Azərbaycan işıqsız qalanda xaricə ucuz qiymətə elektrik enerjisi satılıb

enerji.jpgMəlum olduğu kimi, ötən ay Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəzadan sonra ölkə ərazisində elektrik enerjisinin verilməsində ciddi problemlər yaşandı. Paytaxt Bakı və regionlarda saatlarla elektrik enerjisi olmadı. Həmçinin aparılan təmir işləri ilə əlaqədar iyul ayı ərzində elekrik enerjisinin verilməsində uzun fasilələr yarandı. Maraqlıdır ki, iyul ayında ölkədə elektrik enerjisi ilə bağlı ciddi problemlərin yaşanmasına baxmayaraq xarici ölkələrə satılan elektrik enerjisinin həcmi dəfələrlə artıb və eyni zamanda qiyməti daxili bazarda əhaliyə satılan qiymətdən aşağı olub.

Yeniavaz.com-un Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən apardığı araşdırma göstərir ki, bu ilin iyul ayında Azərbaycandan xarici ölkələrə 49 milyon 226,6 min kv/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə xaricə satılan elektrik enerjisinin həcmi 3,7 dəfə artıb. Belə ki, 2017-ci ilin iyul ayında Azərbaycandan xarici ölkələrə 13 milyon 271 min kv/saat elektrik enerjisi ixrac olunub.

İxrac olunan elektrik enerjisinin həcmi kəskin şəkildə artsa da, qiymətində azalma qeydə alınıb. Ötən ilin iyul ayında xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri 6,1 sent və ya o zamankı məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 10 qəpik təşkil edib. Bu ilin iyul ayında isə xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri isə 4,7 sent və ya növcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 8 qəpiyə bərabər olur.

Məlumat üçün onu da qeyd dək ki, hazırda elektrik enerjisinin daxili bazardakı qiyməti 11 qəpiyə (6,5 sent) bərabərdir (aylıq istehlak həcminin 300 kVt-saatdan çox olan hissəsi). Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, ötən ay xaricə satılan elektrik enerjisinin qiyməti daxili bazarla müqayisədə 3 qəpik ucuz olub.

 

Əlaqəli xəbərlər