Giza komanda yoldaşlarından nə üçün şikayətləndi?
“Fənərbaxça”da yeni transferlərin gəlişindən sonra sanki bir qədər arxa plana keçən Daniel Giza əməliyyat olunub. Belə çıxır, vaxtilə futbolçunun zədəsini bəhanə gətirərək məşqlərə çıxmaqdan imtina etməsi haqda xəbərlər doğru deyilmiş. Forvard bugünlərdə əməliyyat olunduğu İspaniyada türkiyəli jurnalistləri qəbul edib.

Çox maraqlı açıqlamalar verən Giza öncə bunları deyib: “İndi özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, ən pis halda iki aya tam hazır vəziyyətdə olacam. Ayağımdakı aparat 3 həftədən sonra çıxarılacaq və həmin vaxtdan təxminən bir ay sonra artıq qaçmağa başlayacam. Futbol üçün çox darıxmışam. Ən böyük arzum tezliklə sağalıb “Fənərbaxça”ya qayıtmaqdı. İlk dövrə bitmədən matçlara çıxa bilsəydim, bu, əla olardı. Hələ mövsüm başa çatan kimi rəhbərlik zədəli olduğumu bilirdi. Daha sonra isə mənim məşqə çıxmağımı istəmədilər. Amma əvəzində hamı məni günahlandırırdı. Klub istəmirsə, mən nə edə bilərəm? Zədəli olduğumu deyəndə heç kim mənə inanmırdı. Əməliyyat olunduqdan sonra gördülər ki, vəziyyət həqiqətən də ciddidi. Bu müddətdə mənə yalnız ailəm və yaxın qız dostum Rokyo kömək oldu. Onlara çox təşəkkür edirəm. “Fənərbaxça”yla hələ ikiillik müqaviləm var. İstanbuldakı həyatım məni qane edir. “Erkules”dən ciddi təklif alsam da, müqaviləmin sonuna qədər heç yerə getmək niyyətim yoxdu”.




Giza daha sonra bu müddətdə onunla maraqlananlara da təşəkkürünü bildirib. Maraqlıdı ki, o komanda yoldaşlarından şikayət də edib:”Çətin vaxtlarımda mənə ən çox dəstək olan insan başqanımız Əziz Yıldırım idi. Bura gəlməyimdə və əməliyyat olunmağımda onun böyük dəstəyi və rolu var. Elə Aykut Kocaman da bir neçə gün öncə mənə zəng vuraraq zədəmin nə yerdə olmasıyla maraqlandı. O sağlamlığımın önəmli olduğunu vurğulayaraq, mənə tezliklə qayıtmağı arzuladı. Bu yəqin ki, başqanla məşqçinin mənə inanmadığını söyləyənlərə ən gözəl cavab oldu. Amma mənə ən çox təsir edən odu ki, əməliyyatdan sonra komanda yoldaşlarımdan heç biri zəng vurub maraqlanmadı. Heç nə olmaz, Aykut hocanın dəstəyi mənə yetər. “Fənər”in çox böyük azarkeş ordusu var. Bilirəm, bəzi anlarda onlar mənə etiraz edirlər. Amma etiraf edim ki, əksər hallarda zədəli ola-ola meydana çıxıram. Buna görə də meydanda istədiyimi edə bilmirəm. Daha öncə əməliyyat olunmadığım üçün təəssüflənirəm. Qayıtdıqdan sonra özümü bir daha sübut edəcəm”.

Giza sonda “Fənər”in yeni transferi Nyanq haqda da danışıb: “O, çox səviyyəli futbolçudu. “Marsel”də çıxış edərkən onun oyunlarını daim izləyirdim. Komandanın hansı sistemlə oynaması və kimin qol vurması o qədər də önəmli deyil. Əsas odu ki, çempion olaq. Qazandığım pulu yalnız özümə yox, dəstəyə ehtiyacı olan insanlara xərcləyirəm”.