Gömrük Akademiyası Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi ilə əməkdaşlıq edəcək

1548139002484608557_1000x669.jpgDövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regional Ofisi ilə əməkdaşlıq edəcək.

Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən Araz.az-a bildirilib ki, DGKA-nın rəisi Qulu Novruzov ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Roger Herman ilə görüşüb. Q.Novruzov akademiya barədə məlumat verib, Prezident İlham Əliyevin Sərəncamı ilə 2012-ci il yanvarın 24-də yaradılan ali təhsil ocağının 2014/2015-ci tədris ilində ilk dəfə tədrisə başladığını və 2018-ci ildə ilk məzunlarının olduğunu bildirib. O, növbəti tədris ilində gömrük fəaliyyəti ilə bağlı olan digər müvafiq ixtisaslar üzrə də qəbulun həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini deyən akademiyanın rəisi son dövrlərdə DGKA-nın bu istiqamətdə fəaliyyətini genişləndirdiyini, beynəlxalq qurumlarla, gömrük sahəsi üzrə ixtisaslaşmış universitetlərlə əlaqələrin yaradılmasının prioritet olduğunu nəzərə çatdırıb. Bu baxımdan ÜGT-nin Avropa Regional Ofisi ilə ikitərəfli səmərəli əməkdaşlıqda maraqlı olduqlarını deyib.

Q.Novruzov bu əməkdaşlığı akademiya tələbələrinin xaricdə gömrük işi üzrə təcrübə proqramlarına cəlb olunması, beynəlxalq təcrübə əldə etməsi üçün məqsədəmüvafiq olduğunu diqqətə çatdırıb. O, bakalavr təhsili ilə yanaşı, akademiyada əlavə təhsil, ixtisasartırma, eyni zamanda, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün xidmətə hazırlıq təlimlərinin keçirildiyini də qeyd edib.

R.Herman isə DGKA ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, müxtəlif təqaüd proqramlarında tələbələrin iştirak imkanlarından söz açıb. Tələbələrin gömrük sahəsi üzrə xarici universitetlərin təcrübə proqramlarından yararlana biləcəklərini vurğulayıb. O, gömrükçülər üçün akademiya tərəfindən keçirilən təlimlərin maraqlı yanaşma olduğuna diqqət çəkib. R.Herman təmsil etdiyi qurumun DGKA-ya texniki və metodoloji istiqamətdə dəstək verməyə hazır olduğunu və əməkdaşlığın mümkünlüyünü dilə gətirib.

Görüşdə ikitərəfli əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb, Avropa ölkələrindən ekspertlərin dəvət edilərək seminar və konfransların təşkil olunması, iki qurum arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Əlaqəli xəbərlər