Milli faciəyə çevirilən intihar

Cəmiyyət mənəvi sarsıntı keçirir
Son statistik məlumatlara əsasən, dünyada hər il orta hesabla 1 milyon 100 min insan intihar vasitəsilə həyatına son qoyur. Əvvəllər intihar hadisəsi bizə nə qədər qəribə gəlsə də, son illərdə artıq bizim ölkədə də intihar hadisələri adi hala çevirilməkdədir. Sovet dönəmində özünü öldürən şəxsə “dəli” damğası vurulur, intihara cəhd edəni isə psixiatrın nəzarətinə alırdılar. Ancaq müasir psixologiya intiharı ağıl çatışmazlığından deyil, əksinə, belə demək olarsa, ağıl çoxluğundan doğmasını iddia edir.

Məyusluq

Yaşamaq arzusu insanın fitri hissidir. İnsan psixologiyası özünüqoruma instinkti üzərində qurulub və hamımızın davranışı məhz bu instinktlə müəyyən olunur. Şəxsiyyətin özünüqoruması instinkti bizim mənliyimizin formalaşmasına və saxlanılmasına, iyerarxiyada özünüqoruma instinkti bizim ictimai fəaliyyətimizdə uğurlar əldə etməyimizə, cəmiyyətdə öz yerimizi tutmağa, növün özünüqoruması instinkti isə nəsil artımına cavabdehdir. Ancaq intihar heç də insanın özünüqoruma instiktinin zəifləməsi demək deyil, əksinə bizi ölümə sürüklüyən elə özünüqoruma hissidir.

İntiharın adətən 3 növünü qeyd edirlər. Həqiqi intihar adlanan hallarda insan öz gərəksizliyini və mənasızlığını “dərk edir”. Adətən həqiqi intihara yeniyetmələr və yaşlı insanlar əl atırlar. İstənilən yeniyetmə yeni həyata qədəm qoyarkən qarşısına sual qoyur: “Həyatı yaşamağa dəyərmi?” Yaşlı nəslin nümayəndələri isə sürdükləri həyatda faydalı olub-olmadıqları barədə özlərinə sual verirlər. Əlbəttə ki, hər iki halda cavab mənfi olduqda intihar riski çoxalır.

İkinci növ intihar nümayişkar adlanır. Adından bəlli olduğu kimi özünə qəsd edən şəxs bununla hansısa fikri çatdırmağa çalışır. Əslində, bu situasiyada intihar bir növ cəmiyyətlə dialoqdur. Özünə qəsd edən yardıma möhtac olduğunu bildirir, insanların diqqətini özünün və özü kimilərinin problemlərinə cəlb etmək istəyir.

İntiharın üçüncü növü gizli adlanır. Gizli intahara əl atanlar anlayırlar ki, öz həyatına son qoymaq elə də şərəfli bir iş deyil, ona görə bir başa ölümə yox, ölümlə nəticələnə biləcək şəraitə üz tuturlar. Məsələn, ekstrimal idman növləri ilə məşğul olurlar, təhlükəli yerlərə səfər edirlər, təhlükəli bizneslə məşğul olurlar və s.

Hər üç halda özünə qəsdetmədə əsas amil mənəvi sarsıntıdır, maddi problemlər yox. Məhz mənəvi boşluqdan doğan məyusluq, ümidsizlik həyatın bundan sonra dözülməz olacağına bizi inandırır və özünümüdafiə instikti intihara yönəlir.

Milli faciə

Bu gün ara-sıra əsgərlərimizin və yeniyetmələrin intiharı barədə səthi xəbərlər gedir. Aydındır ki, istintaq təzə başladığından səbəblər naməlum olur. Ancaq bu məlumatsızlıq axıra kimi davam edir. Belə təəssürat yaranır ki, ya rəsmi qurumlar nələrisə gizlədir (məsələn, əsgərlərə işgəncə verilməsi faktını) və ya müvafiq qurumları vətəndaşların taleyi maraqlandırmır. İsveç İntihar Araşdırmaları Mərkəzinin yaydığı məlumata əsasən, dünyada yeniyetmələr arasında intihar hallarına görə lider Rusiyadır - ilə 2500 nəfər. ABŞ-da bu göstərici 1800-ə bərabərdir, hələ onu nəzərə alaq ki, ABŞ-da hər bir ailənin, məktəbin, bağçanın peşəkar psixoloqu var. Bəzi məluamatlara görə, Azərbaycanda 2008-ci ildə 20 uşaq və yeniyetmə özünə qəsd etmişdi. Qeyd edək ki, Dövlət Statistika Komitəsi intihar hallarının qeydiyyatını aparmadığından dəqiq statistik məlumat vermək çətindir. Hər halda rəsmi strukturlar intihar faktlarını gizlətməklə problemi çözmüş olmurlar, əksinə məsələ daha da dolaşır.

Məsələyə aydınlıq gətirmək istəyən müxtəlif ictimai qurumlar problemi ölkədəki sosial-iqtisadi durumla əlaqələndirirlər. Unutmayaq ki, ölkədəki vəziyyət nə qədər də pis olsa, keçmişə nisətdə daha yaxşıdır. Ancaq keçmişdə bu qədər insan özünü öldürmürdü. Bu gün ordunun maddi-texniki bazası daha da yaxşı olsa nə dəyişəcək? Müasir Azərbaycan gəncini orduda xidmət eləməyə qeyrətin çağırışı yox, işə düzəlmək perspektivi vadar edir. Ən pis halda isə, gəncin pulu olmadığından və ya ali məktəbə qəbul olunmadığından çarəsiz qalıb əsgərliyə gedir. Bu gün ABŞ ordusu qədər mükəmməl şəraiti olan ikinci bir ordu tapmaq çətindir, ancaq fərarilərin sayı ABŞ-da bununla azalmır ki, çoxalır.

Dəyərlərin dəyişməsi

İntihar hallarının çoxalmasını ağır sosial-iqtisadi vəziyyətin üzərinə ata bilərik. Əsgər özünü öldürübsə, deməli ordudakı ağır vəziyyəti yaradanlar günahkardır, gənc gəlin özünü öldürübsə, deməli onun ailəsi pis olub, ailə başçısı özünü öldürübsə buna səbəb ölkə iqtisadiyyatıdır. Bütün tariximizə nəzər salsaq bəlkə də ordumuzun bugünkü vəziyyəti keçmişə nisbətdə ən yaxşı vəziyyətdədir. Nənələrimizdən fərqli olaraq zorla ərə verilən qızlar bu gün müxtəlif instansiyalara şikayət edə bilərlər. O ki qaldı iqtisadiyyata - ən azından daha acınacaqlı feodal dövrdə yaşayanlar bu qədər intihar etmirdilər. Vəziyyət və şərait dəyişməyib, bəlkə də bir çox hallarda daha da yaxşılaşıb. Belə olduqda intihar halları niyə artır? Deməli dəyişən vəziyyət deyil, insanların problemlərə yanaşmasıdır.

İnsanların bu və ya digər problemə yanaşması cəmiyyətdə hakim olan mənəvi dəyərlərlə müəyyənləşir. Deməli, transformasiyaya məsruz qalan şərait yox cəmiyyətimizin malik olduğu dəyərlərdir. Son 25 il ərzində ölkədə gedən proseslərə nəzər salsaq məsələyə aydınlıq gətirmək olar. 80-cı illərdə milli dirçəliş fonunda kommunizmin qələbəsinə inam sarsılmağa başladı və xalq milli-mənəvi köklərinə qayıdış şüarı ilə istiqlaliyyətə üz tutdu. İstiqlaliyyət əldə olunduqdan sonra 90-cı illərdə qərb mədniyyəti və tərz-təfəkkürü hər tərəfdən cəmiyyətə hücum etdi. Sovetlər dövründə “urovnilovka”ya öyrəşmiş və kollektiv şüura yiyələnmiş nəsil kapitalizmin mənfəətpərəstlik və fərdçilik ideyaları ilə üzləşdi. Bəziləri bundan istifadə edib “qabağa getsələr” də, o zamanın orta və gənc nəslinin əksəriyyəti yeni sistemə uyğunlaşa bilmirdilər.

Qərb mədəniyyətinin xüsusiyyətləri ilə milli-mənəvi dəyərlərin daban-dabana zidd olması heç kəsi narahat etmirdi. 90-cı illərdə hələ 70 illik totalitarizmdən sonra əldə ilunan azadlıq eyforiyası yaşanırdı. İqtisadi və sosial yardımlarla birgə qərbdən gələn mədəniyyətin təhlükəsi heç kəsi maraqlandırmırdı. 90-cı illərin eyforiyası yatdıqdan sonra XXI əsrdə oyandıq ki, cəmiyyətimiz o qədər maddiləşib ki, artıq mənəviyyatsız və merkantil bir topluma çevirilmişik, yaranmış mənəvi boşluğu doldurmaq üçün isə artıq heç bir mexanizm qalmayıb. Cəmiyyət öz mənəvi aclığını ödəmək üçün müxtəlif ideologiyalara və təriqətlərə üz tutdu, nəticədə milli vəhdəti təmin edə biləcək bir ideya da qalmadı. Bir sözlə hazırda cəmiyyət, belə demək olarsa, mənəvi sarsıntı keçirir, özü olmaq yox, başqası kimi olmaq məcburiyyətndədir. İnsana məna verən onun ruhudursa, istənilən xalqa da məna verən milli-mənəvi dəyərlərə əsaslanan vahid ideyadır.

Qlobal problem

XIX əsrin sonlarına kimi intihar problemi alimlər tərəfindən araşdırılmayıb. Bu sahədə ilk kompleksli elmi araşdırma aparan alim Emil Dürkgeym olub. Onun 1897-ci ildə yazdığı “İntihar” əsəri də tamamilə bu mövzuya həsr olunmuşdu. Bu cür araşdırmaya ilk dəfə məhz Avropada başlanılması təsadüfi deyil. XIX əsrin sonları XX əsrin əvvəllərində gedən proseslər olduqca maraqlıdır və həmin dövrdə bizim üçün ibrət götürməyə bir çox dərslər var. Sonsuz inqilablar, bir birini əvəz edən müharibələr, iqtisadi keçid dövrü və bununla bağlı bir sıra sosial-iqtisadi problemlər - qeyd olunan dövrdə Avropanın tipik təsviridir. Unutmayaq ki, Avropada sənaye inqilabı və elmin sürətli inkişafı, Avropa ölkələrinin qlobal liderlərə çönməsi elə bu dövrə təsadüf edir. Bir sözlə Avropa keçid dövrü yaşayırdı, heç bir transformasiya isə ağrısız ötmür. Ancaq bu dəfə keçid dövrü inqilab və ya üsyanla deyil intiharlarla müşahidə olunurdu.

Avropa necə idi və nə cür olurdu ki, intihar faktları sosioloqların diqqətini cəlb etməyə başladı? Məsələ orasındadır ki, qoca qitə materializm və vəhşi kapitalizm dövrünə qədəm qoyurdu. Bu özünü həm təbii elmlərdə, həm fəlsəfədə, həm incəsənətdə bir sözlə həyatın bütün sahələrində özünü büruzə verirdi. Artıq yeniləşən Avropada mənfi və müsbət anlayışları arasında sərhədd pozulur, xoşbəxt sonluqlar ümidsizliklə əvəz olunur, xalqın mənfəəti uğrunda vuruşan qəhramanların yerini şəxsi mənfəətini güdən siniklər tutur. Namus, şərəf, vicdan, ailə kimi dəyərləri karyerə və varlanma arzusu əvəz edir. Karyera və zənginlik uğrunda insan mənəvi dəyərləri tapdaq altına qoyurdusa, o artıq qınaq yox, heyranlıq obyektinə çevirilirdi. Maddiləşən cəmiyyətdə əlbəttə ki, mənəviyyata yer olmur. İnsan həyatına əbədi məna və ümid verən yeganə amil isə mənəviyyatdır. Bəli, məhz əbədi. Çünki, sarsılmaz, maddi qanunlara tabe olmayan, insan fitrətinə əsaslanan yeganə substansiya mənəviyyatdır. Qərbdə isə mənəviyyatı da maddi qanunlar çərçivəsinə saldılar, maddi aləmin nisbiliyini mənəvi sferaya da ötürdülər. Ancaq bir şeyi unutdular ki, insan zatən əbədiliyə meyillidir və dəyişməyən, vahid dəyərlərə möhtacdır.

Yaranmış durumdan çıxış yolu axtaran qərb dünyası müxtəlif elmi mülahizələr irəli sürməyə başladı. Yeni yaranmış psixoanaliz və psixologiya insanların çəkdiyi ruhi iztirablara son qoymalı idi, amma gördüyümüz kimi 100 il keçdikdən sonra belə, nə psixoloqlar nə psixoanalitiklər onları həll edə bilmirlər. Əksinə vəziyyət getdikcə gərginləşir, vaxtıla sırf qərbə məxsus intihar xəstəliyi qloballaşma fonunda ümumbəşəri faciəyə çevirilir. Bunu sübut etmək üçün Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatlarına nəzər salmaq kifayət edər - 2009-cu ildə hər gün orta hesabla 3000 nəfər həyatına son qoyub.

Özümüzə inanmalıyıq

Cəmiyyətdə olan mərəzləri müalicə etmək üçün düzgün diaqnoz qoyulmalıdır, yalnız bundan sonra çıxış yolu axtarmalıyıq. Yuxarıda qeyd olunduğu kimi, intihara səbəb ümidsizlikdirsə, ümidsizliyi doğuran özünəinamın olmamasıdır. İnsanın özünəinam hissi güclü olarsa bütün çətin problemlər asanlıqla həll olunar, əksinə özünə inanmayan şəxs cüzi narahatlıqdan belə özünə qəsd edə bilər. İstənilən millətin inkişafının ən əsas zəmanəti özünəinamdır. Cəmiyyət öz gücünə inanmalıdır ki, qarşısında duran problemləri asanlıqla çözə bilsin.

Müstəqillik dönəminə ayaq basmış millətimiz ideal həyat axtarışına çıxdı. Sovetlərin dağılmasından sonra qarşısında heç bir maneə görməyən, öz dəyərlərini rəqibsiz və universal sanan qərbdən ölkəyə yad mədəniyyət idxal olundu. Qərbli həyatı öz forması ilə bizi cəzb etdi, ancaq forma ilə yanaşı biz həyatın mənasını də mənimsədik. Qərb ölkələri bizim üçün o qədər ideal oldular ki, onlarla müqayisə də öz kökümüzü və mədəniyyətimizi naqis bilib inkar etməyə başladıq. Nəticədə isə bəşər tarixinə böyük və əvəzolunmaz töhfə verən bir xalq özünü qüsurlu hesab etməyə başladı, özünəinamı itirdi.

Nədənsə biz digər mədəniyyətlərin nəaliyyətlərini öz mədəniyyətimizdə həll etməkdənsə, özümüzü onlarda həll etməyi üstün tutduq. Bu gün qərbin üzləşdiyi bütün problemlər mənəviyyat çatışmazlığı ilə bağlıdır, daha doğrusu mənəviyyatla maddiyatın uzlaşdırılmamasından. Bu isə qərb mədəniyyətinin köklü nöqsanlarlndan xəbər verir. Biz qərbin buraxdığı səhvlərdən ibrət götürməkdənsə, addım-addım uçuruma gedən ölkələrin dalıca gedirik, onlar kimi olmaq istəyirik. Bu günkü Azərbaycan cəmiyyəti natamamlıq kompleksindən əziyyət çəkən, özündən küsən, ümidsizliyə qapanmış bir insanı xatırladır. Sanki intihar edən bir şəxs kimi çıxış yolu görməyib öz həlakına tərəf gedir.

Salaminfo.az

Əlaqəli xəbərlər