rayon prokuroluğu bu işin aparılmasında məqsədlidir və bütün cəhdlərlə əsl təqsirli şəxsi məsuliyyətdən kənarda saxlamaq istəyir. Məndə olan məlumata görə, prokurorluğun belə addım atmasına səbəb ondan ibarətdir ki, İbrahim yetkinlik yaşına çatmayan, Həsənağa isə, yetkinlik yaşına çatmış şəxslərdir. Baş vermiş hadisə zamanı İbrahimə bildiriblər ki, bütün günahları İbrahim boyununa götürsün və Həsənağa kənarda qalsın, istintaq başa çatanda və iş məhkəməyə göndəriləndə, məhkəmədə İbrahimin yetkinlik yaşına çatmadığnı nəzərə alaraq, onun məsuliyyətini yüngül edəcəklər və qısa müddətdən sonra isə, onu yarı “srokla” azadlığa buraxdıracaqlar. Bu planı cızan isə, prokurorluqdur. Bu, nəinki əxlaqsızlıq və həmçinin cinayətdir, ələlxüsus, prokurorluğun öz üzərinə düşən vəzifəsini yerinə yetirməməsidir.
Ona görə də, hesab edirəm ki, Əliyev Kənan Teymur oğlunun öldürülməsi ilə nəticələnmiş cinayət işinin istintaqının aparılmasından Qasım Ağayev kənarlaşdırılmalıdır. Ona qətl olaraq etiraz edirəm və işin istintaqının başqa şəxsə həvalə edilməsini, istintaqın obyektiv, hərtərəfli araşdırilmasını və Kənan Əliyevin öldürülməsində günahkar şəxslərin hər ikisinin AR CM-in 120.2.1 və 120.2.2-ci maddələriylə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etməyinizi istəyirəm.

İmza, vəkil-nümayəndə: Əliyev Mehman
Qoşma: 1. Heybətzadə Əmrah Azər oğlunun Ərizəsi - sürəti.
2. Ağayev Elgün Nazim oğlunun ərizə - surəti. 

Əlaqəli xəbərlər