bank_hesabi.jpg

Azərbaycan banklarında cari hesabların sayı sürətlə artır. FED.az xəbər verir ki, hazırda ölkə banklarında 13 milyon 351 min 913 cari hesab mövcuddur. Xüsusən də fiziki şəxslər arasında cari hesabların açılması göstəricisi daha çox nəzərə çarpır. Təkcə yanvar ayında fiziki şəxslər tərəfindən 55 min 687 cari hesab açılıb.

Cari hesabların sayının bu qədər artmasının isə bir neçə səbəbi var. Bunlardan biri odur ki, sığorta şirkətləri artıq sığorta müqavilələri üzrə hesablaşmanı apararkən ziyandəymiş şəxsdən bank hesabı tələb edirlər. Çünki nağdsız hesablaşmalar ilə bağlı qanun əvvəlki kimi  nağd ödənişlər etməyə qadağalar qoyub.  Bank əməkdaşlarının fikrincə, bu səbəbdən cari hesabların 30% artdığını demək olar.

Bundan başqa, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsinə diqqət artıb və regionlarda çalışan fermerlərə müstəsna olaraq kreditini götürmək üçün cari hesabdan istifadə etmək imkanı yaradılıb.

Eləcə də bax: Ləğv edilən bankın keçmiş işçiləri narazıdır - FONDDAN AÇIQLAMA

Eyni zamanda banklar artıq aktiv şəkildə kreditləşməyə başlayıblar. Banklar kreditləri vermək üçün müştəridən cari hesab tələb edir.   

O da məlumdur ki, cari hesablar müxtəlif ödənişləri həyata keçirmək üçün də istifadə edilir. Qeyd edək ki, cari hesab hər bir müştərinin adına açılır. Bu hesabdan pul vəsaitlərinin saxlanılması və nağdsız hesablaşmalar aparmaq üçün pul köçürmələrinin alınması və göndərilməsi üçün istifadə edilir.
Cari hesab müştəriyə aşağıdakı imkanları verir:

    pul vəsaitlərinin saxlanılması;

    nağd pul vəsaitlərinin hesaba mədaxil edilməsi və hesabdan çıxarılması;

    istənilən məqsəd (o cümlədən, bütün növ mal və xidmətlərin dəyərinin ödənilməsi) üçün pul vəsaitlərinin köçürülməsi;

    pul köçürmələrinin alınması və göndərilməsi;

    istənilən valyutada konvertasiya əməliyyatlarının keçirilməsi;

    əmanətlər üzrə faizlərin alınması;

    ölkə qanunvericiliyində cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi.

    İlhamə Abdullayeva