“"Microsoft" şirkətinin Azərbaycandan çəkilməsi bizim üçün utancdır!” -- OSMAN GÜNDÜZ

son.jpg

“Dünyanın nəhəngi, uzun illər Azərbaycanda da öz ab-havası ilə İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir”.

araz.az  xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb. O qeyd edib ki, artıq ofisin rəhbəri, əksər işçiləri fəaliyyətini dayandırıblar: “Daha doğrusu, işdən azad olunublar, bizim uzun illər bu sektorda tanıdığımız dostlarımız artıq "Microsoft Azerbaijan"da çalışmırlar. Görünür ki, “Microsoft” bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər. Düşünürəm ki, bu vəziyyət Azərbaycan hökuməti üçün, RİNN (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır. Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyi bağlansa da, Microsoft-un Azərbaycandan gedişini mən təsəvvür belə etməzdim. Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər, dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır. Ümumiyyətlə, son illərdə Microsoft daha çox regional idarəetməyə üstünlük verirdi, lokal ofislərdə əyləşənlər də regional məsələlərə cavabdehlik daşıyırdı”.

O.Gündüz​ xatırladıb ki, Microsoft Rusiya və Belarusda da fəaliyyətini dayandırıb: ““Microsoft”un Rusiya ofisinin 500-dən çox işçisi bir anda çölə atılıb. İndi necə olacaq? “Microsoft”un Azərbaycanla bağlı layihələrini, öhdəliklərini kim icra edəcək? Necə deyərlər, Windows, Ofis proqramları, Ofice365, Azure,  digər lisenziyalı MS həllər və proqramlardan istifadə və yenilənmə, hökumət qurumları ilə olan müqavilələr, milyonlarla müştərisi olan MS Teams və s. necə olacaq ? Bütün bunlar necə dəstəklənəcək, koordinasiya necə olacaq? Bildiyim qədər, Azərbaycandakı sadaladığım bu işlər Microsoft-un müxtəlif ölkələrindəki ofislərindən idarə olunacaq.

Ekspert əlavə edib ki, ağlasığmaz səslənsə də, Azərbaycanın təhsil sektorundakı Microsoft həlləri (məsələn MS Teams və s) Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq.

O qeyd edib ki, “Microsoft”un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər: “Üzüntülü olsa da, hazırda reallıq belədir. Düşünmürəm ki, Azərbaycan nümayəndəliyinin  fəaliyyətinin dayandırılması yalnız Microsoft-un qlobal siyasəti ilə bağlıdır. Bu, belə deyil. Fikrimcə, bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Xatırlayıram ki, Prezident İlham Əliyev də Davosda Microsoft rəhbərləri ilə görüşüb gələcək iş  birliyindən danışmışdı. Amma biz sonralar aidiyyəti qurumlar tərəfindən  bu iş birliyinin davam etdirilməsini görmədik. Görünən odur ki, məsul şəxslər bu qlobal qurumla oturuşmuş iş birliyi qura bilməyiblər, böyük İT layihələr ortaya çıxmadı”.

Osman Gündüz vurğulayıb ki, “Microsoft” Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb olunmayıb: “Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmadı. “Microsoft” həllərindən böyük  yaşıl enerji layihələrində istifadə olunmadı. Məsələn, “Microsoft”a təklif oluna bilərdi ki, gəlib iqlimi də uyğun olan Kəlbəcərdə nəhəng bir Data Mərkəz qursun. Düşünürəm ki, bəlkə də gec deyil”. 

Ekspert qeyd edib ki, bu şirkətin Azərbaycan ofisinin fəaliyyətini dayandırması, bizim üçün utancdır.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər