Mövsümə inamlı başlayan “Trabzonspor” son turda gözlənilmədən “Manisaspor”a uduzdu. Komanda bu məğlubiyyətlə sanki göydən yeri endi. Çünki bu ana qədər komandaya aşıladığı gözəl futbola görə hamının rəğbətini qazanan Şenol Günəş birandaca əsas tənqid hədəfinə çevrildi. Amma meydan sahibləri həmin matçda pis oynamaqdan çox, rəqibə yuxarıdan aşağı baxmağın qurbanı oldular. Şenol hoca dünən klubun bazasında jurnalistlər üçün mətbuat konfransı keçirərək diqqətçəkən açıqlamalar verib.

* Superliqada bütün komandalar gec-tez xal itirir. Ona görə də bizim son məğlubiyyətimizi faciəyə çevirməyə dəyməz. “Manisaspor”la görüşdə yaxşı oynamadığımızı etiraf edirəm. Amma pis də oynamadıq. 3 qol buraxmaq, özü də doğma azarkeşlərimizin önündə, bu elə də yaxşı hal deyil. Artıq bu oyunu unutmaq vaxtıdı. Biz daim qələbə haqda düşünən camiəyik. Bir məğlubiyyət dünyanın sonu demək deyil. Unutmayın ki, turnir cədvəlində hələ də 2-ci pillədəyik.
* Bizdən aşağıda olan komandalara baxsaq, “Beşiktaş”la “Kayserispor”un mövsümə gözəl başladığını qeyd edə bilərik. Ancaq bu mövsüm hələ ki ən yaxşı çıxış edən “Bursaspor”du. “Qalatasaray” və daim tənqid olunmasına baxmayaraq, “Fənərbaxça” da həmişəki kimi, iddialıdı. Fikrimcə, az səhvə yol verən komanda istəyinə çatacaq. Hələ ki bu komanda “Bursaspor”du. Onlar bütün oyunlarda qələbə qazanıblar. Ümumiyyətlə, etiraf edim ki, bu mövsüm çempionluğa əsas namizədim “Bursaspor”du.
* Mən bu camiəyə gələndən bəri düşüncələrim dəyişməyib. Qarşımızda bir plan var və ona uyğun hərəkət edirik. Dedi-qodusuz bir camiəyə çevrilmək istəyirik. Adi süpürgəçidən tutmuş başqana qədər hamı burda yalnız bir məqsəd üçün toplaşıb. Bu qədər insan bizdən uğur gözləyir. Onların ümidlərini qırmaq düzgün olmazdı. Mən “Trabzonspor”a kimisə qorxutmaq və ya ömrümün sonuna kimi burda işləmək üçün gəlməmişəm. Qısası, diktator deyiləm. Klubla bağlı qərarları da mən yox, rəhbərlik qəbul edir. Ola bilər, kimsə hərəkətlərimi səhv başa düşür. Amma bu mənim tərzimdi.
* Bu həftə superliqanın ən formada olan klublarından biri olan “Kayserispor”la üz-üzə gələcəyik. Onlar da bizim kimi yersiz xallar itirsələr də, “Kayserispor”u ciddiyə almamaq səhv olar. Hər iki komanda meydana qələbə üçün çıxacaq. Amma ümid edirəm ki, 3 xalı qazanan tərəf məhz biz olacağıq.
* “Qaziantepspor” - “Bursaspor” matçında baş verənlərə gəlincə, ilk dəfə deyil ki, belə hal yaşanır. Hər dövlət, həm federasiya, həm klublar birliyi və elə azarkeşlər də birləşsə, bu vəziyyətdən çıxış yolu tapmaq olar. İnsan istəsə, hər şey edə bilər. Amma bunun üçün hamı bir məqsəd uğrunda vuruşmalıdı. Heç vaxt siyasətlə maraqlanmamışam. Ölkənin siyasətdə mənə ehtiyacı yoxdu. Mənim işim komandayla məşğul olmaqdı. Ötən həftə baş tutan derbiyə gəlincə, şəxsi fikrim belədi ki, “Beşiktaş” hazırda həm “Fənərbaxça”dan, həm də “Qalatasaray”dan daha yaxşı vəziyyətdədi.
* Bu günə qədər məğlub olduğumuz matçlardan sonra hakimi tənqid etməyi özümə sığışdırmırdım. Ancaq “Manisaspor”la görüşdə baş verənlərə izah tapa bilmirəm. İlk hissədə meydanda olan Jaja durmadan müdafiəçilər tərəfindən təpiklənirdi. Elə Səlcuk İnanla Kolman da kobudluğa məruz qalırdı. Rəqibin heyətində xüsusilə Mehmet Güvən bizimkilərə qarşı sərt oynasa da, sarı vərəqə görmədi. Fərhat Öztorun isə bircə hərəkətindən sonra cəzalandı. Məni yandıran odu ki, ötən tur bu referi həftənin ən yaxşı hakimi seçildi. Mən olsam, onun hakimlik vərəqini belə cırıb atardım. Məğlubiyyətimizin hakimlə əlaqəsi yoxdu. Amma o belə şeylərə göz yummamalıdı.