“Gömrük Komitəsi 40 min manat pul tələb edir, elə bil bazardır”

bandicam 2021 08 01 12 15 21 195

“İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Gömrük Komitəsinin vecinə də deyil”.

araz.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O, bildirib ki, iki iş adamı xanımla görüşüb. Onların ideyaları var, ölkədə istehsal qurmağı düşünürlər, bizneslərini böyütmək istəyirlər, amma Gömrük Komitəsindən ciddi şikayətləri var.

“Xanımlardan biri "Ambiancemed" şirkətinin rəhbəri Elnarə Əliyevadır, xaricdə təhsil alıb, yaxşı mütəxəssisdir. İyunun 2-si Avropadan ölkəyə Bioloji Qida Əlavəsi məhsulları gətirib. 

Şirkətin malını 35 gün TİR-lə birlikdə maşının içərisində saxlayıblar, buna görə 9000 avro əlavə olaraq ödəməli olub. Niyə saxlayıblar?! Çünki sənədlərə görə rüsum 20000 AZN-ə yaxın olduğu halda, əlavə olaraq 40000 pul istənib, sonra 30000 AZN-ə düşüblər (bazardı da elə bil), indi isə bir az daha endirim ediblər, amma xanım iş adamı prinsipial olaraq artıq ödəmək istəmir, qanun nə deyir, onu tələb edir. 

İş adamı məhsulu TİR-də qanunsuz saxladıqları üçün Gömrük Komitəsini məhkəməyə verib, məhkəmə ədalətli qərar verib (buna sevindim, açığı), məhsulu məhkəmə qərarı ilə öz depolarına boşaldıblar ki, TİR-ə daha əlavə ödəniş verməsinlər. Məhsul plomb altında saxlanılır, amma hələ də Gömrük Komitəsi məhsulun sənədlərini qəbul edib qanuni ödənişlə rəsmiləşdirmək istəmir. 

Belə yanaşma ilə ölkədə necə biznes mühiti olacaq?! Hansı xarici investordan söhbət gedə bilər?! Bu Komitə bu qədırmi önəmli, dəyırlidir ki, dövlət orqanları problemləri görməzdən gəlirlər?! Nə isə...”.

“Gömrük Komitəsi 40 min manat pul tələb edir, elə bil bazardır”
 
araz.az xəbər portalı.

Telman Qasımov: “ Bu sevindirici haldır ki, Azərbaycanın büdcəsində valyuta gəlirləri 1 milyarda çatıb”

s7vAzərbaycan Prezidenti İlham Əliyevin rəsmi twitter hesabında  dövlət məmurlarına ünvanladığı xəbərdarlıq siyasi ekspertlər tərəfindən də müsbət qarşılanıb.
Siyasi ekspert Telman Qasımov Olaylar.az saytına bildirib ki, prezident İlham Əliyevin açıqlaması bundan ibarətdir ki, müharibədən sonra Azərbaycan iqtisadiyyatında heç bir dəyişiklik baş verməyib,  yəni adətən bir çox ölkələrdə müharibədən sonra büdcədə kəsirlər, çatışmazlıqlar yaranır, amma bizdə tam əksinə oldu: 

"Müharibə belə bizim büdcəmizə və gəlirlərimizə təsir edə bilmədi. Əksinə Azərbaycan büdcəsi 1 milyard valyuta gəliri əldə etdi. Azərbaycan prezidentinin fikirlərindən belə başa düşmək olur ki, Azərbaycandakı son islahatlar  - yeni kadrların vəzifəyə gətirilməsi ilə köhnə  məmurların əlləri-qolları kəsildi. Büdcəni oğurlayan, talayan, yersiz xərclərə  yol  verən  məmurlar yox oldu və yeni kadrlar seçildi. Yeni kadrların islahatlarda iştirak etməsi, büdcədən ayrılan pulların doğru şəkildə xərclənməsi nəticəsində, demək olar ki,  Azərbaycan nəinki bu çətinlikləri dəf etdi. Pandemiya və müharibə dövrü böyük xərclər tələb etsə də, Azərbaycanın büdcəsi zərər görmədi, əksinə üstünlük əldə etdi.  1 milyard valyuta gəliri, bu   az say deyil. Bundan sonra  Qarabağda gedən quruculuq işləri,Şərqi Zəngəzurdakı islahatlar, tikintilər, infrastrukturun qurulmasına vəsaitin xərclənməsi belə büdcəyə təsir edə bilmədi."
Ekspert prezidentin verdiyi mesajla bağlı digər məsələlərə də toxunub:
"Hesab edirəm ki,  Prezidentin verdiyi bu mesaj yeni vəzifələrə  təyin olunmuş məmur komandasınadır ki, bir az pullara qənaət olunsun, yersiz layihələrə vəsait  xərclənməsin.  Bu tam birbaşa dövlət tərəfindən nəzarətdə olacaq.  Dövlət büdcəsindən ayrılan maliyyə  effektiv şəkildə xərclənməlidir. Düşünürəm ki,  bu çox yaxşı haldır. Çünki hələ bizim görüləsi işlərimiz çoxdur. İstər quruculuq işlərində, istər digər sahələrdə və həmçinin şəhid ailələrimiz,  müharibə əlillərimizin   sosial müdafiə sahəsindəki məsələlərinin həllində, onların aylıq və illik xərclərinə də öz təsirini göstərəcək. Təbii ki,  iqtisadiyyatımızın inkişafı belə davam etsə. Cənab Prezidentin verdiyi bu açıqlama məhz bununla bağlıdır ki, keçmiş dövr bitdi,  yeni dövr başladı. Yeni dövrdə yeni kadrlarla ağıl və düşüncə ilə çalışıb Azərbaycanın inkişafına doğru uğurlu addımlar atılmalıdır. Sual yarana bilər, məsələn, nə üçün  müharibə dövründə bu qədər vəsait xərcləndi, pandemiya dövründə də dövlət büdcəsindən kifayət qədər pullar ayrıldı və nə üçün bunlar Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilmədi? Çünki burada dövlətin tutduğu doğru yol var. Dövlətin valyuta gəliri, məsələn, qazın, neftin gəlirləri var ki, onlar doğru şəkildə  istiqamətlənmişdir. Bu sevindirici bir haldır ki, Azərbaycanın büdcəsində valyuta gəlirləri 1 milyarda çatıb. Hətta, səhv etmirəmsə, bu il bizim büdcəmizdən 2 milyarda yaxın maliyyə xərclərinə  qənaət olunub. Artıq yerlərə, lazımsız layihələrə maliyyə vəsaiti xərclənməsinin qarşısı alınıb. Təsəvvür edin ki, keçmiş məmurlar - o acgöz, yırtıcı məmurlar olsaydı, bu  2 milyard büdcədə artıq qala bilməzdi. Onu hər vəchlə dağıdıb yeyəcək, lazımsız yerlərə xərcləri özləri yazacaq, mənimsəyəcəkdilər. Düşünürəm ki,   bu gün Azərbaycan iqtisadiyyatında yüksəlişlər və inkişaf varsa bu çox sevindirici haldır."

Mehriban XƏLİLLİ.

Mikayıl Cabbarova yeni səlahiyyət verildi

mikayilcabbarov2807203

Nazirlər Kabineti “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nı təsdiq edib.

araz.az  xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması belədir:

Bu Qayda “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması qaydalarını müəyyən edir.

Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Reyestr - uyğunluq sertifikatı və uyğunluq bəyannaməsi barədə elektron informasiya ehtiyatı;

Uyğunluq sertifikatı - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

Uyğunluq bəyannaməsi - malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunun bəyan edildiyi müəyyən formalı sənəd;

Xarici mənşəli uyğunluq sənədi - xarici dövlətlərdə verilmiş və idxal olunan malların təhlükəsizliyə dair məcburi tələbləri müəyyənləşdirən xarici texniki reqlamentlərin və ya digər xarici texniki normativ hüquqi aktın tələblərinə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəd;

Uyğunluğu qiymətləndirən qurum - “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq akkreditasiya edilmiş malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslər;

Təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent).

Bu Qaydanın məqsədləri üçün istifadə olunan digər anlayışlar “Texniki tənzimləmə haqqında” Qanunda nəzərdə tutulan mənaları ifadə edir.

Reyestr İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir.

Reyestr informasiya ehtiyatıdır. Reyestrin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Nazirlik tərəfindən təmin edilir.

Reyestrin informasiya təminatı uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir.

Uyğunluğu qiymətləndirən qurum uyğunluq sertifikatının verilməsi, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onun Azərbaycanda qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydanın bəndlərində göstərilmiş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş electron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

Təsərrüfat subyekti uyğunluq bəyannaməsinin tərtibi, onun qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydada qeyd olunmuş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş electron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.

Sertifikatlar və bəyannamələr, onların qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onların Azərbaycanda qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar Nazirliyə daxil olduğu tarixdən iki iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə reyestrə daxil olunur.

Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, Nazirlik bu Qaydada göstərilən müddətdən gec olmayaraq çatışmazlıqlar qeyd olunmaqla onların aradan qaldırılması barədə yazılı bildirişi uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt, yaxud elektron formada göndərir. Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bildirişin alındığı tarixdən iki iş günü müddətində aradan qaldırılmalıdır.

Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bu Qaydada qeyd olunan müddətdə aradan qaldırılmadıqda, təqdim edilmiş məlumatlar Reyestrə daxil olunmur və bu barədə Nazirlik tərəfindən qəbul edilmiş əsaslandırılmış qərar iki iş günü müddətində uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt, yaxud elektron formada göndərilir.

Təqdim edilmiş məlumatların reyestrə daxil olunmaması barədə qərar uyğunluğu qiymətləndirən qurumun və ya təsərrüfat subyektinin yenidən müraciət etməsinə maneə olmur.

Reyestrə daxil olunmuş məlumatlarda aparılmış dəyişikliklərin reyestrə yenidən daxil olunması bu Qaydanın müddəaları nəzərə alınmaqla həyata keçirilir.

Reyestr ictimaiyyət üçün açıqdır. Reyestr Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar mütəmadi olaraq yenilənir.

Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq icra edilir.

Reyestrə daxil olunmuş məlumatlar Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə Reyestr arxivində saxlanılır.

 

araz.az xəbər portalı.

Ceyhun Məmmədov: “Ölkəmizdə on minlərlə yeni iş yeri yaradılacaq”

1625326021 news 20210329043153

“Son illər bir çox sahələrdə olduğu kimi, iqtisadi sahədə də Azərbaycan böyük uğurlar qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, mühüm layihələrdən biri də 850 hektardan ibarət Ələt Azad İqtisadi Zonasıdır. Onun sözlərinə görə, adıçəkilən zonanın ümumi sahəsinin 60 hektarında layihələndirmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb:

“Azad İqtisadi Zona ölkəmizdə qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın təmin edilməsinə, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorların cəlbinə, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına, həmçinin on minlərlə yeni iş yerinin yaradılmasına ciddi töhfə verəcək. Layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq”.

Ceyhun Məmmədov əlavə edib ki, sözügedən iqtisadi zonada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək.

C. Məmmədov qeyd edib ki, investorlara yaradılan münbit şəraitə görə Azad İqtisadi Zonaya böyük sərmayələr qoyulacaq:

“Bunun üçün bu gün Azərbaycanda bütün ilkin şərtlər var. Bu, həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirilib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.

Digər vacib və mühüm məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə Azərbaycan yüksək mövqeyə malikdir. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerdədir. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycanın qısa müddətdə əldə etdiyi böyük uğurların göstəricisidir”.

Deputat vurğulayıb ki, Azərbaycana investorları cəlb edən amillərdən biri də təhlükəsizlik mühitidir:

“Bu gün Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Bu birlik Azərbaycanın gücünü artırır, iqtisadi inkişafına ciddi töhfə verir”.

 

araz.az xəbər portalı.

Mirvari Qəhrəmanlı: “Bir qurumda 12 vitse-prezident olar?”

1625211436 mirvari 2 2

“Ölkədə işsizlərin sayı artır”.

Bunu Reyting.az-a Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

M. Qəhrəmanlı bildirib ki, SOCAR-da işçilərin ixtisarı ilin sonuna kimi davam edəcək:

“1990-cı illərin axırlarında SOCAR-da əmr gəldi ki, işə qəbulu dayandırın, işçilərin sayını azaldın. 2006-cı ildə SOCAR-ın rəhbəri postuna Rövnəq Abdullayev təyin edildi və bundan sonra sanki bu qurumda aləm qarışdı. O zamandan SOCAR-da “ailə idarəçiliyi” başladı.

Hasilat ildə 6 milyon tondur. Neft hasil etməyə 10-15 min adam lazımdır. Amma o qədər işçi götürüblər ki, indi ixtisar etməyə məcburdular.

OPEC+ hasilatı aşağı saldı, 2023-cü ilə qədər yavaş-yavaş artıracaqlar”.

M. Qəhrəmanlı qeyd edib ki, ixtisara salınanlar əsasən fəhlələr və nəqliyyat işçiləridir:

“Baş ofisdə o qədər bir-birini təkrar edən şöbələr var ki. Bir qurumda 12 vitse-prezident olar? Hansı idarə müdirinin yaşı 65-ə çatıbsa, onu müşavir vəzifəsinə keçirirlər, yenə vəzifə, kabinet qalır. Hansı fəhlənin təqaüd yaşı çatırsa, işdən kənarlaşdırırlar. Baxmayaraq ki, qanunvericilikdə belə bir maddə yoxdur ki, təqaüd yaşına az qalmış kimisə işdən azad edəsən. SOCAR deyir ki, ixtisar etmirik. Amma ixtisarlar davam edir”.

M. Qəhrəmanlının hesablamalarına görə, ilin sonunadək SOCAR-da 10 minə yaxın şəxs ixtisar olunacaq: “Bu, proqnozdur, amma indiyə qədər 5 min 600-ə yaxın şəxs ixtisar olunub. Onlar mənim yalan danışdığımı deyəcəklər, çünki hamısına ərizə yazdıraraq proqrama qoşurlar, bunlar isə SOCAR-ın işçiləri sayılmırlar. Artıq yeddinci aya keçib, amma proqrama qoşulanların heç birinə iş təklif etməyiblər”.

 

araz.az xəbər portalı.

18 -dən səhifə 56

Əlaqəli xəbərlər