BVF-nin ayırdığı 650 milyarddan Azərbaycana nə qədər düşə bilər? – Ekspert

bvf

“Düşünürüm ki, bir çox ölkələr, o cümlədən Azərbaycan da Beynəlxalq Valyuta Fondunun bu təklifindən yararlanacaq”.


Bunu iqtisadçı ekspert Natiq Cəfərli Beynəlxalq Valyuta Fondunun dünya iqtisadiyyatının bərpası üçün 650 mlrd dollar vəsait ayırılması və bundan Azərbaycanın payına nə qədər düşəcəyi ilə bağlı suala cavabında deyib. Ekspertin sözlərinə görə, Azərbaycana 500 milyon dollardan bir az çox vəsaitin ayrılması imkanı var:
“Çox güman ki, Azərbaycan da bu yolla əldə etdiyi vəsaitin sonradan nəğdləşdirilməsi və yaxud da pula çevirlməsi üçün müxtəlif alətlərdən istifadə edəcək. Xarici borcumuzun bir hissəsini bu vəsait hesabına ödəmək və yaxud da zəmanətli kağızları girov kimi başqa banklarda qoyub vəsait əldə etmək hüququ olacaq. Kifayət qədər də məqbul şərtlərdir”. 

Natiq Cəfərlinin sözlərinə görə, Beynəlxalq Maliyyə Fondu dəfələrlə bu alətdən istifadə edib:
“Beynəlxalq Maliyyə Fondu 2008-ci ildə beynəlxalq maliyyə böhranı zamanı da bu alətdən istifadə edib və dövlətlərə müəyyən dəstək üçün belə bir proqram həyata keçirib. İndi də pandemiya ilə əlaqədar dövlətlərə belə bir təkliflə çıxış elədi. Bu, əslində nəğd valyuta və nəğd vəsait deyil. Buna xüsusi borclanma hüququ deyilir və Beynəlxalq Valyuta Fondunun zəmanəti olan qiymətli kağızlardır. Həmin ölkələr bunu pul şəkilində almayacaqlar, borc kağızlarından müxtəlif istiqamətlərdə istifadə edə biləcəklər. Məsələn, xarici borcun ertələnməsi, yaxud da ödənilməsi üçün. Yaxud da borc kağızlarını beynəlxalq birjalarda sata da bilərlər. Bunu müxtəlif cür pula çevirmə üsulları var”. 
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının bərpası üçün 650 mlrd dollar vəsait ayırıb. Bu pulun 275 mlrd. dolları inkişaf etməkdə olan ölkələr üçün, o cümlədən 25 mlrd dollar MDB+Gürcüstan üçün ayrılır.

 

araz.az xəbər portalı.

İlin sonuna doğru bəzi banklar bağlana bilər (ŞƏRH)

ekre

“Ölkədə fəaliyyət göstərən bəzi bankların zərərlə işləməsinin əsas səbəbi problemli kreditlərlə bağlıdır. Pandemiya şəraitində sahibkarlar krediti vaxtında ödəyə bilmirlər”. 


araz.az bildirir ki , bunu Qaynarinfo-ya açıqlamasında maliyyə, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov cari ilin ikinci rübündə Azərbaycanda mövcud olan 26 bankdan 7-sinin zərərlə işləməsinin səbəblərinə toxunarkən deyib. Ekspert bildirib ki, banklar verdiyi kreditlərin bir hissəsini vaxtında yığa bilmir, bir hissəsini də vaxtında ödəmirlər: 

“Banklar əsasən əmanətçilərin qoyduğu pullar hesabına kredit verir. Belədə günün bir günü müştəri vaxtında ödəniş etməyəndə bank üçün problem yaranır və o zərərə düşür. Bu halda bank məcburdur ki, ehtiyat yaratsın. Ehtiyat isə bankın xərc hissəsinə aiddir. Azərbaycan banklarının müəyyən hissəsi problemli kreditlərin həcmini gizlədir. “AtaBank” 2016-cı ildən müflis olsa da, yalnız 4 ildən sonra onu müflis elan etdilər. Bu dövr ərzində “AtaBank” guya mənfəətlə işlədiyini bəyan edirdi. Lakin buna görə heç kim məsuliyyətə cəlb olunmadı”. 
Əkrəm Həsənov hesab edir ki, zərərlə işləyib, müflisləşmə təhlükəsilə üz-üzə qalan bankların sayı əslində daha çoxdur:
”Sadəcə banklar bağlanma təhlükəsilə üzləşməmək üçün bunu gizlədir”. 
Ancaq həmsöhbətimiz onu da qeyd edib ki, bankın zərərlə işləməsi hələ onun müflisləşməsi, bağlanması anlamına da gəlməməlidir:
“Ola bilər banklardan bəziləri gələcəkdə problemli kreditlərin müəyyən hissəsini geri qaytara bildi. Digər tərəfdən, bank sahibləri ora əlavə kapital qoyuluşu edə, yaxud da yeni səhmdarlar cəlb oluna bilər. Bununla belə müflisləşmə təhlükəsilə üz-üzə qalan bankların bəziləri ilin sonuna doğru son nəticədə bağlana bilər. Bu gözləniləndir. elə bir təhlükə var”. 
Qeyd edək ki, 2021-ci ilin birinci rübündə Azərbaycanda 2 bank zərərlə işləyirdisə, rəsmi statistikaya görə ikinci rübdə belə vəziyyətə düşən bankların sayı 7-yə çatıb. 

 

araz.az xəbər portalı.

Azərbaycana xarici investisiyaların 93 %-i 11 ölkədən cəlb edilib

iqtisad

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 595,6 milyon manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.

Bu ilin ilk 7 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 422,6 milyon manatı (93,3 %-i) Birləşmiş Krallıq, İsveçrə, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

 

araz.az xəbər portalı.

Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ VERİR... - Müqaviləyə oğlu imza atır...

1629274720 1

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir fəaliyyətə başlayıb, pilot layihələr edib. Amma bu layihələr haqda məlumatlar yaymayıb, fəaliyyəti ilə bağlı ciddi suallar var.

araz.az xəbər verir ki, Agentlikdən razılıq edənlər də az rast gəlinir.
İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb – müqavilənin dəyəri 1 milyon 176 min manatdır.
Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada…

Bu barədə iqtisadçı Natiq Cəfərli yazıb. Onun sözlərinə görə, məsələnin maraqlı tərəfi odur ki, həmin obyektin sahibi gənc bir insandır – Orxan Feyziyev: “Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur.
Bu da Azərbaycan fenomenidir – bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderlər udurlar”.

 

araz.az xəbər portalı.

İslahatlar SOCAR-ı dirçəldəcəkmi…

z 108

SOCAR-da kadr islahatları davam edir. Prezident İlham Əliyevin sərəncamı ilə Kənan Təhməz oğlu Nəcəfov və Zaur Aydın oğlu Qurbanov Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Xatırladaq ki, bu ilin iyul ayında SOCAR-ın 4 vitse-prezidenti (Mikayıl İsmayılov, Bəhram Hüseynov, Tofiq Qəhrəmanov və David Məmmədov) vəzifədən azad edilmişdilər.

Əvvəlcə qısa arayış verək. Marja.az-ın məlumatına görə,   yeni vitse-prezident Kənan Təhməz oğlu Nəcəfov1975-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini Hüquqşünas və tərcüməçi-referent ixtisası üzrə bitirib.1998-ci ildə ABŞ-ın Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecinin Hüquq üzrə magistratura proqramına qəbul olub, 1999-cu ildə Beynəlxalq biznes hüququ ixtisası üzrə magistratura pilləsini (LLM) bitirib.2001-ci ildə ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə daxil olub və 2003-cü ildə Biznes inzibatçılığı (Maliyyə ixtisası) üzrə magistratura pilləsini (MBA) bitirib.

1996-1998-ci illərdə Dünya Bankının Azərbaycan nümayəndəliyində əməliyyatlar üzrə mütəxəssis vəzifəsində çalışıb.1999-cu ildən 2001-ci ilədək “Baker Botts LLP” hüquq firmasının Vaşinqton və Bakı ofislərində hüquq məsləhətçisi işləyib.

2003-2008-ci illərdə BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə, 2008-2009-cu illərdə Londonda “Exane BNP Paribas” investisiya şirkətində investisiya təhlilçisi, 2009-2012-ci illərdə isə “Citigroup” İnvestisiya Bankında investisiya təhlilçisi (vitse-prezident) vəzifələrində çalışıb.

2012-2015-ci illərdə Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifəsində işləyib. 2015-ci ildən 2020-ci ilin avqustunadək sahibkarlıq fəaliyyəti ilə məşğul olub. İqtisadiyyat nazirinin 5 avqust 2020-ci il tarixli əmrinə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Digər vitse-prezident Zaur Aydın oğlu Qurbanova gəlincə, o, bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqin direktoru müavini vəzifəsində çalışıb. Yeni vitse-prezident daha öncə beynəlxalq audit şirkəti olan “Ernst & Young”un Azərbaycandakı törəməsində vergi direktoru kimi fəaliyyət göstərib.

SOCAR-la bağlı daha bir addım isə bu ilin yanvar ayında Müşahidə Şurasının  yaradılması oldu və şirkətin fəaliyyətinə hazırda  Müşahidə Şurası nəzarət edir. Bəs görəsən, bu təyinatlar şirkətin fəaliyyətində nələrisə dəyişdirəcəkmi? Ölkənin ən böyük dövlət şirkətindəki islahatlar necə aparılır və daha hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan UNEC-in professoru Elşad Məmmədov bildirdi ki, kadr dəyişiklikləri ilə yanaşı dövlət şirkətinin menecmenti də dəyişməlidir: “Yeni təyin olunan kadrların SOCAR-ın fəaliyyətində hansı dəyişikliklərə səbəb olacağını demək çətindir. Çünki birinci onların səlahiyyət çərçivəsinin nədən ibarət olacağını baxmaq lazımdır. Digər tərəfdən, onların bu sahədə nə dərəcədə ali səviyyədə menecment bacarıqlarına sahib olması önəmlidir, hazırda bunu bilmirik. Şübhəsiz ki, bu suallara müəyyən dövrdən sonra nisbətən dəqiq cavab tapmaq olar. Mən hesab edirəm ki, hansısa vitse-prezidentlərin dəyişməsindən, Müşahidə Şurasının yaradılmasından daha çox, SOCAR-ın idarəetmə təcrübəsinin, menecmentin  kökündən dəyişməsinə ehtiyac var və buna  istinad etmək doğru olardı. SOCAR ilk növbədə ölkədə mövcud olan təbii resurs potensialının ölkə daxilində emalına nail olmalıdır. Təbii resursların xammal şəklində ixracatından müəyyən dövr ərzində ölkəyə valyuta gəlməsinə şərait yarandığını  etiraf etsək də, anlamalıyıq ki, resursların xammal şəklində ixracı heç vaxt ölkənin dayanıqlı şəkildə inkişafına, rəqabət imkanlarının gücləndirilməsinə şərait yarada bilməz. Çünki nefti xammal şəklində ixrac edirsinizsə, emal şəkli ilə müqayisədə on dəfələrlə ticari cəhətdən dividentləri, iqtisadi resursları daha az alacaqsınız. Mütləq şəkildə SOCAR-ın ölkədaxili emala istiqamətlənmiş idarəetmə menecmentini qurmalıyıq. Əgər ən bəsit, ən sadə neftin emal dərinliyi on dəfəyə yaxın əlavə dəyər verirsə, siz təsəvvür edin ki, xammal şəklində neftin ixracı nə qədər rəqabət imkanlarının zəifliyini şərtləndirir. Ona görə də mütləq şəkildə SOCAR neft emalına istiqamətlənmiş idarəetmə modeli qurmalıdır”.

UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Məmmədov Elşad Yaqub oğlu

Elşad Məmmədov

E.Məmmədov onu da vurğuladı ki, SOCAR xərclər siyasətinə yenidən baxmalıdır: “Köklü şəkildə başqa yanaşma olmalıdır. Aydındır ki, Türkiyə bizim üçün qardaş dövlətdir və onlarla iri investisiya layihələrinin reallaşdırılmasının bir rəmzi mənası var. Amma bu gün dövlət üçün mühüm, sistem əsaslı qurumlar ilk növbədə ölkə daxilinə investisiya qoymalıdır. Bu illər ərzində SOCAR Avropa ölkələrində, Gürcüstanda, digər ölkələrdə iri layihələr reallaşdırdı. Bunlar SOCAR-a nə verdi? Hətta biz görürük ki, SOCAR-ın xarici borclanması az qala Azərbaycan dövlətinin ümumi borcu qədərdir. Ancaq ölkə prezidentinin də dediyi kimi, SOCAR-a dövlət tərəfindən çox böyük təşkilati, maliyyə dəstəyi var. Necə olur ki, təbii inhisarçı olan şirkətin faktiki olaraq dövlətin rəsmi borcu qədər borcu var. Digər tərəfdən, ölkədə neftin emalı ilə bağlı, adicə benzin növlərinin istehsalı ilə bağlı hələ də lazımi səviyyədə istehsal müəssisələri qurulmayıb. Deməli, xərclər siyasətində çox böyük boşluqlar var. Bütün bunlar aradan qaldırılmalı, SOCAR-ın idarəetmə fəlsəfəsi ölkədə neft və qaz üzrə emal proseslərinin qorunmasına yönəlik istehsal prosesi olmalıdır. Ölkədə təbii resursların 80  faizə yaxını xammal şəklində ixrac olunur. Bu, yolverilməzdir, biz hazır, emal olunmuş məhsul ixrac etməliyik. Bu, Azərbaycan iqtisadiyyatının rəqabət imkanlarını dəfələrlə artırır və mən hesab edirəm ki, burada SOCAR açar qurumlardan biridir. SOCAR-ın  məhz formalaşmış trendlər üzrə inkişaf etməsi üçün, investisiyaların prioritet olaraq xaricə yönləndirilməsi siyasətinə yenidən baxmalı, kökündən dəyişdirməlidir. SOCAR daxili bazarda yönləndirilmiş, eyni zamanda ixraca istiqamətləndirilmiş, emal dərinliyinə  malik olan məhsulların  istehsalını dayanıqlı şəkildə ölkədə formalaşdırmalıdır”.

 

araz.az xəbər portalı.

17 -dən səhifə 56

Əlaqəli xəbərlər